Tərlan Nəzir: “Alpandan olduğumu biləndə…”

281

 

 

Tərlan Nəzir… Onunla şəxsi tanışlığım olmasa da, bir zamanlar atamın mənə örnək kimi göstərdiyi bu şəxsin fəaliyyətini uzaqdan-uzağa izləyirəm. Bu günlərdə Tərlan müəllimdən müsahibə almaq və onu həmkəndlilərimə daha yaxından tanış etmək məqsədilə bir neçə sualla müraciət etdim. Beləliklə, həmsöhbətimiz 45 yaşından Türkiyədə məskunlaşan Tərlan Nəzirdir.

 

-Mən, ümumiyyətlə, həmkəndlilərimlə həmsöhbət olarkən onlara ilk sualım şəcərələri ilə bağlı olur. Tərlan müəllim, istəyirəm ənənəmə sadiq qalam.

-Nə deyirəm ki… Eşitdiklərimə əsasən şəcərəmiz barədə bu  fikirləri deyə bilərəm. Babam Mehdi Nəsrəddin oğlu Nəzirov (Bəzi sənədlərdə soyadı Nəsrəddinzadə kimi qeyd olunub) Alpan kəndində anadan olub. O, kolxozda mühasib, Susay kəndində müəllim kimi çalışıb. Babam Mehdi kişi Pəlvər Əlosman qızı ilə ailə qurub. Bu izdivacdan  4 övlad  (Həsən, İmam, Hüseyn və Reyhan) dünyaya gəlib. Həsən və Reyhan gənc yaşlarında xəstəlikdən vəfat ediblər. Təxminən ötən əsrin 30-cu illərinin sonunda Pəlvər xanım vəfat etdikdən sonra babam Fatma xanımla evlənib. Bu evlilikdən isə babam 3 övlad (Tofiq, Leyla və Firəngiz) sahibi olub.

1928-ci ildə Alpan kəndində anadan olan atam İmam Nəzirov məktəbin 7-ci sinfini bitirib. O, M.C.Bağırov adına Quba Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsində təhsil aldıqdan sonra Xızı rayonunda baş baytar vəzifəsində əmək fəaliyyətinə başlayıb. 3 illik hərbi xidmətini başa vuran atam Alpan kəndində baytar texniki kimi əmək fəaliyyətini davam etdirib. 1964-cü ildə Kirov adına sovxoza baş baytar təyin olunan atam 1967-ci ildə Quba rayon Baş Baytarlıq İdarəsində çalışıb və pensiya yaşına qədər orada işləyib. Atam 2008-ci ildə dünyasını dəyişib.

Onu da əlavə edim ki, atam 1950-ci ildə Alpan bəylərindən olan Şıxırza bəyin oğlu, vaxtilə Səmərqənddə dini təhsil almış Kəlbi Babayevin qızı Şəfiqə xanımla ailə qurub. Bu ailədə 2 oğlan (Tərlan və Telman) və bir qız (Reyhan) dünyaya gəlib. Telman M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakultəsini bitirib, əmək fəaliyyətinə  Moskvada başlayıb və ömrünün sonuna qədər (2018) orada çalışıb. Bacım Reyhan xanım Alpan kəndində Malik Balayevlə (Allah rəhmət eləsin) ailə həyatı qurub.

 

İmam Nəzirov
İmam Nəzirov
Şəfiqə xanım
Şəfiqə xanım

 

“Əmioğlu, heç səndən gözləməzdim”

-Bu yerdə bir məsələyə də aydınlıq gətirməyinizi rica edirəm. Hüseyn sizin əminiz olub. Amma nədənsə onun soyadı Nəzirov deyil, Nəsrəddinov kimi göstərilir.

-Əmim Hüseyn kiçik yaşlarından Xaçmaza, oradan da Bakıya gələrək limanda işə başlayıb. O, burada işləyərkən Dənizçilik məktəbinə qəbul olunmaq istəyib. Lakin şəxsiyyətini təsdiq edən sənədi (doğum şəhadətnaməsi), eləcə də təhsili haqqında arayış olmadığına görə onun bu istəyi problemə çevriliB. Bu problemin həllində ona Xəzər Dəniz Gəmiçiliyi İdarəsində çalışan və əslən Qusardan olan  Hacımurad Pənahov kömək edib. Belə ki, Hacımurad öz qohumunu Hüseynlə birlikdə Quba arxivinə göndərib. Lakin Quba arxivində onunla bağlı heç bir sənədə rast gəlinməyib. Hacımuradın məsləhəti ilə Hüseynin sənədlərinin axtarışı Qusarda davam etdirilib və buradan onun şəxsiyyətini təsdiq edən sənəd tapılıb. Lakin həmin sənəddə onun soyadı Nəzirov deyil, Nəsrəddinov kimi göstərilib.  Beləliklə, həyatda qalan iki qardaşın soyadları fərqli olub. Uzun sözün qısası… Hüseyn Dənizçilik məktəbinə qəbul edilib və oranı  oranı bitirdikdən sonra gəmidə işləməyə başlayıb. İctimai fəallığı ilə seçilən əmim Bakı Sovetinə  deputat da seçilib.

Xaçmaz rayonundan olan Solmaz adlı qızla ailə həyatı quran əmim Hüseynin 4 övladı (Rafiq, Mehdi, Rəna, Pərvanə) olub ki, onlardan biri də   Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovdur. Yeri gəlmişkən qeyd edim ki, Rafiq Nəsrəddinov 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Qızılqaya kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, 1994-cü ildə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. Hüseyn əmim isə 1993-cü ildə haqqın dərgahına qovuşub.

-Bəlkə Milli Qəhrəmanımızla bağlı  xatirələrinizi də yada salasınız?

Demək olar ki, Rafiqlə bir ailədə böyümüşük. Onunla bağlı xatirələrim çoxdur. Amma indi yalnız onların birindən söz açmaq istəyirəm. 1992-ci ildə Türkiyəyə səyahətə gələrkən geçə onlarda qaldım. Bu da səbəsiz deyildi. Belə ki, ona orduya çağırış gəlmişdi. Nə gizlədim, mən onu çağırışdan boyun qaçırmağa sövq etməyə çalışdım.  Amma o, məni qəribə bir baxışla süzərək dedi ki, əmioğlu, heç səndən gözləməzdim. Az sonra isə iki qızını mənə göstərərək əlavə etdi: “Mən bunların gələcəyi üçün getməliyəm”. Və getdi də…

 

“Üçünün arasında qalmışdım”

 

-Bəlkə söhbətimizi özünüz haqqında ətraflı məlumatda davam etdirək?

-1 mart 1951-ci ildə Alpan kəndində anadan olmuşam. Alpan orta məktəbində oxuduğum zamanlar ədəbiyyat fənnini çox sevərdim. Bu sahəyə məndə həvəs  oyadan isə  5-ci sinifdən 11-ci sinfə kimi bu fənni bizə tədris etmiş Ağadadaş Şahbazov olub. (Allah ona rəhmət eləsin). Amma bir xarici dildə, ya ərəbcə, ya da ingiliscə danışa bilməyi əlçatmaz bir şey sanırdım. Buna da Abdulməcid Mustafayevin sayəsində nail oldum. Bu yerdə Müsənnif müəllimi də yad etməyi özümə borc bilirəm. Yeri gəlmişkən qeyd edim ki, Müsənnif Məmmədov mənim ibtidai sinif müəllimim olub. 8-ci sinifdən başlayaraq rayonun ‘’Şəfəq’’ qəzətində məqalələrim dərc olunurdu ki, bu da məni jurnalistikaya sövq edirdi. Şübhəsiz, bütün bunların hamısı yaşla əlaqədar xəyallar aləminin nəticəsi idi. Bu yerdə bir xatirəmi də bölüşmək istəyirəm. 10-cu sinifdə oxuyurdum. Bədən tərbiyəsi müəllimimiz vardı. Rəhmətlik Məhəbbət müəllim (Məhəbbət Rəsulov-Q.M). Ruhu qarşısında baş əyirəm. (Əslində o, ixtisasca Azərbaycan dilə və ədəbiyyat müəllimi idi). Məhəbbət müəllim kəndimizdə həm də rayon qəzetinin ştatdankənar müxbiri kimi tanınırdı. Bir gün Məhəbbət müəllim dərsin sonunda ‘’Kimin sualı var’’ deyəndə mən ona mövzudankənar, daha doğrusu, rayon qəzetindəki bir şeirin tənqidi ilə bağlı belə bir sual ünvanladım: ’’Müəllim bu şeirin harasında səhv var, qafiyələr yerindədir axı?’’ Şeir ilə tanış olan Məhəbbət müəllim  ‘’Qafiyə ilə iş bitmir’’ dedi və adi bir misalla əsil şeirin necə olduğunu izah etdi.

Bir sözlə, ixtisas seçimində jurnalistika, ingilis dili, azərbaycan dili və ədəbiyyatının, başqa sözlə desək, bu üçünün arasında qalmışdım. Nə isə… Məktəbi bitirdikdən sonra sənədlərimi götürüb gəldim birbaş S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinə… Orada öyrəndim ki, sən demə, jurnalistikaya qəbul olunmaq istəyənlərdən mərkəzi mətbuatda dərc olunmuş məqalələr də tələb olunurmuş. Odur ki, elə oradaca fikrimi dəyişdim və sənədlərimi şərşünaslıq fakültəsinə təqdim etdim. (Sonradan öyrəndim ki, ərəb filologiyasına 4 nəfərlik yer varmış). Nə isə, müsabiqədən keçə bilmədim. Burada bir məsələyə də toxunmaq istəyirəm. İngilis dili imtahanında cümlə təhlilinin öhdəsindən mükəmməl gəldim. Bunu görən müəllim mənə belə dedi: ’’Oğlum, getsənə xarici dillərə”. Növbəti il elə də etdim və instituta qəbul oldum.

İnstitutu bitirdikdən sonra Quba rayonunun kəndlərində – Zərqava, Susay və Qələdüzdə  müəllim, direktor müavini işlədim. 1983-cü ildə Xaçmaz rayonuna köçdük və 1995-ci ilə qədər orada müəllim, direktor müavini,  ictimai əsaslarla Rayon Xalq Nəzarəti komitəsində inspektor, şöbə müdiri kimi fəaliyyət göstərdim.  1995-cı ildə türk dostum Ali Dilbərin  dəvəti ilə ailəmlə birgə Türkiyə respublikasına köçdük. Yeri gəlmişkən onu da qeyd edim ki, 1992-ci ildə mən Türkiyənin Trabzon şəhərinə səfərim zamanı onunla tanış olmuşdum. O, bir kazino sahibi idi. Lakin mən Türkiyəyə gələndə Ali iflasa uğramışdı. Bir müddət Trabzonda qaldıq. Sonra kirayədə qaqdığım ev sahibinin tövsiyəsi ilə İstanbula köçdük. Ev sahibinin oğlu filtr fabrikinin sahibi idi. Bir müddət fabrikin ofisində tərcüməçi kimi işlədim. Amma maaş çox az idi. Bir tekstil fabrikində tərcüməçi, idxalat-ixracat şöbə müdiri kimi pensiyaya qədər işlədim. 2 övladım var: Vüsal və Ramin.

 

Ramin Nəzir
Ramin Nəzir
Ünsal Vüsal Nəzir
Ünsal Vüsal Nəzir

 

“Çukur”un Fındıkı və…

-Eşitdiyimə görə onlardan biri aktyordur…

Susqun, az danışan, ağır təbiətə malik oğlum Ramin Nəzirin aktyor olacağı heç ağlımıza belə gəlmirdi. Onun Müjdat Gəzən aktyorluq məkətəbinə nə vaxt qəbul olunduğundan da heç xəbərimiz olmayıb. Oranı bitirəndən sonra bildik ki, o, artıq bir diplomlu mütəxəssisdir, aktyordur, özü də Müjdat Gəzən Teatrında işə də alınıb. Halbuki bu sənət ocağına işə girmək üçün böyük bir müsabiqədən keçmək lazım  idi. Ramin müsabiqədə iştirak etmək məqsədilə 2 gün növbə gözləyib və həmən də işə alınıb.

O, ‘’Hareket 8’’, ’’Gerçək  kahraman’’ filmlərində, ‘’Çukur’’ serialında, eləcə də ‘’Acayip tipler’’ televiziya tamaşasının bütün seriyalarında  iştirak edib. Teatr səhnəsində isə saysız rollar  oynayıb. O, hələ də həmin teatrın və ‘’Pərvasız’’  teatrının aktyorudur.

-Səhv etmirəmsə, o, “Çukur” filmində Lal Fındık rolunda çıxış edir…

Elədir. Onu da əlavə edim ki, bu obraz film boyu bir kəlmə də olsun danışmır. O sadəcə  jestləri,  mimikaları  vasitəsi ilə baş verənlərə reaksiya verir ki, bu da aktyordan böyük məharət tələb edir. Yeri gəlmişkən, Azərbaycan mətbuatında da onunla bağlı yazılar dərc olunub.

O biri oğlum Vüsal (O, Türkiyədə Ünsal Vüsal Nəzir kimi tanınır) da bir müddət aktyorluq edib. Təxminən 50 film və serialın ərsəyə gəlməsində əməyi olub. Sonradan tədqiqatçılıq və yaradıcılıq həvəsi onu sənədli film müəllifi olmağa sövq edib. Beləcə, aktyorluğun daşını atıb. İndi özünün “Kaan Ünsal Alphan” adlı xüsusi kanalı var ki, elmi faktlarla çəkdiyi, eləcə də türk dilinə tərcümə etdiyi sənədli filmləri yayımlayır. Həmin filmləri də özü səsləndirir. Hazırda sənədli filmləri kitab halında çapa hazırlayır. Bu da haradasa 2-3 cilddən ibarət olacaq.

 

“Yaxşı, səninlə əlaqə saxlayarlar”

 

-Neçə ildir ki, Türkiyədəsiniz… Kəndimiz yadınıza düşəndə özünüzü necə ovundurursunuz?

– Bəri başdan deyim ki, mən Türkiyəni qərib ölkə adlandırmıram. Axı qanı bir, dini bir, dili bir ölkə neçə qərib ola bilər? Bu mənada burada hər şey mənə doğmadır. Konkret olaraq sualınıza gəldikdə isə… Kəndimizdə ən çox sevdiyim yerlərdən biri Ceyran təpədir. İstanbulda ona oxşar bir yer var, mən oranı öz aləmimidə elə Ceyran təpə adlandırır və kəndimiz yadıma düşəndə özümə həmin məkana çatdırıram. Yeri gəlmişkən onu da vurğulayım ki, bizim Alpan qədim kəndlərdən biridir. 17 yaşıma qədər yaşadığım bu kənd cəsur, savadlı, ağıllı insanlar yetişdirib. Hətta Quba rayonunda rəhbər vəzifələrdə işləməyə gəlmiş şəxslər, sözün həqiqi mənasında, alpanlıların bu kimi üstünlüklərindən çəkinərdilər. Bununla bağlı kifayət qədər fakt da göstərə bilərəm. Amma özümün şahidi olduğum bir məsələ ilə söhbətimi davam etdirmək istəyirəm. Quba rayonunun kəndlərinin  birində müəllim işləyirdim. O vaxtlar rayon qəzetində tez- tez yazılarım da dərc olunurdu. Rayon Maarif şöbəsinin müdiri bir gün mənə dedi ki, dissertant adamsan (Onda Elmlər Akademiyasının dissertantı idim),  raykomda tam sənə görə bir iş var. Get, birinci katibin qəbuluna, o iş üçün xahiş et. Onun dediyi kimi də etdim. İnsafən, məni çox yaxşı qarşıladı. Üstəlik, məni istədiyim işə layiq bir gənc kimi dəyərləndirdi. Amma söhbətimizin sonunda Alpandan olduğumu biləndə elə sifət çıxardı ki, gəl görəsən… Onun mənə son sözü isə belə oldu: “Yaxşı, səninlə əlaqə saxlayarlar”. Amma sonradan raykomdan kimsə mənimlə əlaqə saxlamadı.

 

Sağlıq olsun…

 

-Tərlan müəllim, siz bədii yaradıcılıqla da məşğulsunuz. İndiyədək neçə kitabınız işıq üzü görüb?

-İndiyədək “Patron” (povəst), “Soy bağı” (roman), “Ninəmin  rüyası (hekayələr), ”Hayat Estetik və Sanat” (monoqrafiya), “Şansın cilvəsi” (roman) adlarında beş kitabın işıq üzü görüb. Hazırda paralel olaraq 3 kitab üzərində işləyirəm. Onlardan biri elmi əsərlərdən, biri dedektiv romandan, digəri isə hekayələrdən ibarət olacaq. Bir məsələni də vurğulamaq istərdim. Qeyd etdiyim kimi, həmin kitablardan birində bir zamanlar yazdığım dissertasiyanın elmi-nəzəri hissələrini Türk bədii nümunələrinə tətbiq etməyə çalışıram. Nə gizlədim, hər dəfə dissertasiya sözünü işlədəndə xəyal məni bir qayda olaraq uzaqlara aparır. Belə ki, 1982-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ’’Azərbaycan komediyasının inkişafında yeni mərhələ:  1956-1965-ci illər’’ mövzusu ilə dissertant olaraq təsdiq olundum. 1985 də ‘’Gənc ədəbiyyatşünasların V Rəspublika Konfransı’’nda ‘’Müasir həyat və müasir komediya’’ mövzusunda məruzə ilə çıxış etdim. Məruzəmin tezisləri həmin konfransının materialları əsasında hazırlanmış  kitabda da çap olundu. Elmi rəhbərim Yəhya Səyidov vəfat etdikdən sonra filologiya elmləri doktoru Atif Zeynallı və filologiya elmləri namizədi Arif Səfiyev mənim elmi rəhbərlərim oldular. Sonradan Atif müəllimin vəfatı ilə əlaqədar mənim məsələm yenə uzandı. Nə isə… 1990-cı ildə namizədlik minimumlarını verəndə  dedilər ki, rus dilindən və ədəbiyyat nəzəriyyəsindən də imtahan verməlisən. İnstitutda ədəbiyyat nəzəriyyəsindən imtahan verməyimlə əlaqədar sənəd gətirib təqdim etdim. Rus dili məsələsi də dediklərinə görə mübahisəli qaldı. Sonradan hazır dissertasiyanı tamamilə dəyişdirmək və günün tələblərinə uyğunlaşdırma məsələsi ortaya çıxdı. Buna da çox vaxt lazım idi. Uzun sözün qısası, bu işdən bezdim. Odur ki, bir daha dissertasiyam barədə düşünmədim.

Tərlan Nəzirin kitabları
Tərlan Nəzirin kitabları

 

– Kitablarınızdan birinin cildində Quru çayın fonunda Şahdağın fotosu verilib. Deyilənlərə görə, həmin kitabda Alpandan bəhs olunur. Bu barədə açıqlama verməyinizi xahiş edirəm. 

Cildində Şahdağın fotosu olan kitab ‘’Soy bağı’’ adlanır. Həmin kitabda bir Ahıska türkünün 1944-cü il noyabr sürgünündən 7-8 ay öncə Ahıskadan (Gürcüstandan) Azərbaycanın Quruçay kəndinə köçməsi öz əksini tapıb.  Amma mən kəndin adını simvolik olaraq Alpan deyil, Quruçay kimi təqdim etmişəm.

– Nə vaxtsa sırf Alpanla bağlı nələri isə qələmə almaq fikriniz varmı?

 

-Əlbəttə, var. Hətta bu yayı Alpanda keçirməyi, kəndimizin müharibə veteranları, eləcə də şəhidlər haqqında silsilə məqalələr yazmağı da planlaşdırmışdım.  Nə yazıq ki, dünyanı cənginə almış koronavirus səbəbindən bunu reallaşdıra bilmədim. Amma qərarımdan dönməmişəm, nə vaxtsa bu addımı atacağam, təki sağlıq olsun.

Tərlan Nəzirin həyat yoldaşı Sədaqət xanım
Tərlan Nəzirin həyat yoldaşı Sədaqət xanım

 

Sədaqət xanımın Milli Qəhrəmanımız Rafiq Nəsrəddinova həsr etdiyi şeir
Sədaqət xanımın Milli Qəhrəmanımız Rafiq Nəsrəddinova həsr etdiyi şeir

– Tərlan müəllim, maşallah, ailəniz yaradıcı insanlardan  ibarətdir. Bəlkə, həyat yoldaşınızla bağlı  bəzi nüansları açıqlayasınız…

-Nə deyirəm ki…O da elə son illər yaradıclığa meyil edib. Belə ki, bu yaxınlarda Türkiyədə onun Sadakat Mirza Nəzir imzası ilə şeirlərdən ibarət ‘’Sümbülün sırrı’’ adlı kitabı nəşr olunub. Hətta həmin kitabda onun Milli Qəhrəmanımız, əmim oğlu Rafiq Nəsrəddinova həsr etdiyi şeiri də yer alıb. Həmin şeirin bir bəndini diqqətinizə çatdırmaq istərdim:

Canınla, kanınla aldın bu adı,

Senlə gitti sözün, sohbetin tadı.

Sensiz kalmak hiç də kolay olmadı

Kahramanca yaşattın bu soy adı

Azerbaycanımın kahramanısın.

Növbəti illərdə Sədaqət xanımın kitablarının çap olunacağı istisna olunmur. Yeri gəlmişkən, həyat yoldaşım Sədaqət xanım əslən Qubanın Zərqava kəndindəndir. İxtisasca tibb bacısı  olan, romantik xarakterə malik Sədaqət xanımla Zərqava kəndində işlədiyim zaman tanış olmuşdum.

Qvami Məhəbbətoğlu (Rəsulov)