Tacir, AFFA və mənim düşüncələrim

0
465

Bir tacir varmış. Bu tacir alış-veriş məqsədilə öz karvanı ilə həmişə uzaq səfərlərə çıxarmış. Həmin səfərlərdə də karvanı 10 adam, indiki terminlə desək, cangüdən müşayiət edərmiş. Günlərin bir günü səfər etdiyi ölkələrin birində tacir çox cüssəli, həm də çox güclü bir pəhləvanla rastlaşırmış. Və öz-özünə düşünürmüş: “Əcəba, mən axı niyə 10 cangüdən saxlamalıyam? Niyə onların hər birinə filan qədər xərcləməliyəm? Yaxşısı budur, elə bu cüssəlini cangüdən kimi işə qəbul edim”. Bəli, tacir götür-qoydan sonra fikrini həmin şəxsə deyirmiş. Bu şəxs də onunla razılaşırmış. Tacir bu razılığı alarkən o biri cangüdənlərin hamısını işdən qovurmuş. Günlərin bir günü tacir yenə uzaq səfərə yollanırmış. Yolda onun karvanına quldurlar basqın edirlərmiş. Təbii ki, həmin cüssəli adam quldurların qarşısına çıxırmış. Lakin cüssəli pəhləvanın bütün səylərinə baxmayaraq, quldurlar onu möhkəm əzişdirib, karvanı ələ keçirirlərmiş. Üstəlik, taciri də əsir götürürlərmiş. Bu uğuru özünəməxsus şəkildə qeyd edən quldurlardan biri bayaqdan bəri halsız vəziyyətdə yerdə uzanmış həmin cüssəlinin qulağına çöp soxub onunla məzələnmək istəyirmiş. Bu zaman bunu özünə ar bilən cüssəli şəxs ayağa qalxır və bütün quldurları zərərsizləşdirir və karvanı xilas edirmüş.

Bu əhvalatdan az sonra tacir yenə uzaq səfərə çıxmaq istəyirmiş. Lakin o, bu dəfə həmin cüssəlinin xidmətindən deyil, əvvəlki 10 nəfərin xidmətindən yararlanmaq istədiyini bildirəndə cüssəli soruşubmuş: “Ağa, bəs mən?” Tacir də ona belə cavab veribmiş: “Mən daha çətinliyə düşəndə hansısa bir axmağın sənin qulağına çöp soxmasını gözləyə bilmərəm. Hər quldur arasında axmaq olmur ki?”

Nədənsə son günlər AFFA-dan və millimizin sabiq baş məşqçisi Berti müəllim Foqtsdan söz düşəndə, yaxud bu adlara mətbuatda rast gələndə həmin rəvayət yadıma düşür. Bilirsinizmi niyə? Bu suala birdən-birə aydınlıq gətirə bilmədiyimdən, bir qədər uzaqdan başlamaq istəyirəm. Amma lap da uzaqdan yox…

Sizi bilmirəm, mənim zənnimcə, nə yaxşı ki, Foqtsun rəhbərliyi altında fəaliyyət göstərən millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya böyük hesabla, daha doğrusu 0:6 uduzdu. Yoxsa futbol aləmində Foqts “alman dəqiqliyi” ilə belə uğurları davam etdirəcəkdi. Və hər dəfə də bir bəhanə gətirib özünü sığortalayacaqdı, yəni özünü tərifləyəcəkdi. Məhz belə böyük hesabla uduzmağımız bizi Foqtsun əlindən aldı, Azərbaycan futbolunu növbəti biabırçılıqların cəngindən xilas etdi. Odur ki, mən xorvatlardan söz düşəndə həmişə “ayağınıza sağlıq” deyirəm. Bu məsələdə biz Xorvatiya millisinə də minnətdar olmalıyıq. Bu mənada onların adı futbol tariximizdə qızıl hərflərlə həkk olunmalıdır.

Yeri gəlmişkən, indi də yeni xarici məşqçi axtarışına çıxmışıq. Hətta bir xorvatiyali məşqçini də, Robert Prosineçkini deyirəm, qaralamışıq. Artıq mətbuatda onun adı tez-tez hallanmaqdadır. Elə bil bizdə məşqçi-filan yoxdur. Halbuki kifayət qədərdir. Həmin məşqçilərdən söz düşəndə də deyirlər ki, onlar artıq Azərbaycan millisində işləyiblər və öz sözlərini deyiblər. Axı o vaxt milli üçün belə şərait olmayıb. Yadınıza salın, o zaman nə pul var idi, nə şərait. Amma milli sona kimi vuruşurdu, qələbə də qazanırdı. İndi şərait var, amma oyun yoxdur. Deyəsən, yazımın rəvayətə aid hissəsindən uzaqlaşdım axı. Eh, bir də bu milli elə yanıqlı yerimizdir ki, ondan söz düşəndə tüstülənməyimiz təbiidir.

Hə, onu deyirdim axı… Nə yaxşı ki, xorvatlar qapımıza 6 cavabsız qol vurdular. Məhz bundan sonra AFFA rəsmiləri ayıldılar və Foqtsa öz sözlərini dedilər. Dedilər ki, biz daha gözləyə bilmərik ki, hansısa komanda sənin qulağına çöp soxsun, rəhbərlik etdiyin komandanın qapısından bir də altı qol keçirsin. Bunu sənə bağışlaya bilmərik, gəl xudahafizləşək. Bəli, bizimkilər həmin o tacir kimi vəziyyətdən yararlandılar və Foqtsla vidalaşdılar. Hə, indi də millimizin böyükləri yeni əcnəbi bir məşqçi axtarışındadır. Qorxuram ki, bu dəfə yeni məşqçi də həmin cüssəli pəhləvanın gününə düşə. Görəsən, biz bunu bilə-bilə niyə yenə eyni addımı atırıq? Amma öz aramızdır, sonradan həmin tacir karvanını elə həmin o 10 nəfərə həvalə edibmiş. Olmaya bizim rəsmilərin həmin o tacir qədər anlayışları yoxdur? Yeri gəlmişkən, mən AFFA-nı tacirə bənzətmək istəməzdim. Amma nə edim ki, belə alındı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here