Tahir Süleymanov: “Qarabağ”dan da, “Neftçi”dən də güclü komanda formalaşdırmaq olar”

0
577

Azərbaycanın ilk FİFA referilərindən biri, ölkədə uşaq futbolunun təməlini qoyan “Sabahın ulduzları” layihəsinin müəllifi, ilk dəfə Azərbaycanı Avropa liqasının qrup mərhələsində təmsil edən komandanın vitse-prezidenti. Zənnimcə, bu təqdimat Tahir Süleymanovun Azərbaycan futbolunda iz qoyduğunu iddia etmək üçün yetərli faktdır. Bunu nəzərə alıb futbolumuzun dünəni, bu günü və sabahı barədə söhbət etmək üçün Tahir bəyi redaksiyamıza dəvət etdik.

Qvami Məhəbbətoğlu

– Tahir bəy, 2014-cü ilin aprel ayında belə bir açıqlama vermişdiniz: “Azərbaycan futbolunun, “Neftçi”nin problemi Tahir Süleymanovla bağlı imiş. Buna görə də özümə borc bildim ki, istefa verim”. Bununla problem həll olundumu?

– Mənə elə gəlir ki, “Neftçi”nin bugünkü turnir cədvəlindəki yeri sualınızın cavabını özündə əks etdirir.

– O gündən bəri özünüzü nə ilə ovundurursunuz?

– Tahir Süleymanovu tanıyanlar, xarakterimə bələd olanlar yaxşı bilirlər ki, özümə heç vaxt təsəlli vermirəm (Belə bir fəlsəfi fikir var, söyləyim: insan beyninin dərinliyindən keçən sadəlik kamilliyin zirvəsi deməkdir). Yəni insan hər şeyə hazır olmalıdır. Bir də, fikrimcə, düşüncəli, sadə insanlara belə bir sual yaddır. İnsan özünə təsəlli yox, sabahına inam aşılamalıdır. Mənim həyata baxışım belədir.

– Harasa dəvət olunmusunuz? Halbuki AFFA-nın formalaşmasında Süleymanovların kifayət qədər xidmətləri olub?

– Dəvətlər hər zaman olur… Qalır onları dəyərləndirmək. Sualınızın ikinci hissəsinə gəldikdə onu deyə bilərəm ki, biz Süleymanovlar futbol aləmində nə etmişiksə, millət üçün, ölkə üçün, futbolumuzun gələcəyi üçün etmişik. Düşünmüşük ki, təki futbolumuz inkişaf etsin. Yəni biz belə işlərimizdən heç zaman təmənna güdməmişik. Adi bir fakt: vaxtilə biz “Sabahın ulduzları” yarışını (bu yarışlar “Çempion”da da geniş işılqlandırılıb) ərsəyə gətirəndə onu nə Bakı Futbol Federasiyasının klub, nə də Süleymanovların ailə layihəsi kimi təqdim etməmişik. Həmin layihəyə Azərbaycan prizmasından baxmışıq. Onu da deyim ki, bu gün həmin yarışlara qatılanların (məsələn, Çoşqun Diniyevin, Elşən Abdullayevin, Fəhmin Muradbəylinin və digərlərinin) sorağı təkcə klublardan deyil, millidən də gəlir. Bəli, bu da bir fakt ki, bu gün AFFA-da əyləşənlərin əksəriyyəti bizim o dönəmdəki mübarizəmizin sayəsində vəzifəyə gəldilər. Amma biz, yenə deyirəm, hansısa vəzifə uğrunda deyil, ideya, futbolumuzun inkaşfı naminə mübarizə aparmışıq və son nəfəsimizədək də mübarizə aparacağıq.

“Hər bir insan öz sahəsində

çalışmalıdır”

– Tahir bəy, etiraf edək ki, futbolumuza kifayət qədər…

– Bəli, ölkəmizdə idmana dövlət qayğısı var, bu, inkarolunmazdır. Bunun müqabilində bu gün Azərbaycan futbolu istər klub səviyyəsində, istərsə də milli səviyyədə qat-qat öndə olmalı idi, amma…

– Yəni lazım olan futbol əsəri ortaya qoyulmadı…

– 2003-2004-cü illərdə futbolumuza böyük sərmayələr yönəldildi. Bunun qarşılığında nə baş verdi? 2010-cu ilə qədər yalnız bəsit, bayağı əsərlər yarandı. Və bu “əsərlər”in də kulminasiya nöqtəsi, futbol dili ilə desək, maksimum hədəfi Avropada bir-iki mərhələ keçmək oldu.

Biz “Neftçi”yə gələndə mətbuat konfransı keçirib xalqa bəyan etdik ki, “Neftçi” qısa müddətdə Avroliqada uğur qazanacaq və hədəf də qrupa düşmək olacaq. Təəssüf ki, o dönəmdə həmin bayağı mahnı bəstələyənlər bizi top atəşinə tutdular, hətta dedilər ki, bu, mümkün deyil. Lakin bunu reallaşdırdıq: 2012-ci ildə “Neftçi” Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu. Bu uğur digər futbol klublarımızı da özlərinə inamı artırdı.

– Bu inamsızlıq nədən irəli gəlirdi?

– Nə yazıq ki, bu gün Azərbaycan futbolunda, ümumiyyətlə, futbola aidiyyatı olmayan insanlar çoxluq təşkil edirlər.

– Yəqin ki, “Neftçi”yə yenə əvvəlki kimi azarkeşlik edirsiniz. “Neftçi” Azərbaycanın “Barselona”sı, “Real”ı, “Mançester Yunayted”i, “Bavariya”sı, “Qalatasaray”ı, “Fənərbaxça”sıdır. Bu fikriniz dəyişməyib ki?

– Əsla. “Neftçi” Azərbaycan futbolunun tarixi, brendi deməkdir. Bu tarixə hörmətlə yanaşmaq hər bir idman adamının borcudur.

– Çingiz Abdullayevin Müşahidə Şurası və yaxud şura ideologiyası “Neftçi”yə nə verə bildi və yaxud verə biləcək?

– Çingiz Abdullayev bizim ziyalımızdır. O, Azərbaycanı dünyaya tanıtdıran önəmli bir yazıçıdır. Ona böyük hörmətim var. Şura ideyası Çingiz müəllimə aid məsələ deyil. Müşahidə Şuraları diktə ilə yaradılmış qurumlardır. Çingiz müəllimin rəhbərlik etdiyi qurumun “Neftçi”yə nələr verə biləcəyini isə zaman göstərəcək. Amma komandanın indiki durumu ürəkaçan deyil. Yenə deyirəm, fikrimcə, hər bir insan öz sahəsində çalışmalıdır. Hər insan belə düşünsə, ölkəmiz çox qabağa gedər. Onu da deyim ki, bir çoxları bütün dünyada klublara rəhbərlik edənlərin heç də futbol adamları olmadıqlarını arqument kimi ortaya atıtlar. Bu səhv fikirdir. Belələri bir şeyi yaddan çıxarırlar ki, Abramoviç, Fernando Peres kimi qeyri-futbol adamları öz klublarına milyonlar gətirirlər, sərmayə yatırırlar, amma klublarından maaş almırlar.

– Belə bir sualla da sizi müraciət etmək istəyirik. Bəs 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramından bizə nə qaldı?

– Avroliqanın qrupları, vəssalam. Amma yenə deyirəm, çox böyük vəsaitlər qoyuldu. Milyardı keçdi. Prezident bundan artıq neyləməli idi? Amma vəsaitdən səmərəli istifadə olunmadı. Üstəlik, qısqanclıq edib “Sabahın ulduzları”nı vurdular. Kim? O proqramı həyata keçirən şəxslər… Bu gün uşaq yarışlarına baxırsan. Bir-iki aya 50 texniki məğlubiyyət… 90 mininci futbolçunu qeydiyyatdan keçirdik, hardadır o?

– Bu müddətdə 3 komandamız 4 dəfə Avroliqaya çıxdı… Bu bizə nələr vəd etdi?

– Klublar o səviyyədə oynayandan sonra millidən nəticə tələb etməyə başladılar. Tam uğursuzluq olanda bizim futbol rəsmilərinin işi asan idi. Yəni hesabat verirdilər ki, ölkədə futbol yoxdur. Yəni, əgər belə demək mümkünsə, nə qədər qazırdılar, neft çıxmırdı. Amma kimsə demirdi ki, lazım olan yeri qazı ki, neft çıxsın da. Lazım olan yeri də qazımaq üçün işin sahibləri olmalıdır. Yəqin fikrim aydındır. Bu mövsüm “Qarabağ”ın “Qəbələ”nin qruplara düşməsi bəlkə də futbolumuzun sabahının 5-10 faiz xilası oldu. Bu cür nəticə göstərən niyə yalnız o iki komandadır? Çünki onlar şuralaşmaya getməyiblər. Şuralaşmaya gedən “Neftçi”dir ki, o da 7-ci yerdədir.

Haşiyə

– Tahir bəy, borclu borclunun sağlığını istər, bəs Tahir Süleymanov AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun nəyini istər?

– Ancaq və ancaq yaxşılığını…

– Pambıqçının ağ itdən zəhləsi gedər, bəs məşqçinin, futbolçunun, hakimin nədən zəhləsi gedər?

– Məşqçinin məğlubiyyətdən, futbolçunun məşqçinin ona baxan gözlərindən, hakimin on bir metrə və qırmızı vərəqədən…

– Dəyirmanın yaraşığı torba-çuvaldır, bəs stadionun?

– Təbii ki, azarkeşdir.

– Dağ iti gəldi, bağ itini qovaladı, bəs legioner gəldi nə oldu?

– Məncə, bu sualın qoyuluşu düz olmadı. Meşədə ancaq cır ağaclar yetişir. Amma bu ağacları peyvənd edib qayğı göstərsən, yaxşı meyvə yetişdirə bilərsən. Öz oyunçularımızı “cır meyvə” saymıram. Amma gənc futbolçuların yetişməsində səviyyəli legioner oyunçular önəmli faktordur. Bu mənada deyərdim ki, Elşən Abdullayev, Qara Qarayev, Fəhmin Muradbəyli kimi oyunçular məhz Flavinyo, Kanales, Reynaldo, Almeyda kimilərinin yanında püxtələşərlər. Təbii ki, legioner “cır” olacaqsa, onda yerli oyuncunun yolunu kəsməkdən başqa “xidməti” olmayacaq.

– Ağlamaqla kişi qeyrətsiz olar, bəs uduzanda məğlubiyyyəti hakimin üstünə yıxan baş məşqçi?

– Buna da başqa bir aspektdən aydınlıq gətirmək istərdim. Bəri başdan deyim ki, hakimlik futbolda önəmli rol oynayır. O ki qaldı sualınıza? Məşqçi hər oyuna çıxmamışdan öncə nə fikrləşir, sizcə?

– Xalı…

– Yox, məşqçi hər oyuna çıxmamışdan öncə komandası uduzacağı təqdirdə mətbuat konfransında məğlubiyyətinə necə…

– Don geyindirəcəyini?

– Yox, elə deməzdim, məğlubiyyəti necə analiz edəcəyini fikirləşir (Bu, ümumiyyətlə, məşqçi psixologiyasıdır…) Bu aspektdən çıxış etsək, məşqçinin məğlubiyyəti kimin üstünə yıxması məhz bundan sonra məlum olar. Onu da deyim ki, məşqçilər hər oyunda son dərəcdə stress altında olurlar. Oyunda isə qalibiyyət də olur, məğlubiyyət də. Bu yerdə Böyükağa müəllimi məşhurlaşdıran: “Məşqçinin çamadanı həmişə hazır olar” kəlamını xatırlatmaq yerinə düşərdi.

“Müəllimlərindən biri

ruhən maestro Niyazi olub”

– Məndə olan məlumata görə, müstəqillik tariximizdə siz, Xaqani Məmmədov və Asim Xudiyev ölkəmiz üzrə ilk FİFA referiləri olmusunuz. Bədii şəkildə desək, dağlar arxasındakı 3 dosta sonradan nə oldu?

– Biz dostlar yox, həmkarlar olmuşuq. Dost isə həyatda ya bir olar, ya iki… Bir də sözün düzü, keçmişi xatırlamağı xoşlamıram. Bu mənim xarakterimdir. Amma dediyiniz məlumata onu əlavə etmək istəyirəm ki, o dönəmdə beynəlxalq dərəcəli ən gənc hakimlərdən biri olmuşam.

– Amma hakimlik karyeranız da uzun sürməyib?

– Hakimliyə 1989-cu ildə başlamışam. Özü də Tofiq Bəhramov, Eldar Əzimzadə kimi hakimlərin xeyir-duası ilə… Tofiq müəllim deyirdi ki, Tahir, sən cavanlığımı xatırladırasan, güman edirəm ki, məndən də güclü hakim olacaqsan. Gənclərə çox hörmətlə yanaşan Eldar müəllim də hakimliyimi bəyənirdi. Hakimlik karyeram 1999-cu ilə kimi davam edib. Ümumiyyətlə, o illərdə, eləcə də sonralar Azərbaycan futbolunda çox haqsızlıqlar baş verib. İmanxan Sultani, Babək Quliyev, Anar Salmanov da hakimlikdən uzaqlaşdırılıblar. Samir Ələkbərov kimi bir oyunçu diskvalifikasiya olunub. Bu kimi əməllərinə görə hər kəs bu dünyada olmasa da, o dünyada cavab verəcək.

– Deməli, 35 yaşadək hakimlik etmisiniz… Amma sovet dönəmində hakimlər 35-40 yaşlarında püxtələşərdilər.

– Elədir. Ümumiyyətlə, sovet dönəmində 30 yaşdan sonra hakimliyə başlayardılar. Biz o dönəmdə ən perspektivli hakimlər sırasında idik… Onu da qeyd edim ki, o illərdə SSRİ çempionatının oyunlarını idarə etmək elə bu günkü Çempionlar Liqasını idarə etməyə bərabər idi. Bizim hakimlər həmin oyunları yüksək səviyyədə idarə ediblər. Yəni onu demək istəyirəm ki, hakimlik məktəbimiz olub. Nə yazıq ki, müstəqillik illərində bu sahədə çox şey itirdik.

– Bəs hakimliyə necə gəlmisiniz?

– Bilmirəm, bilirsiniz, ya yox, futbolçu kimi “Vışka” və “Termist” komandalarında əsasən hücumçu mövqeyində çıxış etmişəm. O illərdə hamı kimi mən də “Neftçi”nin heyətinə düşmək arzusunda idim. Lakin bunun mümkün olmadığını anlayandan sonra bu fikrimdən vaz keçdim və 1987-ci ildə futbolçu karyeramı başa vurdum. Bu məsələdə öz xarakterim əsas rol oynadı. Yəni düşündüm ki, orta səviyyəli futbolçu kimi var-gəl eləməkdənsə, futbolçu karyeramı başa vursam yaxşıdır. Belə bir addım atdığıma görə peşman da deyiləm. Bundan sonra məşqçiliyə meyil saldım və tanınmış məşqçi Ələkbər Cəfərovla birgə U-17-də çalışdım. (Yeri gəlmişkən, Nasenka, Lıçkın, “Maradona” ləqəbli İlham Məmmədov bizim yetirmələrimiz olub). 1987-ci ildə Kişinyovda keçirilən SSRİ Spartakiadasında komandamız bürünc medallar qazanıb. Elə o yarışları idarə edən hakimlərdən biri – Orucəli Durmuşovla yaxından tanışlığım hakimlik karyerama bir təkan verdi. Bu mənada o həm də bu sahədə ilk müəllimimdir. (Amma etiraf edirəm ki, hakimliyə başlamasaydım, məşqçi kimi uğurlarım böyük ola bilərdi).

– Hakimlikdə daha hansı müəllimləriniz olub?

– Müəllimlərindən biri ruhən Niyazi olub.

– Maestro Niyazi?

– Hakimlikdə jestlər, mimika çox önəmlidir. Unudulmaz sənətkarımız Niyazinin orkestri necə idarə etməsinə baxıb hakimliyimdə o elementlərdən istifadə etməyə çalışmışam. Hakimin bir işarəsi yüz min azarkeşi razı salmalıdır və onlara öz fikrini çatdırmalıdır. Bu baxımdan hakim jesti, mimikası çox böyük ustalıq tələb edir.

– Bəs hakimliyinizdən uzaqlaşmağınız nə ilə bağlı olub?

– 1999-cı ildə Xorvatiya və Maltanın olimpiya yığmaları arasında keçirilən oyuna təyinat almışdm. Amma o vaxtkı AFFA-dan UEFA-ya faks göndərdilər ki, Tahir Süleymanov gələ bilməyəcək, həmin oyunu Asim Xudiyevə həvalə edə bilərsiniz. UEFA isə bunu özünün daxili işlərinə müdaxilə kimi dəyərləndirib oyuna başqa hakim təyin etdi. Onu da deyim ki, Asimi də bu işə məcbur edirdilər. Hətta o, üzrxahlıq edərək bildirdi ki, Tahir, incimə bəs bu məsələ mənlik deyil.

Bir də, gəlin bu məsəlini burda nöqtələyək. Daha o günlərə qayıtmağın mənası yoxdur. Olan olub.

Haşiyə

– Pendir yeyən su axtarar, bəs səhv edən hakim?

– Baxır o səhvin dərəcəsinə…

– Qız anadan olanda gözünü açar, deyər ki, bu, bizim ev deyil, bəs baş məşqçi nə deyər?

– Bu və ya digər məşqçi də komandada əbədi deyil. Mənə belə gəlir ki, bu cümlə ilə suala aydınlıq gətirdim. Yeri gəlmişkən, məşqçilər həmişə “mənim komandam” ifadəsini işlədirlər. Bəzən onlara irad tutub deyirəm ki, axı komanda sizin deyil, azarkeşlərindir, siz bu gün bu komandada, sabah da başqa komandadasınız.

– Toya toy deyiblər, yasa yas, bəs bizdə futbola niyə top-top deyirlər?..

– Çünki biz futbolun nə olduğunu bilə-bilə, top-top oynayırıq. Biz futbola top-top düşüncəsi ilə yanaşdıqca, elə top-topumuz olacaq, futbolumuz isə axsayacaq. Futbol elmdir, o, elmi yanaşma tələb edir. Bir məsələni də qeyd edim: bizdə potensial var. Amma nə qədər ki, o top-top düşüncəsi qalacaq, həmin potensial açılmayacaq.

– Yengəmiz Yetər oldu, günümüz betər oldu, bəs məşqçimiz Torres, Foqts olanda komandamız nə oldu?

– Suala sualla cavab verərdim: Bəs onları gətirənlər nə oldular?

– Rəncbərin ümidi əkinədir. “Bəs Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin?

– O da səmimiyyətinə… Amma onu da deyim ki, futbolda çox səmimi olmaq sadəlövhlüyə gətirib çıxarır. Bunun da davamı fəlakət deməkdir.

“Biz kimik ki…”

– Mətbuatdan haqqınızda müxtəlif fikirlər dolaşır. Onlardan biri belədir: “O, cismən Sadıq Sadıqovun, ruhən Ramin Musayevin yanında olub”.

– Bəri başdan deyim ki, həm Sadıq Sadıqova, həm də Ramin Musayevə dərin hörmətim var. 25 ildir biz futbolda söz sahibiyik. İkincisi də, peyğəmbərlər tarixən daş-qalaq olunub. Biz kimik ki, onların yanında?

– Kollegiyalarınızdan kimi fərqləndirə bilərsiniz?

– Azərbaycan hakimlər məktəbi güclü olub. Hər 5-10 ildən bir istedadlı hakimlər üzə çıxırlar. Sadəcə, onları qoruyub saxlamaq lazımdır. Təəssüf ki, bizdə istedadlılar qorunmur. Ümumiyyətlə, bizdə istedada olan münasibət çox fərqlidir. Ümumiyyətlə, hər yerdə istedadlara (istedad Allah vergisidir) qarşı bir qısqanclıq var. Amma bu tendensiya başqa yerlərdə 20-30 faizdirsə, bizdə 90 faizdir. Və istedadların boğulması istiqamətində bizdə tarixən sanki yarışma olub.

– Avroliqanın qrup oyunlarını idarə etmiş Əliyar Ağayevin uğurları sizi qısqandırmır ki?

– Qısqanclıq Tahir Süleymanova yad olan bir şeydir. Elə buna görə də bu sualı, daha doğrusu, bu şəkildə qoyuluşunu qəbul belə etmirəm. Yeri gəlmişkən, onunla bağlı tənqidi fikirlərim ekran vasitəsilə demişəm. Çünki onun daha da irəli getməsini istəyirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, onda bir qədər özündənrazılıq baş qaldırıb. Bunu onun yaşı ilə əlaqələndirirəm. Onu bundan duyuq salmaq isə hər birimizin borcudur.

– Bəzən sizi hər şeyi bəyənməyən şəxs kimi qələmə verirlər…

– Bir daha deyirəm. İnsan beyninin dərinliyindən keçən sadəlik kamilliyin zirvəsi deməkdir. Belə bir düşüncəyə malik şəxs sadəcə tələbkar ola bilər.

– Bu kəlam, deyəsən, sizə məxsusdur?

– Müəllifi özünüz axtarın…

“Eyni gündə dünyaya göz açmışıq”

– Uşaqkən arzuladığınız peşə hansı olub?

– Atam Bəybala kişi məni hərbçi görmək istəyirdi. Bilirsinizmi bu nədən qaynaqlanırdı? Atam kəşfiyyatçı zabit kimi Böyük Vətən müharibəsinin iştirakçısı olub (O, Sevastopolun fəxri vətəndaşıdır). Bu səbəbdən… Hətta 20 yaşıma qədər mənə hərbçiliyin özəlliklərindən söz açardı. Amma görəndə ki, bu peşəni mənə sevdirə bilmir, fikrindən daşındı. Və belə dedi: “Onda özün bilən məsləhətdir”. Atamla bağlı onu da deyim ki, onun sərt baxışı vardı. Bir baxışı bəs idi. Özünü bizə qardaş hesab edərdi. Əyilməzliyi, mübarizliyi, özünəhörməti elə atamdan öyrənmişəm.

Mən isə elə əvvəldən futbolu seçdim. Bir də mən jurnalistikaya yaxınam. O da qardaşım Məzahir müəllimin sayəsində… Özümü də ruhən bu sahənin adamı sayıram.

– Məzahir müəllimlə bağlı daha nələr deyə bilərsiniz?

– 10 yaşımda böyük qardaşım Məzahir müəllim evin ən kiçik uşağının, yəni mənim əlimdən tutub indiki Tofiq Bəhramov adına Respublika Stadionuna – “Neftçi”nin matçlarına gətirərdi. Oyunları uşaq marağı ilə elə izləyərdim ki… Yadıma düşmüşkən, bəlkə də idman ictimaiyyəti Məzahir müəllimin bir zamanlar güləşlə məşğul olduğunu bilmir. Yəqin bilirsiniz, Şamaxıda idman növləri arasında ən populyarı elə güləş olub. Daha bir maraqlı fakt. Məzahir, anam və mən eyni gündə (dekabrın 22-də) dünyaya göz açmışıq. Ona görə də 22 dekabr hər il bizdə bir ailə günü kimi qeyd olunur. Yeri gəlmişkən, onu da bildirim ki, anam Stalin dövründə kolxoz sədri olub. İşinə həmişə dövlət, xalq mənafeyindən yanaşıb.

– Bəlkə, Mahir Süleymanovdan da söz açasınız?

– Mahirlə yaş fərqimiz çox deyil. O, məndən 3 yaş böyükdür. Mahir futbolla həvəskar səviyyədə məşğul olub. Jurnalist kimi redaktor müavini, redaktor vəzifələrində çalışıb. O, hərbə daha çox meyil göstərib. Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağ döyüşlərində iştirak edib.

“İmkanım olsaydı…”

– Reallaşdıra bilmədiyiniz arzunuz olub?

– Heç zaman şəxsi arzulara qapanmamışam. Çünki mənim üçün xalqın arzusu öndə olub.

– FİFA referesi, Avroliqanın qrupu, “Sabahın ulduzları” öz yerində, daha hansı işinizdən qürur duyursunuz?

– Futbol aləmində öz potensialımın 15-20 faizini həyata keçirə bilmişəm. Bunun da bəlli səbəbləri olub.

– Şamaxıda futbolun olmaması Süleymanovları narahat etmir?

– Şamaxı tarixən güləşi ilə seçilib, amma futbol ənənəsi də olub (Şamaxının futbol komandası olub). Vallah, maddi imkanım olsaydı, Şamaxıda ən azından “Neftçi” ilə, “Qarabağ”la rəqabət apara biləcək “Şirvan” adlı bir komanda yaradardım. Yeri gəlmişkən, elə sizin qəzetiniz vasitəsi ilə imkanlı şamaxılılara deyirəm: “Qarabağ”ın 50 faizlik vəsaiti miqdarında yardım etsələr, “Qarabağ”dan da, “Neftçi”dən də güclü komanda formalaşdırmaq olar.

– Bu əminlik haradan gəlir?

– Əminlik ruhdan gəlir. İnsan var düşünüb danışır, insan var, onu ruhu danışdırır. Bu tamam fərqli məsələlərdir.

– Jurnalist olsaydınız, Tahir Süleymanova hansı sualı verərdiniz?

– Nə vaxta qədər palaza bürünüb el ilə sürünməyəcəksən?

– Elə isə, bu sualın cavabnı da eşitmək maraqlı olardı…

– Həyatda çayın axarına düşüb üzən insanlar onsuz da çoxdur. Axını qarşı üzməyi bacarmaq lazımdır.

Haşiyə

– Üzük qaşı ilə tanınar, qız qardşı ilə, bəs komanda?

– Almaza bərabər nəticələri ilə…

– Uzaq yerin arpasından, yaxın yerin samanı yaxşıdır, bəs uzaq yerin oyunçusundan nə yaxşıdır?

– Yerli istedad.

– Qonşun pisdir köç qurtar, dişin pisdir çək qurtar. Bəs rəhbərlik pisdirsə?..

– Fəlakətdir…

– Seyid cəddinə arxayın olar, bəs futbolçu, yaxud hakim?

– Bacarığına…

– Arvadın deyingəni kişini tez qocaldar, bəs məşqçinin deyingəni?

– Ağıllı məşqçi heç zaman deyinməz.

“Enerjim bədənimdən çıxmayanda yoruluram”

– İndi də sizə bir neçə, əgər belə demək mümkünsə, çaparaq suallarla müraciət etmək istəyirəm. Ən çox sevdiyiniz və azarkeşlik etdiyiniz komanda hansıdır?

– Milli və “Neftçi” komandamız…

– Özbək hakimi Rövşən İrmatovun bəxti nədə gətirib?

– Bəxti onda gətirib ki, onun qarşısını alan şəxslər olmayıb. Bizdə müstəqillik illərində ondan da, həmçinin Cüneyd Çakırdan da səviyyə baxımından çox güclü 3-4 hakimimiz olub. (Yeri gəlmişkən, 1996-1997-ci illərdə Türkiyəyə dəvət etdilər, lakin Azərbaycandan o səviyyəyə qalxa biləcəyimi düşünərərk, razılıq vermədim, bu, səhvim idi). Amma o bir türk oğludur, o da bizimdir, bunu dərk etmək lazımdır. Dərk etməyənlərə yazıqlar olsun… Biz türk dünyasının övladları kimi onlarla fəxr etməliyik.

– Hansı əsərin qəhrəmanına bənzəmək istəmisiniz?

– Heç kimə bənzəmək istəməmişəm. Mənim həyatda müəllimlərim kitab olaraq “Qurani-Kərim”, peyğəmbərimiz və onun ətrafında olan sadiq insanlardır. Və bir də valideynlərim.

– Ən çox hansı filmdən sitat gətirməyi xoşlayırsınız?

– Sünü örüklü meydança heç vaxt təbii meydançanın yerini verə bilməz. Özünü kimlərə isə bənzətmək istəyənlər, kimlərdənsə sitatlar gətirməyi adət edənlər özlərinə çox da güvənməyənlərdir.

– Sizə elə gəlmirmi ki, filosof kimi danışırsınız?

– “Qurani-Kərim” fəlsəfəsindən qidalanmağa çalışıram.

– Ən çox sevdiyiniz rəssam kimdir?

– Tahir Salahov.

– Şair, yazıçı?

– Azərbaycanın çoxlu dahi yazıçı və şairləri var. Onların heç birini ayırmaq istəməzdim.

– Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

– Təbiətin qoynuna üz tuturam. Belə məqamlarda daha dərin düşüncələrə dalıram.

– Bəs yorulanda hara üz tutursunuz?

– Ümumiyyətlə, yorulmuram. Əksinə, enerjim bədənimdən çıxmayanda yoruluram.

– Hansı mahnını zümzümə edirsiniz?

– “Ana” mahnısını… Hansı ki onu Rəşid Behbudov ifa edir: “Gözümün nuru, canım ana, böyütdükcə sən məni yana-yana…”

– Qardaşınız Məzahir Süleymanzadə daha çox “Səhəri” ilə tanındı, bəs Tahir müəllim?

– Mən nə etmişəm ki?

– Nədən müdafiə olunursunuz?

– Özümü tanıyandan bir əlimdə qalxandır, bir əlimdə qılınc.

– Bəs nə zaman hücuma keçirsiniz?

– Atam deyərdi kəşfiyyatı olan ordu qalib gələ bilməz. Bəs hansı ordu qalib gələ bilər? Kəşfiyyatı və əks kəşfiyyatı olan ordu.

– Aut – topu oyuna daxil etmək anlamındadır. Bəs özünüzdən çıxanda sizi kim “meydana” qaytarır?

– Hər zaman meydanda oluram.