Taksidə televizor əhvalatı

591

Bu dəfə rayondan taksi ilə qayıtmaq məcburiyyətində oldum. Tələsdiyimdən mindiyim avtomobilin nömrəsinə belə baxa bilmədim. Yola çıxandan 10-15 dəqiqə sonra sürücü söhbətə başladı:

– Bacıoğlu, yəqin bilirsən də, Bakı qeydiyyatında olmayan nəqliyyat vasitələrinin paytaxta girişi qadağandır. Artıq bir aya yaxındır… Elə bu səbəbdən səni “20 Yanvar”a qədər apara bilməyəcəyəm.

– Hə, xəbərim var,- dedim.

Bu girişdən sonra sürücü söhbətini davam etdirdi:

– Bacıoğlu, guya bununla tıxacın qarşısını almaq istəyirlər, ay aldılar ha… Dünən xalaoğlumdan soruşuram ki, bəs bu qadağadan sonra da Bakıda tıxaclar yaranır? Dedi ki, heç bir fərqi yoxdur, necə deyərlər, köhnə hamam, köhnə tas… Vallah, bu, rayon əhlinin hüquqlarını pozmaqdan, onlarla, mən deyərdim ki, hətta məzə verməkdən başqa bir şey deyil. Bir də bu qərarın heç bir hüquqi qüvvəsi də yoxdur e…

Sürücü dərindən ah çəkib dilləndi:

– Bacıoğlu, vallah, bu qadağadan söz düşəndə Ziyadxan adlı bir tanışımdan eşitdiyim əhvalat yadıma düşür.

Bu zaman dedim:

– De, gəlsin… “Söhbət yolu qısaldar” demiş atalarımız.

– Hə, deməli, belə. Ötən əsrin əllinci illərində televizorların təzə çıxan, çətin tapılan, həm də hamının ala bilmədiyi vaxtlarda iki rəssam – Mehdi Qumriyev və Böyükağa Mirzəzadə televizor alırlar. Axşam proqramı başlayandan az sonra Böyükağa Mirzəzadə Mehdi müəllimə zəng edib soruşur: “Səndəki televizor göstərir?” O da: “Əlbəttə, oturub baxırıq”,- cavabını verir. Böyükağa müəllim deyir ki, bizimkinə nə olub bilmirəm, göstərmir. Mehdi müəllim də onunla məzələnmək qərarına gəlir. Odur ki, deyir: “Pəncərələri açmısınız?”

Bu qəribə suala Böyükağa müəllim “yox” cavabı verir və əlavə edir: “Necə yəni açaq, bayırda şaxta-borandır axı”. Mehdi müəllim də ciddi şəkildə: “Yox, onda göstərməyəcək. Çünki siqnallar pəncərədən daxil olur”, – deyir. Böyükağa müəllim də həmkarının dediyi kimi edir, amma televizor yenə göstərmir ki, göstərmir. Bir azdan Böyükağa müəllim yenə zəng edir və deyir: “Ay Mehdi, pəncərələri açmışıq, amma yenə göstərmir”. Bu dəfə Mehdi müəllim ondan qapının açıq olub-olmadığını soruşur. Həmkarından “yox” cavabını eşidən Mehdi müəllim çox sakit halda dillənir: “Qapı-pəncərəni açmasanız, televizor göstərməyəcək. Çünki siqnalların içəri daxil olması üçün bayırla əlaqə yaradan yer lazımdır”. Böyükağa müəllim naəlac qalıb qapını da açıq qoyur, amma vəziyyət yenə də yaxşılığa doğru dəyişmir. Odur ki o, yenidən bina qonşusunu narahat etməli olur. Böyükağa müəllimin zənglərindən cana doyan Mehdi müəllim bu dəfə deyir: “Heç nəyə əl vurmayın, indi özüm gəlirəm vəziyyəti yerində yoxlamağa”. Və onlara gəlir. Gəlib görür ki, Böyükağa müəllim də, arvadı da palto geyinib oturublar soyuq otağın ortasında, işləməyən televizor da qabaqlarında… Mehdi müəllim yaxınlaşıb televizoru qurdalayır. Çox tezliklə televizorun göstərməsinə mane olan əmmanı tapıb düzəldir. Ailə çox sevinir. Mehdi müəllim geri qayıtmağa hazırlaşanda Böyükağa müəllim ondan soruşur: “Mehdi, biz indi səhərə kimi qapı-pəncərəni örtməyək?” Bu yerdə Mehdi müəllimi gülmək tutur, amma bununla belə artıq televizorun ləzzətini görən cütlüyə yazığı gəlir. Odur ki, gülə-gülə: “Yox, artıq örtə bilərsiniz, televizorun eyiblərini artıq düzəltmişəm” – deyərək çıxıb gedir.

Söhbətin bu yerində mən özümü saxlaya bilmədim:

– Nazirlər Kabinetinin Yol hərəkətinin təhlükəsizliyi kiomissiyasının bu qərarı ilə danışdığının nə əlaqəsi var axı?

Bayaqdan bəri danışdığı əhvalatdan uğunub gedən sürücü gülməkdən yaşarmış gözlərini silə-silə dedi:

– Bacıoğlu, oxşayır nədir? Eynən onun kimidir də. Körpülər tikdilər, dedilər, tıxacların qarşısı alınacaq… Keçidlər inşa etdilər, yenə bir səmərə vermədi. Sovetdən qalmış avtomobilləri yığışdırdılar ki, bəs paytaxtda problemlər yaradır. Nə bilim e, daha nələr etmədilər ki… İndi də bu üsula əl atıblar, elə bil eksperiment aparırlar. Amma yenə deyirəm, mənə elə gəlir ki, rayon maşınlarının paytaxta buraxılmaması Mehdi müəllimin işləməyən televizora görə qapı-pəncərəni açdırması kimi lüzumsuz bir şeydir. Bacıoğlu, zənnimcə, tıxac probleminin həllini başqa yerdə axtarmaq lazımdır. O gün gələcək, bacıoğlu! Sən sağ, mən salamat, yaşayarıq görərik…

Qvami Məhəbbətoğlu