“Taliban” təhlükəsi ABŞ-a Əfqanıstandan hərbi güclərini çıxarmaqdan çəkindirir

Rusiyanın Krımı işğal etməsindən sonra Avropanın Şərqdən gələn yeni təhlükə qarşısında qalması və bu müstəvidə Şərq-Qərb münasibətlərinin gərginləşməsi beynəlxalq aləmin diqqətinin müəyyən qədər Əfqanıstandan yayınmasına gətirib çıxarıb.
 İş orasındadır ki, Əfqanıstanla müqayisədə hazırda Rusiyadan gələn yeni təhlükə Qərbi özünü müdafiə üçün yollar axtarmağa məcbur etməkdədir. Bu çərçivədə də  Rusiyaya qarşı iqtisadi sanksiyalara əl atan, eyni zamanda Ukraynya hərtərəfli yardımı genişləndirən Qərb ölkələri bu yolla Moskvanı işğalçılıq siyasətindən geri çəkilməyə məcbur edəcəklərinə ümid edirlər. Lakin hadisələrin gedişi göstərir ki, hazırda başda ABŞ olmaqla, Qərb ölkələri rəhbərlərinin əsas diqqətlərinin Rusiyadan gələn yeni təhlükəyə cəlb edilməsi Yaxın Şərq və Əfqanıstanın nəzarətinin əldən çıxmasına yol açacaq. Belə ki, yaxın Şərqdə İŞİD-lə mübarizənin zəifləməsi Qərbə bölgəni itirmək hesabına başa gələ bilər. Eyni sözləri Əfqanıstan haqqında da demək olar.  2001-ci ildə Nyu-Yorkda həyata keçirilən şübhəli terror aktından sonra Əfqanıstana müdaxilə üçün bəhanə kimi istifadə edərək, adıçəkilən ölkəni işğal edən ABŞ ötən 13 il ərzində faktiki olaraq “Taliban”ın varlığına son qoya bilməyib. İşğalçılara qarşı mübarizədə partizan müharibəsi taktikasından istifadə edən “Taliban” ara-sıra həyata keçirdiyi əməliyyatlarla ABŞ və müttəfiqlərinə ciddi itkilər verməkdə davam edirlər. Bununla belə, İraqda olduğu kimi, ABŞ Prezidenti Barak Obama ötən ilin sonuna kimi Əfqanıstandan öz hərbi qüvvələrinin böyük hissəsini çıxarmaq niyyətində idi. Bu müstəvidə də ABŞ və müttəfiqləri Əfqanıstandan müəyyən qədər hərbi texnika və canlı qüvvəni çıxardılar. Lakin  Rusiyanın Ukraynaya məxsus Krımı işğal edərək, Donbas və Luqanskda separatçılara hərbi və maliyyə dəstəyi  verməsi ABŞ-ın Əfqanıstandan hərbi qüvvələrini tam şəkildə çıxarması planlarını şübhə altına alıb. Buna da səbəb Talibanın son dövrlərdə yenidən fəallaşması və ABŞ hərbi güclərinin ölkədən çıxarılmasından sonra istənilən an hakimiyyəti yenidən ələ keçirməsi təhlükəsidir. 

Obama geri addım atır

Rusiya-Qərb münasibətlərinin gərginləşməsi fonunda Əfqanıstanda və Yaxın Şərqdə hadisələrin nəzarətdən çıxması təhlükəsi, öz növbəsində, ABŞ-ı narahat etməyə bilməzdi. Ona görə də Obama çətin bir sınaq qarşısındadır. ABŞ ya Əfqanıstanı tərk edərək bundan sonra orada baş verən hadisələrə göz yummalı, əsas diqqəti “soyuq müharibə” illərində olduğu kimi, Rusiyadan gələn təhlükənin qarşısını almağa yönəltməlidir, ya da iki cəbhədə mübarizəni davam etdirməlidir. Çünki Əfqanıstanın yenidən “Taliban”ın hakimiyyəti altına keçməsi ABŞ-ın beynəlxalq imicinə vurulan güclü zərbə, Vaşinqtonun xarici siyasətinin iflasa uğraması demək ola bilər. Bu, eyni zamanda Obama administrasiyasının da biabırçı şəkildə hakimiyyətdən getməsi prosesini sürətləndirərdi. Belə bir vəziyyətdə isə Obama administrasiyası ABŞ hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsi ilə bağlı planı yenidən nəzərdən keçirməyə məcbur edib. Belə ki, Barak Obama gözlənilmədən bildirib ki, ABŞ nəzərdə tutulduğu müddətdə, yəni 2016-cı ildə Əfqanıstandan tam şəkildə  öz hərbi qüvvələrini çıxarmayacaq.

Halbuki hələ ötən ayın, 2014-cü ilin dekabr ayının birinci yarısında Əfqanıstanda təhlükəsizliyi təmin edən  beynəlxalq sülhməramlı  qüvvələrin birləşmiş komandanlığı mərkəzi NATO tərəfindən rəsmi şəkildə bağlanılıb. O vaxt Qərbin bəzi tanınmış siyasi  müşahidəçiləri  NATO-nun bu addımını istehzalı şəkildə “Əfqanıstanda müharibənin başa çatması” kimi dəyərləndirdilər. Eyni zamanda belə bir fikir də vurğulandı ki, başda ABŞ olmaqla Qərb ölkələri Əfqanıstan müharibəsini uduzublar.  Amma NATO-nun Əfqanıstandakı sülhməramlı güclərin idarəetmə mərkəzinin bağlaması barədə göstəriş Vaşinqtondan gəlmişdi. Belə ki, hələ ötən ilin yazında Prezident Barak Obama

Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün sülhməramlı güclərin birləşmiş komandanlığının ilin sonundan sonra fəaliyyət göstərməsinə ehtiyac qalmayacağını bəyan etmişdi. Eyni zamanda Obama bildirirdi ki, 2016-cı ildən sonra Əfqanıstanda ABŞ əsgəri qalmayacaq və ölkəyə nəzarət Əfqanıstan hökumətinə tapşırılacaq. Obamanın planına görə, sülhməramlı güclərin birgə idarəetmə mərkəzi 1 yanvar 2015-ci ildən etibarən “Qərarlı dəstək” missiyasına çevrilib. “Qərarlı dəstək” missiyası çərçivəsində 11 min amerikalı, 13 500 xarici əsgər əfqan qüvvələrinə təhsil, məsləhət və kömək etmək üçün ölkədə qalacaq. Amerikan əsgərlərinin müəyyən bir qismi xüsusi vəziyyətlərdə terrorla mübarizə əməliyyatlarına da qatılacaq. Buna paralel olaraq, amerikan əsgərləri ölkədəki müəyyən olunmuş bir neçə bazada qalması və  2015-in sonuna qədər  onların saylarının 5-6 min nəfərə qədər endirilməsi nəzərdə tutulmuşdu…

NATO-nun döyüş missiyasının 31 dekabr 2014-cü ildə yekunlaşması ilə 350 min əfqan təhlükəsizlik qüvvəsi  ölkənin təhlükəsizliyini öz üzərinə götürməli idi. ABŞ Əfqanıstan Hərbi Qüvvələrinə ancaq havadan dəstək verəcəkdi.

Bu çərçivədə də NATO müvafiq addım atmağa məcbur oldu.  Lakin son hadisələr göstərdi ki, ABŞ Əfqanıstanı tərk edəndən sonra  “Taliban” gücləri dərhal hakimiyyəti ələ alacaqlar. Bu isə yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ-ın Əfqanıstan macərasının biabırçı şəkildə başa çatması demək ola bilərdi. Ona görə də Obama tərəddüd etməyə başlayıb və o, Əfqanıstandan ABŞ hərbi qüvvələrinin çıxarılması ilə bağlı məsələyə yenidən baxılacağını söyləyib.

 

“Taliban” güclü, hakimiyyət zəifdir

Ötən il Əfqanıstanda keçirilən prezident seçkilərindən sonra prezident seçilən Əşrəf Qəni ilk günlərdən hiss elədi ki, ABŞ-ın hərbi yardımı olmadan hakimiyyətdə uzun müddət qala bilməyəcək. Ona görə də bir müddət əvvəl ABŞ-a müraciət edən Əşrəf Qəni Obamadan hərbi qüvvələrini Əfqanıstandan çıxarmamağa çağırdı. Onun bu çağırışı isə Obama tərəfindən müsbət qarşılanıb. “Taliban”ın Əfqanıstanda kifayət qədər güclü olmasını ötən ilin noyabr ayında baş verənlər də sübut edir. Belə ki, “Taliban”ın noyabr ayında təkcə Kabildə həyata keçirdiyi 16 irimiqyaslı terror aktı nəticəsində ABŞ hərbi qüvvələri, istər canlı qüvvə istərsə də hərbi texnika tərəfindən böyük itkilər verdilər. Əfqanıstanın kənd yerlərində isə hakimiyyət de fakto olaraq “Taliban”çıların əlindədir. Bütün bunlar isə Obamanı Əfqanıstandan ABŞ hərbi qüvvələrini tam şəkildə çıxarılması barədə qərarına yenidən baxmağa məcbur edib.  Amma bu, ABŞ-a böyük maliyyə hesabına başa gələcək. Bununla bağlı məsələyə münasibət bildirən ABŞ-ın “Heriyage” fondunun əməkdaşı Layza Kertis bildirib ki, Əfqanıstandakı 352 min əfqan əsgərini saxlamaq üçün ABŞ hər il 4-6 milyard dollar xərcləməli olacaq. Layza Kertis: “Əgər ABŞ Əfqanıstandan öz hərbi qüvvələrini tam şəkildə çıxarsa, onda bir müddətdən sonra “Taliban” yerli hökuməti devirərək, hakimiyyəti yenidən ələ alacaq. Ona görə də ABŞ-ın Əfqanıstanı tərk etməsi hazırda məqsədəuyğun deyil”,-deyib. Faktiki olaraq “Heritage” fondu ABŞ Prezidenti Obamanı hərbi qüvvələri bu ölkədən çıxarmamağa çağırır. Öz növbəsində, dünyanın tanınmış informasiya agentliklərindən biri olan “Röyters” (Reuters) yaydığı məlumatda bildiriri ki, Obama Əfqanıstandan ABŞ hərbi güclərini ən azı 2020-ci ilə kimi çıxarmayacaq.

 

Əfqanıstan ABŞ-a baha başa gəlib

ABŞ Konqresinin məlumatlarına görə, NATO-nun Əfqanistan missiyasının başladığı 2001-ci ildən indiyə qədər 2 min 356 ABŞ əsgəri həyatını itirib.

Tarixinin ən uzun müharibəsinin xərci ABŞ-a 1 trilyon dollardan daha çox vəsaitə başa gəldi.  “Harvard Kennedy School”un hesabatına görə, ABŞ-ın bu müharibə üçün ayırdığı büdcə Corc Buşun prezidentliyi bitənə qədər 171,7 milyard dollar olmuşdu. Obama dövründə isə bu rəqəm 2012-ci ilin sonuna kimi 385,6 milyard dollara çatmışdı. ABŞ rəhbərliyi 2013-cü ildən etibarən döyüş üçün 128,7 milyard dollar xərcləyərək, 13 illik müharibədə ümumilikdə təxminən milyard dollar xərclədi. Əfqanıstanda varlığını yenidən qorumaq üçün hərbi qüvvələrini orada saxlamaq isə ABŞ-a daha on milyardlarla dollara başa gələcəyi ehtimal edilir.

Əziz Mustafa