Tanınmayan diplom

527

Bakı şəhər sakini Seyidli Mirsahib Nuru oğlu ötən gün “Zaman-Azərbaycan” qəzetinə məktub göndərib.

Məktubunda Təhsil Nazirliyinin Nostrifikasiya şöbəsindən narazılığını ifadə edən Mirsahib Seyidli bunları bildirib: “Şikayətim oğlum Seyidli Miryunis Mirsahib oğlunun ali təhsil sənədi ilə bağlıdır. Oğlum YÖS sistemi ilə 2008-2009-cu tədris ilində Qazaxıstan Respublikasının Türkistan şəhərində yerləşən Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinə qəbul olub. Ali təhsil aldığı müddətdə dərslərdə fəal iştirakına, nizam-intizamlı tələbə olmasına görə Türkiyə Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin təqaüdünü (təxminən 150 dollar) alıb. Oxuduğu ali təhsil ocağını uğurla başa vurduqdan sonra hərbi xidmət etmək üçün Azərbaycana qayıdıb. 2014 – cü ilin oktyabrın 1-dən Azərbaycan Respublikası Daxili Qoşunlarının N saylı hərbi hissəsində nümunəvi xidmət edir”.

Mirsahib Seyidli məktubunda qeyd edib ki, oğlu Miryunis diplomunu təsdiqlətmək üçün sənədlərini Təhsil Nazirliyinin Nostrifikasiya şöbəsinə təqdim edib. Adıçəkilən şöbədən cavab alıb ki, onlar müəyyən dövlət qurumlarına – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, o cümlədən Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetinə sorğular göndərəcək və alınan cavablara görə diplomun təsdiqlənməsi işinə baxılacaq: “Biz valideyn olaraq, dəfələrlə Təhsil Nazirliyi ilə əlaqə saxlasaq da, bizə bildirdilər ki, oğlunuzun oxuduğu universitetdən sorğumuza cavab gəlməyib. 2014-cü ilin dekabr ayına qədər gözlədik. Sonra oğlumun tələbə yoldaşları ilə əlaqə saxladıq. Nəticədə məlum oldu ki, Təhsil Nazirliyindən oğlumun oxuduğu ali təhsil ocağına sorğu göndərilməyib. Axırda biz öz imkanlarımız hesabına universitetdən lazım olan sorğu cavablarını əldə edib, “Fax”la Təhsil Nazirliyinə göndərtdik. Bundan sonra Təhsil Nazirliyi Daxili nəzarət şöbəsinin müdiri Nəzakət Hacıyeva bizə bildirdi ki, narahat olmayın, 2015-ci il yanvarın 15-də gəlin, sənədləriniz hazır olacaq. Valideyn olaraq, dəfələrlə Nəzakət Hacıyevanın qəbulunda olmuşam. Daxili nəzarət şöbəsinin müdiri Nəzakət Hacıyeva məndən soruşurdu ki, “Siz harada yaşayırsınız? Bura Azərbaycandır”. Açığı, mən onun nə demək istədiyini həmin vaxt başa düşə bilmədim. Ancaq sonradan mənə məlum oldu ki, bu, rüşvət istəməyin mədəni formasıdır. Hətta Nəzakət Hacıyeva mənə açıq-aşkar bildirirdi ki, hara istəyirsinizsə şikayət edin. Buranın ağası bizik. Bizə heç kim heç nə edə bilməz”. Nəhayət, 2015-ci ilin aprel ayında mənə Təhsil Nazirliyindən zəng vurub dedilər ki, oğlunuz Seyidli Miryunisi müsahibəyə dəvət edirik. Mən də, öz növbəmdə, bildirdim ki, oğlum hərbi xidmətdədir. Oğlumun əsgərlikdə olduğu hərbi hissənin komandirinə məktub yazaraq, sözügedən məsələ barədə ona məlumat verdim və oğluma məzuniyyət istədim. Sağ olsunlar, oğlumu 2015-ci il mayın 8-də məzuniyyətə buraxdılar. Miryunis Seyidli mayın 12-də Təhsil Nazirliyində müsahibədən keçdi. Həmin dövlət qurumundan bildirdilər ki, 1 ay müddətində sizə nəticə barədə cavab veriləcək. Lakin indiyə qədər heç bir cavab yoxdur”.

Mirsahib Seyidli məktubunda onu da ərz edir ki, oğlunun qrup yoldaşı, Şəki rayon sakini Əsədov Rüstəm Yusif oğlunun diplomu Təhsil Nazirliyi tərəfindən təsdiqlənib: “Necə olur ki, Miryunis Seyidli ilə eyni müddətdə, eyni qrupda oxuyan Əsədov Rüstəm Yusif oğlunun diplomu təsdiq olunub və ona magistraturaya sənəd vermək hüququ verilib, Miryunis Seyidliyə yox?”

Sözügedən məktubun müəllifinin sözlərinə görə, Miryunis Seyidlinin diplomu vaxtında təsdiq olunmazsa, o, 6 ay əlavə hərbi xidmətdə olacaq.

“Zaman-Azərbaycan” qəzetinin sözügedən məktub əsasında Təhsil Nazirliyinə göndərdiyi sorğu isə belə cavablandırılıb: “Vətəndaş Seyidli Mirsahib Nuru oğlunun övladının H.Ə. Yasəvi adına Beynəlxalq Qazax-Türk Universiteti tərəfindən verilmiş diplomunun Təhsil Nazirliyi tərəfindən təsdiq edilməsi qarşılığında ondan rüşvət istənilməsi barədə bəzi mətbuat orqanlarında gedən məlumatlarla bağlı aşağıdakıları bildiririk:

– Vətəndaş Seyidli Miryunis Mirsahib oğlunun diplomunun tanınması (nostrifikasiyası) ilə bağlı ərizəsi və təkrar məktubları Təhsil Nazirliyi tərəfindən hər dəfə cavablandırılıb, müvafiq təşkilatlara ünvanlanan sorğulara cavablar daxil olduqdan sonra 1 (bir) ay ərzində qəbul ediləcək qərar barədə məlumatlandırılacağı bildirilib.

– Müvafiq sənədlər Təhsil Nazirliyinə təqdim edildikdən sonra müraciətçi 12.05.2015-ci il tarixində Təhsil Nazirliyinə dəvət edilib və təqdim olunan təhsil sənədi ilə ixtisas bilikləri arasında əhəmiyyətli fərqlər aşkar edildiyi üçün Azərbaycan Respublikasının qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”sının tələblərinə əsasən ona aldığı təhsilin Azərbaycan Respublikası təhsil sahəsindəki dövlət standartlarına uyğun gəlmədiyi barədə məlumat verilib. Eyni məzmunlu məktub vətəndaşın ünvanına göndərilib”.

Məlumunuz olduğu kimi, hazırda çox sayda azərbaycanlı gənclər öz hesablarına müxtəlif xarici ölkələrdə ali təhsil alırlar. Ona görə də, həmin gəncləri alacaqları diplomların tanınıb-tanınmaması məsələsi daha çox düşündürür. Mirsahib Seyidlinin sözügedən məktubu ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğuda qeyd etdiyimiz “Hansı ölkələrdə və hansı universitetlərdə ali təhsil alan gənclərin diplomu tanınacaq, hansılar tanınmayacaq?” sualına isə cavab verilməyib.

Elvin Əliyev