Tanış motivlərə özünəməxsus münasibət olanda

0
370

“Naxçıvanda yaşayıb-yaradan Məmmədəli Ələkbərov 1977-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. Bu vaxta qədər onun 24 fərdi sərgisi keçirilib. Qaradaş Türkiyədə və doğma Naxçıvanda baş tutan bu təqdimatlar sayəsində o, özünün ruhunda daşıdığı yaradıcı potensialı həmkarlarına və tələbkar sənətsevərlərə nümayiş etdirə bilib”. Məmmədəli Ələkbərovla bağlı söhbətini davam etdirən Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev daha sonra dedi ki, onun bir qərinəni ötən yaradıcılığı həm janr, həm də mövzu rəngarəngliyi ilə diqqət çəkir: “Əgər onun yaradıcılığını müəyyən janr çərçivəsində dəyərləndirməli olsaq, onda ilk növbədə süjetli tablolarınıdan söz açmalıyıq. Rəssamın bu janrda yaratdığı əsərlər bütünlükdə müəllifin milli kökə, mənəvi-fəlsəfi dəyərlərə bağlılığını əks etdirir. Bu lövhələrdə qədim Naxçıvan torpağının rəmzinə çevrilən İlandağın və Mömünə Xatın türbəsinin tərənnümü də Cavid-Bəhruz yurdunun müasir insanlarına, onların fəaliyyətinə, qayğılarına və yaşantılarına münasibət kontekstində baş tutub”.

Ziyadxan müəllimin sözlərinə görə, onun tablolarının əksəriyyətinin qəhrəmanlarının qadınlardır: “Onun çox müxtəlif rakurslarda, isti-soyuq rənglər “burulğanında” təqdim etdiyi qadınlar cəlbedici olmaqla, həm də təzadlı ovqat daşıyıcılarıdırlar. Süjetli tablolarında kişi obrazları nə qədər az olsa da, onların məna-məzmun daşıyıcılığını əsasən yaradıcı insanlara yönəldən rəssam özünün və dahi Cavidin yaşantılarına tutduğu bədii-fəlsəfi “güzgü”də onları yaratdıqları “dünya” ilə baş-başa təsvir etməklə, mənəvi-yaradıcı yükü paylaşmağın ağırlığını göstərməyə səy göstərib. Onu da deyim ki, Məmmədəli Ələkbərov süjetli tablolarında nə qədər tamaşaçını düşündürməyə meyllidirsə, mənzərələrində bunun əksinə olaraq daha çox seyrçini duyğulandırmaq istəklidir. Onun mənzərələrində sadəcə təbiətdəki rənglərin surəti çıxarılmayıb, əksinə, görünənlərdən onların ya artıq itirdiklərinin, ya da qazana biləcəklərinin qürurdoğurucu obrazı yaradılıb. Bütünlükdə doğma yurdun tərənnümünə yönələn bu motivlər əslində rəssam təxəyyülü ilə obraz səviyyəsinə yüksəldiyindən həm diqqətçəkən, həm də duyğulandırıcıdırlar… Bu baxımlılığı şərtləndirən başlıca səbəb rəssamın tanış motivlərə özünəməxsus münasibətinin olmasıdır”.