Tağıyev ənənələri davam etdirilir

546

Azərbaycanda “Gələcəyini qur!” gənclərə dəstək mahiyyətli maraqlı bir layihəyə start verilib. Bu günlərdə layihənin təqdimatı keçirildi və biz də həmin tədbirdə iştirak etdik. Layihənin məqsədi aztəminatlı ailələrdən olan uşaqlara ali təhsil müəssisələrinə qəbul üzrə hazırlıq, təhsil və s. sahələrdə kömək göstərməkdir. Məlumat üçün bildirək ki, “İteca Caspian” və “R.İ.S.K.” şirkətlərinin təşkilatçılardan ibarət qrupu layihənin sponsoru kimi çıxış edir. “Gələcəyini qur!” layihəsinin tərəfdaşları “Kainat” Təhsil Mərkəzi  və Azərbaycan Diplomatik Akademiyasıdır (ADA). Layihənin təsisçisi isə “LEGASY” şirkətidir. Şirkətin direktoru Ramilə Aslanova təqdimat mərasimində layihəyə aprel ayında start verildiyini və pilot rayonlar kimi Bakının Qaradağ və Binəqədi rayonlarında yaşayan istedadlı gənclərin seçildiyini vurğuladı: “Müxtəlif sektorlarda çalışan bir qrup gənc Azərbaycan cəmiyyətinə fayda vermək məqsədi ilə belə bir təşəbbüs irəli sürdülər. Daha sonra bu ideya birgə işlənərək layihələndirildi və təhsil proqramı halına gətirildi. Təbii ki, bu ideyaya maliyyə dəstəyi tələb olunur, odur ki, bu məqsədlə bir sıra şirkətlərə əməkdaşlıq təklif etdik. Onların bəziləri korporativ sosial məsuliyyət proqramı çərçivəsində bizə bu xeyirxah işdə dəstək verdilər”.

Ramilə Aslanovanın sözlərinə görə, layihənin icrasına ötən ilin aprel ayından başlanılıb: “Layihənin məqsədi Azərbaycan cəmiyyətinə bilikli, savadlı, yüksək tələblərə cavab verən gənclər qazandırmaqdır. Bunu edərkən qarşımıza spesifik məqsəd və vəzifələr qoymuşuq. Pilot olaraq, Bakının 2 rayonu ərazisində – Qaradağ və Binəqədidə məktəblərdən 44 nəfər yüksəkpotensiallı şagirdlər seçildilər. O şagirdlər ki, yüksək potensialları olmasına rəğmən, bir sıra xidmət və resurslardan, onlara çıxış imkanlarından məhrumdurlar, aztəminatlı ailələrdə böyüyürlər”.

 “Ali təhsil bir gəncin uğur qazanması üçün yeganə mənbə deyil”

Ramilə Aslanova dedi ki, aztəminatlı ailələrdən olan şagirdlər seçilərkən müxtəlif məqamlar nəzərdən keçirilib: “Əlbəttə, ali təhsil bir gəncin uğur qazanması üçün yeganə mənbə deyil. Onların ümumi dünyagörüşünün zənginləşdirilməsi, cəmiyyətə daha rahat inteqrasiya olunmaları üçün müəyyən tədbirlər kompleksi işləyib hazırlamışıq. Seçiləcək şagirdlərlə söhbətləşərkən gördük ki, onların çatışmayan cəhəti təkcə bilik və savadlarının aşağı olması deyil, bir sıra digər problemlər də var. Bu məsələdə onların ailələrinin, yaşadıqları şəraitin də təsirləri az deyil. Şagirdlərin özlərini cəmiyyətdə ifadə edə bilmə çətinliyi, özünə güvən və s. sahələrdə problemləri var. Onlar hansı sahədə işləyəcəklərini, hansı sahədə çalışacaqlarını dəqiqləşdirə bilmirlər. Qeyd edim ki, gənclərin seçilməsi istiqamətində bizə dəstəyi Təhsil Nazirliyi verdi. Belə ki, hər iki rayonda 67 məktəbə məktublar göndərildi. Həmin məktəblərdən isə 500 nəfər şagird ərizə ilə bizə müraciət etdi. Ümumilikdə, həmin şagirdlər 4 seçim mərhələsindən keçdilər”.

 Uşaqları nə gözləyir, bu işin faydası nədir?

R. Aslanovanın sözlərinə görə, əsas şərtlərdən biri də bu olub ki, bu uşaqların potensialı çox yüksək olmalıdır: “Yəni onlar gələcəkdə ali məktəbə imtahanlarda 600-dən çox bal yığma potensialına malik olmalı idilər. 500 şagird arasında seçim edərkən bu məqamı da nəzərə aldıq. Təhsil Nazirliyinə və valideynlərə məlumat verdik ki, uşaqları nə gözləyir, bu işin faydası nədir. Ailələrin hər birinə səfər etdik və onların vəziyyətlərini yerində öyrəndik. Sonra sınaq imtahanı keçirildi. Dediyim kimi, ümumilikdə aztəminatlı ailələrdən olan 44 nəfər bu layihədə iştirak hüququ qazandı. Uşaqların valideynləri ilə müqavilə imzalandı. Artıq həmin uşaqlar “Kainat” Təhsil Mərkəzində kurslara cəlb olunublar. Uşaqların karyera qurmaları üçün, şəxsiyyət kimi formalaşdırılmaları üçün, müasir dövrün tələblərinə cavab verən bir insan olaraq yetişmələri üçün nə lazımdırsa, bunlar həyata keçiriləcək. Bunun üçün onların psixoloqlarla işləmələri də vacibdir. Artıq bu layihəyə çox tanınmış bir psixoloqu cəlb eləmişik. Həmin uşaqların hər biri üzrə inkişaf planı hazırlanacaq. Digər mövzulara – sağlam həyat tərzi sürmək, öz hüququnu bilmək, gender bərabərliyi və s. mövzulara da üstünlük veriləcək. Məqsəd həmin gənclərin hərtərəfli inkişafına töhfə verməkdir. Bu bir pilot layihədir və iki rayonu əhatə edir. Biz gələcəkdə bu layihələrin digər rayonlarda da həyata keçirilməsini planlaşdırırıq. Məqsəd onların həm özlərinə, həm də cəmiyyətə çox faydalı olmalarına nail olmaqdır. Ümidvarıq ki, gələcəkdə həmin gənclər həm özlərinin, həm də yaxın ətraflarının inkişafına böyük töhfə verəcəklər”.

 “Ümid edirəm ki, bu gənclərin uğur layihələrini gələcəkdə çox eşidəcəksiniz”

Sosioloq Cavid İmamoğlu isə tədbirdə çıxışı zamanı reallaşdırılan bu layihənin gələcəyə hesablandığını bildirdi: “Bizim cəmiyyətdə, xüsusilə də mətbuatda belə hallara tez-tez rast gəlinir – valideyn himayəsindən məhrum olan uşaqlara “yetim” deyirlər, əlilliyi olan uşaqlara “şikəst” deyirlər, amma bu layihədə biz etikanı nəzərə alaraq yola çıxmışıq. Korporativ işlər xeyriyyəçilik işindən tamamilə fərqlidir. Məsələn, biz bu gün qısa müddət ərzində kiminsə qarnını doyura bilərik, ona lazım olan hansısa bir ləvazimatı verə bilərik, amma korporativ tədbirlərin hədəfi gələcəkdir. Biz korporativ tədbirlərin vasitəsi ilə gələcək qururuq. Bizimlə əməkdaşlıq edən şirkətlərə təşəkkür edirik ki, onlar gələcəyə investisiya qoydular, yəni 2-3 il, 5 il sonraya. Adətən, belə deyək, bəzi valideynlər, yəni tipik Azərbaycan zehniyyəti bu günlə yaşayır, gələcəyini düşünmür – bu gün oğluma toy eləyim, altında bahalı maşın olsun, amma gələcəkdə yaxşı vətəndaş olsun, yaxşı şəxsiyyət olsun – ora qədər çoxları düşünmür. Gələcəyin görüntüsünü biz artıq bu gündən formalaşdırmalıyıq. Mart ayından etibarən biz bu uşaqlarla ünsiyyətdəyik və artıq onlarda müsbət dəyişikliklər özünü birüzə verir, davranışları dəyişib, özlərinin şəxsi fikirlərinin formalaşmasını müşahidə edirik. Bu gün Azərbaycan yeniyetməsinin ən böyük problemi nədir? Özünə qapanmaq, emosional gərginlik, stresi idarə edə bilməmək, liderlik qabiliyyətlərinin olmaması, özünə güvən hissinin aşağı olması və s. Bizim layihəyə qoşulan hər bir gəncdə artıq özünə güvən formalaşmağa başlayıb. Biz vasitəçi olacağıq ki, həmin gənclər həm özləri, həm ailələri, həm də gələcək üçün fəal vətəndaş olsunlar. Bu gün biz onlar üçün korporativ tədbirlər görürük, sabah onlar digərləri üçün korporativ tədbirlər görəcəklər, öyrəndikləri bilik və bacarıqlarını başqaları ilə bölüşəcəklər. Cəmiyyətimizdə bölüşmək mədəniyyətini, qarşılıqlı faydalanmaq, dəstək mədəniyyətini inkişaf etdirməliyik. İnşallah, biz bu layihəni növbəti illərdə digər rayonlarda, şəhərlərdə gerçəkləşdirməyi arzulayır və planlaşdırırıq. Ümid edirəm ki, bu gənclərin uğur layihələrini gələcəkdə mətbuatdan çox eşidəcəksiniz”.

Tədbirdə digər şirkətlərin müdirləri də çıxış edərək, öz ürək sözlərini bildirdilər.

NİCAT İNTİQAM