Tarixi-mədəni sərvət: Şuşanın gözəlləşən siması

69

2022-ci il: “Şuşa ili”:  Azad Şuşa xoşbəxt günlərini  yaşayır

Prezident İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin «Şuşa ili» elan olunması  qədim mədəniyyət paytaxtımıza marağı daha da artırıb.  Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi,
Şuşa şəhərində də bərpa-quruculuq  işləri davam etdirilir.  Artıq fəaliyyət göstərən otellərlə bərabər beşulduzlu otel tikilir, tarixi abidələr  təmir edilir, daimi iş yerləri açılır. Şəhərin enerji ilə təchizatı istiqamətində işlər davam etdirilir, yol-nəqliyyat infrastrukturu yenilənir.  Şuşaya səfər etmək istəyənlərin arzuları nəzərə alınaraq avtovus marşrutları açılıb. Dağıdıcılığı, vəhşiliyi həyat tərzi seçən Ermənistandan fərqli olaraq  quruculuğa, inkişafa hesablanan siyasəti ilə fərqlənən respublikamızda, o cümlədən  işğaldan azad edilmiş ərazilərdə  həyata keçirilən  bərpa-abadlıq işləri
Şuşanın da simasını dəyişir. Azad Şuşada həyat dirçəlir mədəniyyət paytaxtı kimi, festivallara, poeziya günlərinə, beynəlxalq  tədbirlərə ev sahibliyi edir. Quruculuq işləri Prezident İlham Əliyevin «Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”» sözlərinin reallığıdır.

Mədəniyyət paytaxtımızın 270 illiyinə həsr olunmuş tədbirlər  erməni vandalizminin dünya  ictimaiyyətinə çatdırılması baxımından da vacibdir

 

Tam əminliklə demək olar ki,  mədəniyyət paytaxtımız  Şuşa  dünya hadisələrinin müzakirə olunduğu siyasi  mərkəz kimi də tanınır. Cari ilin arxada qalan aylarında  Şuşada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin hər biri   İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərimizin təntənəsi, dünya ictimaiyyətinə çatdırılmasıdır.

1992-ci ilin mart ayında BMT-yə üzv olan Azərbaycanın  mədəniyyət paytaxtı  Şuşa  həmin hadisədən iki aydan sonra Ermənistan tərəfindən zəbt edildi.  Qurumun qəbul etdiyi 4 qətnamədə   Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də,  dünyada ikili standartların söz sahibi olması,    Ermənistana göstərilən dəstəyin  artması nəticəsində   torpaqlarımız 30 il işğal altında qaldı. 44 gün davam edən Vətən müharibəsində  ərazilərini işğaldan azad edən Azərbaycan eyni zamanda, BMT-nin həllini gözləyən qətnamələrindən irəli gələn vəzifələri  öz gücünə yerinə yetirdi.  Bütün rayonlar kimi Şuşa da işğaldan azad olundu.  Bu baxımdan  Azərbaycan-BMT diplomatik  münasibətlərinin 30 illiyinə həsr  edilmiş toplantının Şuşada keçirilməsi ölkəmizin diplomatik uğurları olmaqla, həm də rəmzi məna daşıyır.

Tarixi və siyasi əhəmiyyəti ilə seçilən, dünyanın 65 ölkəsini təmsil edən 400 nümayəndənin iştirak etdiyi Dünya azərbaycanlılarının V Zəfər qurultayının Şuşada keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində diaspor təşkilatlarının qarşısında duran vəzifələrin müzakirəsi, faydalı təkliflərin səslənməsi  xalqımızın birlik və həmrəyliyinin nümunəsi idi. «Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə,  Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır» sözləri ilə  soydaşlarımıza müraciət edən, Ermənistan üzərində Qələbəmizi Azərbaycan xalqının həmrəyliyinin  nəticəsi adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi,  Şuşa   mühüm tədbirlərin keçirildiyi məkan olmaqla, gözəlliyi, füsunkarlığı ilə də qonaqlarını heyran edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə bir qrup diaspor nümayəndəsinin  iyulun 26-da Şuşaya səfəri Zəfər qurultayının davamı olmaqla çox əhəmiyyətli idi. «Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!”» layihəsi çərçivəsində beşinci dəfə həyata keçirilən səfərdə 27 ölkədən 130 diaspor nümayəndəsi iştirak edib. Səfər zamanı  mədəniyyət paytaxtımızın baş meydanı «Bazarbaşı”nı», Cıdır düzünü, erməni vandalizminə məruz qalmış güllələnmiş heykəllərin nümayiş olunduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət edən diaspor nümayəndələri , postmüharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olmuş,  bərpa-quruculuq işlərində  iştirakla bağlı  təşəbbüslərini  bildirmişlər.     «Şuşa ili»nə təsadüf edən, Azərbaycanda fəaliyyət göstərən diplomatik  korpus nümayəndələrinin, çoxsaylı qonaqların, xarici jurnalistlərin Şuşa səfərlərinin  hər biri ölkəmizin siyasi, iqtisadi qüdrətinin, tarixinin, milli- mənəvi sərvətlərinin təbliği baxımından çox əhəmiyyətlidir.

Ümummilli lideri Heydər Əliyev iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib.  Şuşanın işğal altında qalması səbəbindən söz, sənət bayramı olan Poeziya Günləri başqa bölgələrdə təşkil olunub . Torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin diqqət və  qayğısı sayəsində  Vaqif Poeziya Günləri, «Xarıbülübl» festivalı da bərpa olundu. Artıq iki ildir ki, bu möhtəşəm tədbirlər  Şuşanın əsrarəngiz Cıdır düzündə keçirilir.

Şuşa ilində yaddaqalan hadisələrdən biri də  Azərbaycanın sədrlik etdiyi Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin konfransının keçirilməsi idi. Konfransda çıxış edən  Prezident İlham Əliyev  bildirdi ki, parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstək qazanan yeganə təşəbbüs deyil: «Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.»

Bütün təşəbbüsləri  reallaşan Prezident İlham Əliyevin bu çağırışı da  bəyənildi və  həllini tapdı.    Qoşulmama Hərəkatına  üzv ölkələrin gənclərinin iştirakı ilə mədəniyyət paytaxtımızda keçirilən   Sammitdə   Şuşa Akkordu (Şuşa razılaşması) kimi yazılan, QH Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu əlamətdar  hadisə olmaqla,  Şuşanın adının təsisatdan təşkilata çevrilən qurumun tarixinə əbədi yazıldı. Prezident İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində Parlament Şəbəkəsinin yaradılmasından sonra ikinci mühüm hadisə  olan  Gənclər Təşkilatının yaradılmasının vacibliyini «Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək» sözləri ilə ifadə edən dövlət başçımızın vurğuladığı kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin sonuna kimi uzadılması ölkəmizə  etimad və fəaliyyətimizin qiymətləndirilməsidir.

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan «TEKNOFEST» festivalının” qardaş Türkiyə ilə yanaşı ilk dəfə respublikamızda keçirilməsi, azərbaycanlı gənclərin ən müasir  texnologiyaların təbliği və inkişafı, innovativ və texnoloji nailiyyətlərlə tanış olması,  iştirakçıların bu sahədə maarifləndirilməsi naminə keçirilən  seminarlar,  yarışlar,   sərgilər «Şuşa ili»nə töhfə idi. «TEKNOFEST Azərbaycan»” festivalı çərçivəsində ilk dəfə olaraq azərbaycanlı  məktəblilərlə, tələbələrlə birgə avropalı nümayəndələrin də iştirakı ölkəmizə marağı artırdı.   Festival iştirakçılarının Şuşaya səfərləri də maraqlı oldu. Gələcəkdə bu festivalın Şuşada və Qarabağın digər ərazilərində keçirilməsi ilə bağlı  təkliflər irəli sürüldü.

«Şuşa ili» təkcə mədəniyyət paytaxtımızda deyil, respublikamızın bütün bölgələrində  qeyd olunur. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar tədbirlər keçirilir,  ekskursiyalar təşkil olunur.

2020-ci ilin 8 noyabrında «Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir!  Qarabağ Azərbaycandır!» sözləri ilə xalqa müraciət edən Prezident İlham Əliyevin səyi ilə təkcə Azərbaycanın deyil, bütün   türk dünyasının mədəniyyət paytaxtı adlandırılan Şuşa   azad  olduğu qədər də, xoşbəxt günlərini yaşayır.

İki sahil”