Tahir Budaqov: Şuşadakı konfrans Türkiyə-Azərbaycan münasibətlərinin növbəti təzahürüdür

38

“Dünən Şuşa şəhərində baş tutan konfransımız Türkiyə və Azərbaycan arasında münasibətlərin yeni, növbəti təzahürləridir”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, dünən 3 tarixi hadisənin əlamətdar olduğu gündə keçirilən konfrans həm də rəmzi məna daşıyırdı: “Konfransda çox ciddi mesajlar verildi və münasibətlərdə yeni mərhələnin əsası qoyuldu. İlk dəfə idi ki, iqtidar partiyalarının təşkil etdiyi tədbirə digər partiyaların da rəhbər heyətləri qatılmışdı. Azərbaycan tərəfindən də dünənki konfransa 33 partiya sədri qatılmışdı. Bu da Azərbaycanda yeni siyasi konfiqurasiyaya keçidin göstəricisi idi”.

Tahir Budaqov işğaldan azad olunmuş ərazilərdə görülən bərpa və quruculuq işlərində Türkiyə şirkətlərinin roluna da toxunub: “Hazırda azad edilən ərazilərdə gedən bərpa və quruculuq işlərində Türkiyə şirkətləri mühüm rol oynayır. Türkiyə şirkətlərinin gördüyü işlər göz önündədir”.