Təyyarə qəzasından qurtulan Fəxrəddinin qısa hekayəti

0
57

Təyyarə qəzasından qurtulan Fəxrəddinin qısa hekayəti

1988-ci il dekabrın 7-də Ermənistanda dəhşətli zəlzələ baş verdi. Bu dəhşətli zəlzələ nəticəsində 25 minə yaxın erməni öldü. O zaman hakimiyyət başında olan ermənipərəst Mixail Qorbaçov ABŞ-a rəsmi səfərini təxirə salaraq Ermənistanın zəlzələdən zərər çəkən bölgəsinə gəldi. O, beynəlxalq aləmi, eləcə də müttəfiq respublikaları Ermənistana yardım göstərməyə çağırdı. .Bu elə bir vaxt idi ki, daşnaklar Ermənistanda azərbaycanlıların – soydaşlarımızın qətli, soyqırımı və deportasiyasını həyata keçirirdlər…  Bununla bağlı kifayət qədər faktlar da var. Məsələn, 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq uşaqları qətlə yetiriblər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə) 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlayıblar. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılıb.

Bu elə bir dönəm idi ki, artıq Bakı, Sumqayıt, Gəncə şəhərləri, əksər bölgələrimiz minlərlə qaçqını öz qoynuna almışdı. Onların bu kimi vəhşiliklərinə baxmayaraq Azərbaycanın o vaxtkı rəhbəri, daha doğrusu, Azərbaycan SSR KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov sovet beynəlmiləlçilik prinsiplərinə əsaslanaraq qonşu ölkəyə yardım etmək qərarını verdi. Ermənilərə köməyə göndərilənlərin arasında əslən kəndimizdən olan Fəxrəddin Balayev də olub.

Qısa arayış

Fəxrəddin Nizaməddin oğlu Balayev 1958-ci il oktyabrın 1-də Bakıda anadan olub. Xırdalandakı 2 saylı orta məktəbi bitirib. Politexnik Texnikumunda avtomobil-nəqliyyatın istismarı üzrə təhsil alıb. 1978-80-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olub. 1982-ci ildə Güldanə xanımla ailə həyatı qurub. Bu izdivacdan 3 övladı (2 qız, 1 oğul) dünyaya gəlib. O, daha sonra  Dövlət Neft Şirkətinin nəzdində olan avtomobil qarajında çilingər kimi fəaliyyət göstərib. Elə iş yerindən də Ermənistana göndərilib.

 

Məcburi gediş

Fəxrəddinin oğlu Qurban bəyin dediyinə görə, atası, həmçinin digərləri soydaşlarımızı yurdlarından vəhşiliklə qovan, onları  qətlə yetirən bir ölkəyə köməyə yollanmaq istəməyiblər. Lakin onların istəyinə məhəl qoyulmayıb, nəticədə hədə-qorxu ilə bu işə “razılıq” veriblər. Deyilənlərə görə,  o vaxtlar Bakının komendantı olan general-polkovnik Tyaqunov hətta Ermənistana getməkdən boyun qaçırdıqları təqdirdə onların həbs olunacaqlarını da bildiribmiş. Beləcə, Fəxrəddin də 2 gün Nasosnıdakı (H.Z.Tağıyev qəsəbəsi) hərbi hissədə qaldıqdan sonra digərləri kimi, Bakıdan Ermənistana yola düşən yükdaşıyan İL-76 təyyarəsinin sərnişini olub. Lakin erməni dipetçerin qəsdən səhv yönəltdiyi koordinatlara görə Bakı-Gümrü reysi ilə hərəkət edən İL-76  markalı yük təyyarəsi Leninakan yaxınlığında dağa çırpılaraq qəzaya uğrayır. (Bəzi məlumatlara görə, 11 dеkаbr 1988-ci ildə zəlzələdən zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş İL-76 təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа «Stingеr» rаkеti ilə vurulub. Həmin günlərdə keçmiş Yuqoslaviya respublikasından yardım daşıyan təyyarə də Eçmiədzin və Armavir şəhərləri arasındakı ərazidə qəzaya uğramışdı. Bəzi məlumatlara görə, erməni terrorçular təyyarənin Türkiyəyə məxsus оlduğunu gümаn еdərək vurublar.) Qəza zamanı Fəxrəddin təyyarədəki avtomobilin kabinəsində əyləşdiyindən yerə düşəndə ağır zədələr alsa da, təsadüf nəticəsində salmat qalıb. Belə ki, qəza zamanı bort mexanikinin əli təsadüfən açılış pultuna toxunub. Çıxış qapısı açılan zaman içərisində Fəxrəddin olan həmin maşın yerə çırpılıb. Digər 78 sərnişin isə bu faciənin qurbanı olublar.

 

Haşiyə

Amma o dövrdə nə SSRİ, nə də yerli rəhbərlik Ermənistana yardıma getmiş azərbaycanlı xilasedicilərə heç adi bir təşəkkür də bildirmir.
Azərbaycan Respublikası Prezidentinin 1994-cü ildə verdiyi Fərmana əsasən, ermənilərə yardıma gedən təyyarədə həlak olmuş 78 nəfərə şəhid statusu verilir.

 

Onu öldürmək istəyiblər

Bu təyyarədən öncə digər təyyarə ilə Ermənistana köməyə göndərilmiş Vaqif Əhmədov adlı bir şəxsin dövrü mətbuata verdiyi məlumata görə, o, təsadüfən təyyarənin qəzaya uğradığı yerin yaxınlığında imiş. Elə Fəxrəddinin imdadına ilk çatan, onu xəstəxanaya çatdıran da  o olub. Sarıbəniz olduğundan erməni həkimlər Fəxrəddini rus biliblər. Amma onun azərbaycanlı olduğunu bildikdən sonra faşist xislətli erməni həkimləri ağır vəziyyətdə olan, daha doğrusu, ayaqları sınmış, qolları zədələnmiş, qabırğaları qırılmış Fəxrəddinə yardım etmək istəməyiblər. Bir sözlə,  «ermənilər arasında türkə yer yoxdu», – deyərək onu müalicə etməkdən boyun qaçırıblar. Üstəlik, azərbaycanlı olduğuna görə onu öldürməyə cəhdlər ediblər. Amma oradakı ruslar onu bu bəladan qoruya biliblər. Odur ki, Fəxrəddin müalicə məqsədi ilə oradan Moskvaya göndərilib. Fəxrəddinin oğlu Qurban bəy bizimlə söhbətində bildirdi ki, huşsuz vəziyyətdə olan atasının bunların heç birindən xəbəri olmayıb. Belə ki, Fəxrəddin Moskvada Burdenko adına hospitalda 3 aydan çox çəkən müalicədən sonra, əgər belə demək mümkünsə, özünə gəlib.

Ana harayı

Oğlu Qurbanın xatirələrindən: “Bu hadisə baş verən gün nənəm Kübra xanım yuxusunda atam Fəxrəddinin al qan içində hansısa xəstəxanada 3 dəfə “Ana” deyərək haray çəkdiyini görüb. Yeri gəlmişkən, onu da deyim ki, Vaqif Əhmədov adlı şəxs elə atamın “Ay ana!” fəryadından onun azərbaycanlı olduğunu bilib”.

 

Haşiyə

Təyyarəyə minərkən Fəxrəddinin harada əyləşməsi ilə bağlı müxtəlif versiyalar da var. Fikrimizcə, bütün bu mübahisələrə Fəxrəddinin həmin qəzada həyat yoldaşını itirmiş Nailə Hacıyevaya yazdığı cavab məktubu son qoya bilər. Məktubda Fəxrəddin yazır: “…Bizi Biləcəridən avtobuslarla Nasosnuya voyenniy aerodroma (hərbi aeroport-müəllif) apardılar. İki gün biz orda qaldıq. Elə avtobusda da yatırdıq.

…Samalyota (təyyarə-müəllif) minəndə isə mən axırıncı minmişəm. Gecikmişdim, hamı samalyotda idi, mənə yer olmadı. Ona görə də mən samalyotdakı maşının kuzovuna (yük yerinə-müəllif) qalxdım və orda oturdum. Sağ qolum sınıq olduğuna görə çox yaza bilmirəm, bağışlayın.”

Son

Bakıda müalicəsini davam etdirən Fəxrəddinin səhhətinin tam bərpası mümkün olmayıb. Sonradan bu fəsadlar onun başına bəlalar gətirib. Elə bu əzablar azmış kimi,  I qrup əlil Fəxrəddin ömrünün sonuna kimi böyrək çatışmazlığından da əziyyət çəkib. Amma o heç zaman çəkdiyi ağrıları ailəsinə büruzə verməyib. Elə bu xəstəlikdən də 52 yaşında, 2010-cu ilin mart ayında dünyasını dəyişib.

Oğlu Qurbanın sözlərinə görə, Fəxrəddin uşaqlıq, məktəb illərinin keçirdiyi Alpanı çox sevərdi: “O, mənə və bacılarıma bu kəndin təbiətindən, insanlarından maraqla söz açardı. Bir zamanlar kənddəki dini məktəbdə dərs demiş babası Moll Seyfəddinin isə onun dünyasında xüsusi yeri vardı. Babasına istinadən deyərdi ki, Balayevlər soyadı əslində Molla Balayev olub. Amma sonradan sovetin qanunlarına uyğunlaşdırılıb. Sovet dönəminın qadagalarına baxmayaraq, o,dini kıtablardan imtina etməyib. Eşitdiyimə görə, 2003-cü ildə atamın əmisi Molla Seyfəddinin istifadə etdiyi Quran cüzlərini kənd məscidinə verib.  

 Deyərdi ki, kəndimizin ağsaqqalı sayılan, ərəb əlifbasını həmkəndlilərinə öyrədən babam Molla Seyfəddin çox nurani kişi olub, hamıya kömək etməyə çalışıb. Hətta atam deyərdi ki, kişi elə bil nur topası idi. Hamı onun adını ehtiramla cəkərdi. Evlənən gənclərin şəriət kəbinini də o kəsərdi. Kəndimizdə  dəfn mərasimkərində ölü sahiblərinə kömək məqsədilə pul yığmağı da ilk dəfə o, tətbiq edib. Hətta camaata da tövsiyə edərdi ki, ölü yerindən qalmasınlar. Hə, atam deyərdi ki, babasının yaxşı calaq etməyi də vardı. Harda cır ağac görsə idi, calaq edərdi. Övladları ona “əmi” deyə müraciət edərdilər. Deyərdi ki, nənəsi  Qızana da öz sadəliyi ilə babasından geri qalmazdı.

Bir sözlə, atam Alpana bağlı bir insan idi. Odur ki, imkan tapan kimi bir qayda olaraq, əgər belə demək mümkünsə, Alpana qaçardı. Hər dəfə kənddən qayıdanda da “Ögey ana” filmindəki “Kəndimiz” mahnısının bu sözlərini zümzümə edərdi:

Yurdum, yuvam, ey əziz kəndimiz,

Azad, abad, ay gözəl kəndimmiz,

Gözəl olur səndə yay, qış, bahar…

Hərdən də deyərdi ki, mənə bir şey olsa, dədə-baba yurdumda, yəni Alpanda basdırarsınız. Ailəsi də atamın bu sözlərini əsas tutaraq onu Alpan kənd qəbiristanlığında atasının, babasının yanında dəfn edib”.

Qvami Məhəbbətoğlu