“Təssüflər olsun ki, biz … belə bir cavab alırıq”

764

Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində  «Məişət zorakılığı sahəsində milli qanunvericilik və onun icra mexanizmləri» mövzusunda maarifləndirmə tədbiri keçiriib.  Mövzu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova geniş məlumat verib. Bildirib ki, artıq neçə ildir ki, “Məişət zorakılığı haqqında” qanun qüvvədədir. Qanunun icrasının işləkliyini təmin etmək, məişət zorakılığından əziyyət çəkənlərin daha yaxşı müdafiəsi, onların ailə üzvlərinin müdafiəsi kimi məsələlərin həlli və gücləndirilməsi üçün bütün yerli icra hakimiyyəti orqanlarında monitorinq qrupları yaradılıb. İcra hakimiyyəti başçısının müavinlərindən birinin rəhbərlik etdiyi bu qruplarda yerli təhsil, səhiyyə şöbələrinin müdirləri, polis idarəsinin rəisi, prokuror, sosial müdafiə mərkəzlərinin müdirləri təmsil olunurlar: “Ona görə də biz bir sıra rayonlarda bu istiqamətdə  tədbirlər həyata keçiririk. İdarəçilik akademiyasında kurslar təşkil olunub və bütün rayon icra hakimiyyətlərinin müavinlər səviyyəsində kurslar keçirilib və bu hüquqi sənədlərlə bağlı məlumatlar və tövsiyələr verilib. Bu gün biz sizinlə monitorinq qrupunun necə işləməsi ilə bağlı müzakirələr keçirəcəyik”.

Sədaqət xanım bildirib ki, məişət zorakılığı ilə bağlı bank yaradılıb və bu da qanunun işləmə mexanizmi ilə bağlı komitənin üzərinə qoyulan bir vəzifədir: “Bütün məişət zorakılığı ilə bağlı problemlər Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olmalıdır. Komitə bunları ümumiləşdirib statistikasını hazırlamalıdır. Məişət zorakılığı ilə bağlı sığınacaqlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə tövsiyə olunmuşdur ki, bu istiqamətdə də müəyyən tədbirlər həyata keçirilir. Düzdür, hazırda dövlət səviyyəsində belə bir sığınacaq yoxdur. Amma müəyyən rayonlarda QHT-lər səviyyəsində məişət zorakılığına məruz qalmış qurbanlar üçün sığınacaqlar artıq yaranmaqdadır. Biz bu bank vasitəsi ilə yerli icra hakimiyyətlərindən,hüquq mühafizə orqanlarından, Daxili İşlər Nazirliyindən məlumatları toplayırıq və banka yerləşdiririk. Təssüflər olsun ki, biz yerli icra hakimiyyətlərindən belə bir cavab alırıq: 6 ay ərzində heç bir məişət zorakılığı faktı qeydə alınmamışdır. Halbuki bu mümkün olan şey deyil. Metbuatda bu kimi hadisələrlə bağlı hər gün müxtəlif məlumatlar yazılır. Bu o deməkdir ki, icra hakimiyyətlərində bunun fərqənə varmırlar. Bir məqama toxunmaq istəyirəm. Bəzən elə rayonun icra hakimiyyətindən xəbər gəlir ki, heç bir zorakılıq faktı olmayıb, amma həmin rayonun polisindən məlumat verilir ki, 6 ay ərzində 5 münaqişəli ailə nəzarətə götürülüb. Bir daha qeyd edirəm ki, bu monitorinq qrupları hüquq mühafizə   və  qadın və uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün qadınların, uşaqların, gənclərin, müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə  təlimlər təşkil etmək, mövcüd problemləri öyrənmək və müvafiq qurumlara təklif və tövsiyələri təqdim etməkdən ibarətdir. Belə məsələlərə ciddi münasibət göstərmək lazımdır, bu çox önəmli və vacib məsələdir”.

 

Daha sonra Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə xanım İbrahimova çıxış edərək  məişət zorakılığı, onun əsas səbəb və nəticələri, həmçinin «Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu», bu qanuna müvafiq olaraq Nazirlər Kabinetinin qəbul edilmiş qərarları, ailə münaqişəsi zəminində qadınlara və uşaqlara qarşı törədilmiş cinayətlərin rəsmi statistikası, BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə  Komitənin Azərbaycan hökumətinə təqdim etdiyi son tövsiyələri barədə  məlumat verib.
Tədbirdə eyni zamanda Mingəçevir İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov, müvafiq qurumların nümayəndələri Yevlax və Mingəçevir şəhərlərinin hüquq mühafizə orqanları, səhiyyə və digər qurumların rəhbərləri iştirak ediblər.Tədbir qarşılıqlı müzakirələrlə başa çatıb.

Esmira Hidayətova, Mingəçevir