Tarix keçmişdən gələcəyə uzanan işıq kimidir

531
Son dövrlərdə mətbuatımızda Türkiyə haqqında bir-birinə zidd yazılar yer almaqdadır. Bəzi yazarlar regionun qarışdığı bugünkü mürəkkəb vəziyyətdə hər addımda Türkiyə ilə yanaşı olmağın faydasından bəhs edərkən, bəziləri də balanslaşdırılmış siyasət yürütməyi təklif edirlər. Şəxsən mənim üçün xoşdur ki, bütün həlledici məqamlarda Azərbaycan iqtidarı Türkiyə ilə ortaq qərarın tərəfdarı kimi çıxış edir.
Türkiyənin Azərbaycan üçün nə qədər böyük nemət olduğunu bilmək üçün dönüb, uzaq demirik, yaxın tarixə baxmaq kifayətdir. Vicdanlı tarixçilər birmənalı şəkildə təsdiq edirlər ki, əgər XX əsrin əvvəllərində Qafqaz İslam Ordusu gəlməsəydi, nə Azərbaycan Demokratik Respublikasının qurulması, nə də bugünkü xəritəmizi təyin edən o vaxtkı sərhədlərin çəkilməsi mümkün olacaqdı. Tarix hər şeyi açıq-aydın göstərir, Tiflisdə elan olunan Azərbaycan Demokratik Respublikası məhz Türk İslam Ordusunun birbaşa və hərtərəfli dəstəyi ilə təşkilatlanaraq, əvvəlcə, Gəncəyə, oradan da minlərlə can bahasına Bakıya köçürülüb. Elə bilirəm ki, bu mövzuda ən təmiz, qarışıqsız və səmimi bilgiləri Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından oxuya bilərsiniz. Biz tarixi öyrənməliyik ki, gələcək addımlarımızda xətalara yol verməyək. Əgər diqqət yetirmisinizsə, Azərbaycan Demokratik Respublikasının Dövlət Himni ətrafında müxtəlif səpkidə mübahisələr mövcuddur. Əvvəla, bu himnin sözlərinin müəllifi mübahisəlidir, digər tərəfdən, orada bəzi misraların anlaşılmaz, çətin olduğu üçün dəyişməsini təklif edənlər var. Bizim məqsədimiz mübahisələrə qatılmaq deyil. Sadəcə o qənaətimizi ortaya qoymaq istəyirik ki, himnimizi də həmin Qafqaz İslam Ordusu ən qısa müddətdə ortaya qoymaq üçün çalışmalara baş vurub və bu gün anlaşılmaz dediyimiz o misralar da məhz həmin həqiqətin “yadigarıdır”. Bayrağımızın atributlarının seçilməsində də Osmanlı izi aydın görünməkdədir, sadəcə, bilməyənlər üçün xatırladaq ki, ilk bayrağımızda İslam rəngi sayılan yaşıl aşağıda yox, ən yuxarıda olub.

Türkiyənin Azərbaycana olan səmimiyyətini isbat eləmək üçün yeni dəlillərə lüzum yoxdur. Sadəcə, Türk-İslam Ordusu ilə minlərlə türkiyəli bu coğrafiyaya gəlmiş, şəhid olmuş, qalıb bizlərə qatılmışdır. Xalq sovet hakimiyyəti illərində o məzarlara böyük hörmət göstərmiş, gizli də olsa onları ziyarət etmişdir. O şəhid məzarları bizə çox böyük, çox dəyərli əmanətdir. Bu gün Azərbaycanın rayon və kəndlərində Qafqaz İslam Ordusu ilə gəlmiş və burada qalmış insanların  nəvə-nəticələrinə rast gəlmək mümkündür.

II Dünya müharibəsi zamanı Ahıska türklərinin deportasiyasından sonra azərbaycanlıların da köçürülməsi planı və Stalinlə Bağırov arasında baş vermiş o məşhur dialoq hamımıza məlumdur. Yəni bir daha o həqiqəti xatırlatmaq istəyirik ki, Türkiyənin varlığı Azərbaycanın varlığının qarantıdır.

Önümüzdə misilsiz imkanlar var. Biz bu tarix dilimində üzümüzə açılmış imkanlardan gücümüz yetdiyi qədər bəhrələnməli, əlaqələrimizi günbəgün gücləndirməliyik. Türkiyənin Xocalı soyqırımına bu qədər diqqət ayırması və onun dünyada tanınması üçün göstərdiyi cəhdlər, əlbəttə, səmimiyyətin, qardaşlığın nişanəsidir. Biz, əvvəlcə, dərdlərimizi paylaşmağı öyrənməliyik ki, sevincimizi də bölüşməyi bacaraq.

“Tarix təkrarlardan ibarətdir” deyiblər. Yəni yaşadıqlarından düzgün nəticə çıxarmasan, eyni bəla dönüb-dolanıb yenidən başına gələr. Biz tarixi düzgün oxumalı, öyrənməliyik ki, dostumuzu düşmənimizdən ayıraq, keçmişimizə baxıb gələcəyimizi düzgün qura bilək, ayağımızı minanın üstünə basmayaq. Tarix keçmişdən gələcəyə uzanan işıq kimidir və biz o işığın aydınlığında öz həqiqətlərimizi öyrənərək, dostumuzu düşmənimizdən ayıraraq qərar qəbul etməliyik. Bunu bacarmayan toplum məhvə məhkumdur. Vəssalam.