Tarixi saxtalaşdırmaq mümkündürmü?

0
481

Aprelın 24-də ermənilər növbəti dəfə qondarma soyqırımının ildönümünü qəbul edəcəklər. Hər il olduğu kimi, ermənilər bu il də dünyanın müxtəlif bölgələrində qondarma soyqırımının yad edilməsi ilə bağlı çoxlu sayda tədbirlərə əl atmaq niyyətindədirlər. Aprelin 24-də isə Obama öz çıxışında qondarma soyqırımı ilə bağlı məsələyə toxunacaq. Lakin ABŞ mətbuatının yazdığına görə, hər il olduğu kimi, bu il də Obama öz çıxışında soyqırımı ifadəsini işlətməyəcək. Xatırladaq ki, adətən, ABŞ prezidentləri öz çıxışlarında soyqırımı əvəzinə, fəlakət və ya ona alternativ olan ifadədən istifadə edirlər. Bu isə ABŞ-dakı erməni lobbisi tərəfindən narazılıqla qarşılanmaqdadır. Təbii ki, erməni soyqırımının saxta olduğu və bunun hər hansı əsasa malik olmadığı Qərbin aparıcı dairələrinə də məlumdur. Bununla belə, Qərbdə türk düşməni olan ölkələr Ankaraya təzyiq vasitəsi kimi qondarma erməni soyqırımını mütəmadi olaraq körükləməkdə davam edirlər. Məsələnin bu tərəfinə diqqəti cəlb edən tanınmış türk tarixçisi Kemal Karpat “erməni məsələsı”nin 19-cu yüzilliyin 70-ci illərində ortaya çıxdığını xatırladıb. Kemal Karpatın sözlərinə görə, 1877-1878-ci illərdə rus orduları Osmanlı torpaqları olan bugünkü Bolqarıstana daxil olarkən orada xristian bolqarlardan ibarət dövlət qurulması gündəmə gəldi. Lakin həmin ərazilərdə xristian bolqarların müsəlman əhalidən az olması nəticəsində bu niyyəti həyata keçirmək üçün türklərin Anadoluya köçürülməsi, bir hissəsinin isə məhv edilməsi qərara alındı. Nəticədə 300 min nəfərdən çox türk qətlə yetirildi, 1 milyondan yuxarı müsəlman isə yurd-yuvasından zorla qovuldu.
Kemal Karpat yazır: “1878-ci ilin iyun ayında Berlində böyük bir konqres toplandı. O konqresdə Bolqarıstana muxtariyyət verilməsi barədə qərar qəbul edildi. Bundan əlavə, konqres Osmanlı torpaqlarındakı Serbiya, Rumıniya və Qaradağa müstəqillik verdi. Berlin konfransında Batum və Qars, həmçinin Ərdahan Rusiyaya verildi. Bu, Osmanlı üçün dağılma dövrünün başlaması demək idi. Belə bir vəziyyətdə erməni millətçiləri də bolqarlar kimi müstəqil və ya muxtar bir ölkə qurmağın mümkün olduğunu gördülər. Berlin konqresindən az sonra onlar Avropaya müraciət etdilər. Müraciəti qələmə alan erməni kilsəsinin lideri yazırdı: “Anadoluda 2,5 milyon nəfər erməni vardır, onlar da müstəqillik istəyir, onlara da müstəqillik verin və müstəqil bir Ermənistan qurulsun. Berlin konfransında ermənilərin yaşadıqları Şərqi Anadolu bölgəsində islahatlar keçirilməsi barədə qərar qəbul edildi. Bu islahatlara nəzarət etmək üzrə məsuliyyət İngiltərənin üzərinə qoyuldu. Bir məsələni də deyim, ermənilər yaşayan ərazilərdə islahatlar keçirmək təşəbbüsü İngiltərədən gəlmişdi. Erməni probleminin əsası məhz Berlin konqresində qoyuldu”.
Amma həmin dövrdə Anadoluda ermənilərin kompakt halda yaşadıqları ərazilərdə onların sayı az olduğundan erməni patrikləri siyahıyaalma zamanı saxtakarlığa əl atmış, bu yolla əhalinin sayının 2,5 milyon nəfər olduğunu göstərərək Qərbi aldada bilmişdilər.
Osmanlıdakı İngiltərə səfiri Goschen də ermənilərin sayının çox göstərilməsindən şübhələnmişdi. Ona görə də o, Şərqdəki ingilis konsulluqlarına təlimat vermişdi ki, Anadoluda 2,5 milyon nəfər erməni yaşaması məsələsini araşdırsınlar. Onlar da araşdırdılar və ona bir hesabat göndərdilər. Hesabatda ermənilərin sayı 1,4 milyon göstərildi. Goschen də bundan şübhəyə düşdü. Bəs 1 milyon erməni hara oldu? Səfir bunu Türkiyədəki erməni patrikliyindən soruşdu. Erməni patrikliyi də ona yazılı şəkildə cavab verdi ki, biz ermənilərin sayını çox göstərmək üçün onları iki dəfə saymışıq. Məsələn, Sivas vilayətində siyahıya aldığımız ermənilərin sayını Ərzurumda siyahıya aldığımız ermənilərin siyahısına əlavə etmişik. Üstəlik, biz köçəri türk-müsəlmanları saymadıq. Yalnız oturaq həyat keçirən müsəlmanları siyahıya aldıq”.
Kemal Karpatın araşdırmaları zamanı tarixi sənədlər əsasında Sultan Abdulhəmid dövründə ermənilərin kompakt halda yaşadıqları 6 vilayətdə siyahıyaalma keçirildiyi və orada ermənilərin sayının 1,2 milyon nəfər olduğu məlum olub. Bu da ingilislərin siyahıyaalması ilə, demək olar ki, üst-üstə düşür. Ona görə də ermənilərin iddia etdiyi kimi, 1915-ci ildə həyata keçirilən köçürülmələr zamanı 1,5 milyon nəfər ermənin öldürülməsi barədə iddialar gülünc təsir bağışlayır və hər hansı faktlara söykənmir.
1915-ci ildə Şərqi Anadolunun rusların işğalı altında olduğunu xatırladan Karpat həmin dövrdə 1 milyon erməninin rus ordusu ilə birlikdə bölgəni tərk etdiyini deyir. Kemal Karpat:
“Rusiyanın mənbələrinə baxsaq, əvvəllər Yerevanda 40-50 min nəfər erməni olduğu göstərilir. 1927-ci ildə keçirilən siyahıyaalmada isə ermənilərin sayı 1 milyondan yuxarı göstərilib. Onların hamısı Anadoludan köç edən ermənilərdir. 1915-ci il köçürülməsi zamanı aclıq, xəstəlik, həmçinin kürdlər tərəfindən edilən hücumlar nəticəsində ölən ermənilərin sayı 130-150 min nəfərdən yuxarı deyil. Amma Anadoludan ermənilərin hamısı köç etmədi. 100-200 min erməni Anadoluda qaldı. Onların bir qismi müsəlmanlığı qəbul etdi. İstanbuldan da ermənilər heç yerə köçüb getmədilər”.
Bununla belə, II Dünya müharibəsindən sonra Qərblə SSRİ arasında “soyuq müharibə”nin başlaması, bu müstəvidə qondarma erməni soyqırımını gündəmə gətirilməsinə yol açdı. Məqsəd isə bu yolla Türkiyəyə təzyiqlər göstərmək, onun inkişaf edərək güclü və qüdrətli dövlətə çevrilməsinə imkan verməmək idi. Bu baxımdan Qərbin özündə SSRİ-nin körüklədiyi qondarma erməni soyqırımının dəstəkləyən ölkələr tapıldı. Bu məsələdə erməni lobbisi xüsusi canfəşanlıq göstərməyə başladı. SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən ələ alınan erməni lobbisi bu məsələyə Qərbin aparıcı dövlətlərinin diqqətini cəlb etməyi bacardılar. Necə deyərlər, ötən əsrin 60-70-ci illərində SSRİ-nin agentləri qismində çıxış edən erməni lobbisi tərəfindən Qərbdə qondarma erməni soyqırımı ətrafında ajiotaj qaldırıldı. Nəticədə bəzi Qərb ölkələrində antitürk ovqatı hakim olmağa başladı. Halbuki tarixdə erməni soyqırımının olmadığı və bunun uydurma faktlara söykəndiyi Qərbin nəinki vicdanlı tarixçilərinə, həm də siyasi dairələrinə çox yaxşı məlum idi. Tarixdə hər hansı erməni soyqırımının olmadığını 1915-ci ildə erməni qətliamının baş vermədiyini ABŞ-ın o dövrdəki İstanbuldakı ali komissarı Mark Lambert Bristolun “erməni məsələsi” ilə bağlı araşdırmaları da sübut etməkdədir.

Mark Lambert Bristoldan soyqırımı iddiasına zərbə
Aldığı təlimata uyğun olaraq, “erməni məsələsi”ni öyrənmək üçün ABŞ hərbi-dəniz donanmasının kontr-admiralı, ABŞ ali komissarı Mark Lambert Bristol 1921-ci ildə Misir, Fələstin, Suriya və Kilikiyaya səfərə çıxdı. Səfər 1 aydan çox davam etdi. O, səfər zamanı görkəmli misirli xadimlərlə və yəhudilərin nümayəndələri ilə görüşdü. Səfərinin yekunları barədə 1921-ci il martın 28-də ABŞ Senatının Xarici Missiyalar üçün Xüsusi Səlahiyyətli Şurasına, doktor Ceyms L. Bartona bir məktub göndərdi. O, Kilikiyadan ermənilərin Fransa tərəfindən çıxarılmasını doğru hesab etmirdi. Yazırdı ki, ermənilərin ciddi səhvlərindən biri, türklər hakimiyyətə gəldikdən sonra onların hay-küyə düşmələri və Kilikiyadan kütləvi şəkildə getmələridir. Onun fikrincə, ermənilər üçün orada qalmaq yaxşı olardı və türklər onlara həqiqi haqlarını verməyə məcbur olardılar. Ermənilər qalsaydılar, türklərə təsir etmək də olardı və ermənilər getməyə başladıqda bu, türkləri təkcə qorxudan deyil, həmçinin ölkədən sürgün etmək istəyindən onlara hücuma vadar edərdi, lakin əgər ermənilər Kilikiyada qalsaydılar, Avropa və Amerika türklərə ən kiçicik mənəvi təsir etsəydi, türklərə qarşı ötən ildə fəal çıxış etməyən ermənilər üçün yaxşı olardı. Mark L.Bristol Qafqazda türklər tərəfindən minlərlə erməninin öldürülməsinə dair məlumatların ABŞ-da yayılmasına da münasibət bildirərək yazırdı ki, ermənilər qanın töküldüyünü deyirlər. Lakin Yaxın Şərqə Yardım Təşkilatı və Amerikadakı şəxslər ermənilər haqqında məlumatların tamamilə yalan olduğunu deyirlər. Ali komissar qeyd edirdi ki, bu qədər saxta məlumatların təkzib edilmədən ABŞ-da yayılması qanunun kobud şəkildə pozulmasıdır və ermənilərin özlərinə faydadan çox, ziyan gətirir. Ali komissarın fikrincə, amerikalılar erməniləri bütün bunlardan əl çəkməyə sövq etməli idilər, yalnız ona görə yox ki, bunlar doğru deyildilər, həm də ona görə ki, bununla onlar özlərini yaralayırlar.
qagAli komissar İstanbuldan ABŞ nümayəndəsi doktor Makkeynin Vaşinqtona göndərdiyi məlumatlardan heyrətləndiyini yazırdı. O, Makkeynin göndərdiyi məruzəyə diqqət edərkən onun ermənilər tərəfindən göndərilən məlumatlardan ibarət olduğunun şahidi olmuşdu. Lakin Makkeynin Vaşinqtona göndərdiyi teleqramda məruzənin ermənilərə məxsus olduğu qeyd edilməmiş, ermənilərə məxsus olan məlumatlar amerikan məlumatı kimi verilmişdi.ABŞ ali komissarı Mark Lambert Bristol yazırdı ki, həm ermənilər, həm də biz şişirdilmiş məlumatlar verməklə ermənilər üçün ən pis iş görürük. O, sual edirdi: bütün münasibətlərdə ermənilər haqqında həqiqəti nəyə görə deməyək? Gəlin qalxaq və sadəcə deyək: ermənilər kimdir və nəyə görə onlara rəğbət bəsləyirik və nəyə görə onlar üçün bütün mümkün olanları edirik, bu, həmin insanların gələcəyinə yaraşır. Ali komissar yazırdı ki, mən inanıram, bizdə insanların çoxu inanır ki, ermənilər öz fəaliyyətlərində və düşüncələrində xristianlardır və özlərini idarə etməyə qadirdirlər. Lakin ali komissar “ədalətə cinayət yolu ilə nail olmağa inana bilmədiyini” yazırdı. Onun fikrincə, amerikalılar ermənilərin yaydıqları bu saxta məlumatları rədd etmədikcə və qalxıb erməni məsələsi haqqında həqiqətləri demədikcə, onlar da bu saxta məlumatların yayılmasının iştirakçısı olurlar.
Ali komissar yazırdı ki, mən tənqidçi olmaq istəmirəm. Biz də canlı adamlarıq. Ermənilərin əzablarından danışarkən insani instinktlərimiz bizdə amerikan ideyası olan “ədalətli oyun” ideyasını qaldırır və biz erməni xalqının zəifliyini unuduruq, hətta onu gizlətməyə çalışırıq, təki onları türk zülmündən xilas edək. Ali komissar Ermənistana istiqrazlar ayrılmasının əleyhinə idi. O mövcud şəraitdə ermənilərə hər hansı bir kreditin ayrılmasını səhv hesab edir, ABŞ-ın müstəqil vahid kimi Ermənistanın yaradılması və onun xarici təcavüzdən qorunması üçün dəstə və vəsait ayırmayınca, amerikan nəzarəti altında Ermənistana hər hansı maddi yardıma inanmırdı. Yazırdı ki, biz artıq Ermənistana 50 milyondan yuxarı vəsait vermişik və bu pullar ortada yoxdur. Ona görə də ali komissar mövcud şəraitdə yeni vəsaitin ayrılmasının əleyhinə çıxırdı. Yazırdı ki, daha bir ssuda küləyə atılmış vəsait olacaqdır.
M.Bristol ermənilər içərisində güclü bolşevik meyillərinin olduğuna diqqəti cəlb edərək vurğulayırdı ki, ordu zabitləri qəlbən bolşevikdirlər. O, “mən yazmışdım ki, Ermənistan bolşevikləşdiriləcəkdir, bu, yalnız zaman söhbətidir. Ermənistan bolşevik oldu, Rusiya təbliğatına baxmayaraq, onu heç kim buna məcbur etmirdi. Ermənistan bolşevik liderləri bir partiyanın, daşnaklar digər, milli demokratlar isə tamam başqa bir partiyanın üzvləridir. Mənə qaldıqda bu müxtəlif partiyaların liderləri arasında heç bir ciddi fərq görmürəm. Daşnaklar hakimiyyətdə olarkən kürdlərin, türklərin və azərbaycanlıların üzərinə hücum etmək üçün dünyada nə varsa onu etdilər; müsəlmanlar üzərində zorakılıq etdilər; Qafqaz Ermənistanı əhalisinin xeyli hissəsini təşkil edən malakanların nümayəndəliyinə heç bir şərait yaratmadılar; müsəlmanları öldürdülər və onların evlərini dağıtdılar; nəhayət, türklərin üzərinə hücuma keçdilər. Bu da sonuncular tərəfindən cavab hərəkətlərinə gətirdi. Və o zaman ermənilər hər şeyi atdılar və qaçdılar, hətta öz arvadlarını və uşaqlarını qorumaq üçün dayanmadılar”, – yazırdı..
Ali komissar ermənilərin Qarsda törətdikləri hərəkətlərə də diqqəti cəlb edirdi. Yazırdı ki, onların Qarsdakı hərəkətləri amerikalılarda tamamilə nifrət yaratdı. Son iki il ərzində Qafqazda ermənilər özlərini idarə edə bilmədiklərini, xüsusən hakimiyyətləri altında olan milli azlıqları idarə etmək və onlarla keçinmədiklərini qəti şəkildə göstərdilər. Ali komissar yazırdı ki, İstanbulda olduğum iki il müddətində Qafqazda olmuş çoxlu amerikalı ilə görüşdüm, onların arasında ermənilərin özlərini idarə etməyə qadir olduqlarını təsdiq edən bir nəfər tapmadım. Ermənilərlə işləyən amerikalıların çoxu onlara nifrət edərək, iyrənərək oradan gəlmişlər. Ali komissar yazırdı ki, mən ermənilərə nifrət etmirəm, lakin əhalisinin 25%-dən azının ermənilər olduğu Ermənistanda müstəqil dövlət yaradılması ideyasına inanmıram. Əlavə edirdi ki, ermənilər özlərini idarə edə bilmirlər və onların heç bir zaman digər xalqları da idarə etməsinə yol vermək olmaz, və şübhəsiz, hər hansı bir xalq əgər ermənilərin hakimiyyəti altında olacaqsa, onlar erməni zülmünə və zorakılığına məruz qalacaqlar.
M.Bristol o vaxtadək ABŞ-ın bu məsələyə münasibətdə yürütdüyü siyasəti doğru hesab etmir, Ermənistan üzərində Amerika mandatı qurulmayınca maddi yardımın ayrılmasını pulların itirilməsi sayaraq misal gətirirdi: iki il ərzində biz işsiz ermənilər üçün ictimai işlərə pul ayırdıq və un almaq üçün 50 milyon dollar verdik. Bu nəhəng vəsaitdən nə çıxdı? Nankorluqdan başqa heç nə. Mürəkkəb vəziyyət yaranan kimi Ermənistanda olan ən böyük dostlardan biri, hansı ki, ona ən fəal yardım edilmişdi, şəxsi mühafizəsi üçün Türkiyəyə müraciət etməyə məcbur oldu. Belə bir fakt yaxşı məlumdur ki, ermənilərə yardım haqqında proqramın lap başlanğıcından erməni hökumətinə aclıq çəkənlərə yardım üçün verdiyimiz un və ərzaq yüksək rəsmi adamlar tərəfindən mənimsənildi və şəxsi rifahları üçün satıldı. Ermənistan bolşeviklər tərəfinə keçdikdə isə borclarını ödəməkdən imtina etdi. Bu borclardan birini, unun dəyərində biz onlara söz verdikləri üçün verdik, lakin onlarda heç bir öhdəlik yoxdur. Bizim hissələrimiz və xalqa inam əsasında verdiyimiz istiqraz sonda bizim özümüzə qarşı yönəldi.

Ali komissar qeyd edirdi ki, siz məndən çox, Avropa dövlətlərinə inanırsınız. İndiyədək Avropa ölkələri dünyanın bu hissəsində heç bir milləti qorumayıblar. Onlar öz maraqlarını güdüblər. Əgər ABŞ Ermənistanın sərhədlərini qorumaq üçün təminata girsə, onda bu, ABŞ-ın Avropanın qalmaqallı işlərinə qarışması üçün ən yaxşı üsul olar. M.Bristol bildirirdi ki, Sevr müqaviləsi heç kim tərəfindən təsdiq edilmədiyi üçün müstəqil siyasi vahid kimi Ermənistan da mövcud olmamışdır. Ermənistanın sərhədləri bu müqavilənin təsdiqindən asılı idi. Bu müqavilə isə həyata keçmədi. Həmin sərhədlərin müəyyənləşdirilməsi türk millətçilərinin Ermənistan üzərinə hücumuna gətirdi. Ermənistan yenə də ən xoş xəyallardan əziyyət çəkdi. Ali komissar yazırdı: “Siz görəcəksiniz, sonda Avropa dövlətləri ermənilər üçün heç bir şey etməyəcəklər”. Onun fikrincə, ABŞ Avropa dövlətləri ilə sövdələşməyə deyil, Yaxın Şərqin bütün xalqlarının xeyrinə olan siyasi xətt ilə çıxış etməli idi. Daha sonra qeyd edirdi ki, əgər biz bu siyasəti iki il əvvəl qəbul edib, həyata keçirsəydik, onda çox şeyə nail olardıq. Ali komissar bunun hələ gec olmadığına inanırdı.
ABŞ ali komissarının fikrincə, Yaxın Şərq çirkab quyusu idi. Bu quyu azad edilməli və təmizlənməli idi. Bu ərazinin müəyyən bir hissəsində Ermənistanın yaradılması və yunanların məskunlaşdırılması ideyası Yeni Türkiyənin yaradılması ilə bir çirkab quyusunun əvəzində üç yeni çirkab quyusunun yaradılması demək olardı. Ali komissar Yaxın Şərqə dair baş xətti qəbul edib, ona uyğun hərəkət etməyi tövsiyə edirdi. Onun fikrincə, əgər ABŞ Osmanlı İmperiyasının hər hansı bir hissəsində Ermənistanın müstəqilliyi üçün məsuliyyət götürərdisə, onda amerikalılar öz hərəkətlərinə heç bir zaman bəraət qazandıra bilməzdilər. Ali komissar qeyd edirdi: “Çünki belə prosedur qanuna və ədalətə əsaslanmır”.
M.Bristol İngiltərənin Baş Naziri Lloyd Corcun “Mustafa Kamal qiyam qaldırıb və qiyamçıdır” fikirləri ilə razılaşmayaraq göstərirdi ki, ola bilsin, o, ciddi və məhdud mənada qiyamçıdır, lakin məhz müttəfiqlərin fəaliyyəti türkləri qiyama qaldırdı. O yazırdı ki, mən türklərin hərəkətlərinə bəraət qazandırmıram, lakin əgər siz türkləri öyrənərək onları öz nəzarətinizdə saxlamaq istəyirsinizsə, onda onları hiddətləndirməyin, qəzəbləndirməyin, səhnədəki vəhşi buğa kimi qızdırmayın.
Nəzərdən qaçırmayaq ki, bu fikirlər yazılarkən Türkiyə ərazilərinin bir hissəsi və İstanbul işğal altında idi, türk xalqı Antanta ölkələrinə qarşı Mustafa Kamal paşanın rəhbərliyi altında istiqlal müharibəsini aparırdı. Mark Lambert Bristol isə müttəfiqlərin İstanbulda oturan ali komissarı idi.

Əziz Mustafa