Tahir Gözəl: “Amma o şərtlə ki, bu, “Qarabağ”a ziyan olmasın”

0
398

“Qarabağ”ımızın vitse-prezidenti Tahir Gözəl Madrid səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Tahir Gözəl ilk olaraq oyunla bağlı fikirlərini bildirib:

– Bu qarşılaşma bizim üçün tarixi oyundu. “Atletiko” ilə matçda qeydə alınacaq nəticə “Qarabağ” üçün çox önəmlidi (Qeyd edək ki, “Ateltiko” – “Qarabağ” oyunu oktyabrın 31-də, saat 23:45-də start götürəcək). Madriddə əlimizdən gələni etməyə gedirik. İnşallah, səfərdən xalla dönmək istəyirik, arzumuz budu. Böyük həyəcan və inamla yola çıxmışıq. Bakıdakı kimi ilk dəqiqələrdən özümüzə inanaraq oynamaq və səfərdən xalla dönmək arzusundayıq. Hədəfimiz budu.

– Bakıdakı oyundan sonra “Atletiko”nun rəhbərliyi “Qarabağ” haqda nə isə fikir bildirdi? Nəticə onlara təəccüblü gəlmədi ki?

 Matçdan sonra “Atletiko”nun prezidenti məni gözəl oyuna görə təbrik etdi. Dedi ki, “möhtəşəm oynadız”. Sağ olsun, komanda haqda yaxşı fikirlər səsləndirdi və bizi təbrik etdi. İndi bizi səfərdəki qarşılaşma maraqlandırır. Zədəlilərimiz var. Görək, necə olacaq. Hesab edirəm ki, “Qarabağ” Madriddə də gözəl oyunu ilə başımızı uca edəcək.

– Bu matçı “Qarabağ” üçün ən ağır oyun saymaq olarmı?

– Bəli, çox ağır olacaq. Rəqibimiz az məğlub olan komandadı. Bu il Çempionlar Liqasında yalnız “Çelsi”yə uduzublar. Məğlubedilməz komandadı. Qarşımızda nəhənglər var. Amma Bakıdakı oyundakı kimi pressinq edə bilsək, sürpriz nəticə ilə qayıtmaq olar.

– İlk oyunda qeydə alınan nəticədən sonra “Atletiko” bizə qarşı bu dəfə daha acıqlı ola bilərmi?

– Məncə, onlar daha hazırlıqlı olacaqlar. Baş məşqçimiz Qurban Qurbanovla görüşdük, ona da bu sözü dedim. Başa düşürəm ki, Bakıda qeydə alınan nəticə “Atletiko” üçün şok idi. Heç kim bunu gözləmirdi. Ancaq onlar kimi, biz də bu oyuna hazırıq. Qarşımızda kim olduğunu bilirik.

– Gələcəkdə “Qarabağ”ın inkişafını necə görürsüz?

– İnkişafı cavanlarda görürəm. O gün bir klub rəsmisi ilə söhbət edirdim. Bir-birimizə sual verdik ki, klub nə deməkdi? Dedi ki, biz artıq 5 yaşdan futbolçu götürürük. Gələcək gənclərdədi. Bizim heç vaxt xaricdən daha güclü futbolçular gətirməyə gücümüz çatmayacaq. Gəlin, xarici klublarla özümüzü müqayisə edək. “Çelsi”nin büdcəsi 1 milyard dollardan çoxdu. Gələcək özümüzdədi, biz gücü özümüzdə axtarmalıyıq. “Qarabağ”da 9 yaşlı uşaqlar oynayır, bunu 5-ə çevirməliyik. Futbol Azərbaycanda prestij halına gəlməlidi. Futbol oynamaq istəyən cavanlarımız ailələri tərəfindən dəstəklənməlidi. “Qarabağ” klubu da bu öz növbəsində bu məsələyə çox ciddi yanaşmalıdı.

– Gələn il də Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləmisiz?

– Əlbəttə. Burdan geri qayıtmaq istəmirik. Bu illərin Qarabağ üçün siyasi cəhətdən çox həssas olduğuna inanırıq. “Qarabağ”ın oyun keyfiyyəti ildən-ilə artır. Bu, davamlı olmalıdı. Çempionlar Liqasının reqlamentində dəyişiklik olub, çox çətinləşdiriblər. Bilmirəm niyə belə ediblər? Hələ də məqsədlərini başa düşmürəm. Bizim kimi klubları dəstəkləmək istəyirlərsə, belə davranmamalıdılar. Çünki bu bizə kömək etmir. “Roma” və “Atletiko”nun oyununa baxın. Buna rəğmən, “Qarabağ”ın həmişə rəqibi qarşısında şansı var. “Qarabağ”ı artıq bütün dünya tanıyır. Əlbəttə, büdcə cəhətdən digərləri ilə müqayisədə kiçik klubdu. Amma artıq özümüzə görə adımız var.

– Klubun maliyyələşməsi ilə bağlı hansısa problem yoxdu ki?

– Heç bir problem yoxdu. Bütün neft ölkələri kimi, Azərbaycan da böyük çətinliklərdən keçdi. Şükürlər olsun ki, bunun bizə böyük təsiri olmadı. “Azərsun Holdinq” də bu çətinlikdən yaxşı çıxdı. Tam əminliklə deyirəm ki, maddi cəhətdən heç bir əskikliyimiz yoxdu. Bu templə də davam edəcəyik.

– “Qarabağ”ın Azərbaycan Premyer Liqasında yenə çempionluğa oynadığı məlumdu. Bəs birincilik uğrunda mübarizədə əsas rəqibləriniz kimi hansı komandanı görürsüz?

– İlk növbədə “Qəbələ”nin adını çəkərdim. Bizə qarşı son matçda, doğrudan da, möhtəşəm oynadılar. Buna görə, “Qəbələ”ni təbrik edirəm. Həmin oyun bizə göstərdi ki, rahatlaşmaq olmaz. “Neftçi” də son matçlarda özünü doğruldur. Futbolçularla danışmışam, yeni gələnlərlə də bu barədə söhbətimiz olub. Məncə, “Neftçi” də çox güclü rəqib olmağa doğru gedir.

– “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı milli komanda ilə birgə hallanır. Belə bir təklif gəlsə, münasibətiniz necə olar?

– AFFA tərəfdən bizə hələ rəsmi müraciət olunmayıb. “Qarabağ” hamımız, Azərbaycanı sevən hər kəs üçün ən böyük dəyərdi. Qurbanovun milliyə getməsinə o şərtlə razı olaram ki, kluba heç bir ziyan dəyməsin. “Qarabağ”a zərər gəlməyəcək, əlavə kömək edə biləcək hər təklifə müsbət baxıram. Milli komanda da bizimdi, özümüzündü. Lakin Qurban müəllimin getməyi variantı üzərində heç vaxt fikirləşməmişik.

– Qurban Qurbanovun paralel olaraq, yığmada və klubda çalışmasına razı olarsızmı?

– Yenə deyirəm, “Qarabağ”a zərər verməmək şərtilə, razılaşmaq olar. Mənə gələn təklifdən, şərtlərindən asılıdı. Əgər “Qarabağ” milliyə kömək edə biləcəksə, yığma ilə iş birliyi qurmaqla nəsə müsbət addım atılacaqsa, niyə də olmasın? Milli komandanın adı da önəmlidi. Baxışımız müsbətdi. Amma o şərtlə ki, bu, “Qarabağ”a ziyan olmasın.