“Tərkibin yanlış qeyd olunması Azərbaycan mallarının xaricdə satışına problem yaradır”

601

Market piştaxtalarında sıra-sıra, boy-boy düzülən meyvə şirələrinin hər şeydən öncə üzərində təsvir olunan meyvələr diqqəti cəlb edir. Bəzən alma, nar, albalı, portağal, hətta banan, ananas kimi subtropik meyvə şirələri arasında seçim etməkdə çətinlik çəkirik. Halbuki bir az araşdırsaq, şirələrin əksəriyyətinin “poroşok”dan(toz) hazırlandığını görərik. Bunun üçün sözügedən meyvələrin qiyməti ilə eyniadlı şirələrin qiymətini müqayisə etmək kifayət edər. Belə ki, üzərində “təbii meyvədən hazırlanıb” cümləsi yazılan şirələrin qiyməti 1 manat 15 qəpikdən başlayır. Bananın 1 kiloqramının qiyməti 2 manat 50 qəpik olduğunu nəzərə alsaq, bir qab şirənin hazırlanmasında nə qədər banana ehtiyac var? Və meyvənin real qiyməti ilə “təbii meyvə şirələri”nin qiyməti nə dərəcədə uyğundur? Bəs meyvə şirələrinin hazırlanmasında nədən istifadə olunur? Məhsulun tərkibi qablaşdırılmanın üzərində qeyd edilməlidirmi?

“Poroşok”ların əksəriyyətinin vaxtı keçmiş və tərkibində baytarlıq dərmanlarının qalıqları olur”
Reallıq budur ki, çox zaman aldığımız məhsulların tərkibi, istehsal tarixi və s. kimi məlumatlara fikir vermirik. Piştaxtadan süfrəmizə qədər gəlib çıxan məhsulların sağlamlığımıza nə dərəcədə təsir etdiyini bilmirik. Yuxarıda qeyd etdiyimiz kimi, bir çox məhsulun hazırlanmasında süni maddələrdən istifadə edilir. Bu təkcə meyvə şirələrinin istehsalında deyil, süd məhsullarında da tətbiq olunur. “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu mövzuda istehlakçıların aldadıldığını bildirdi: “Meyvə şirələri, xama və ya hər hansı süd məhsullarının hazırlanmasında konsentratlardan istifadə olunur. Təbii və Azərbaycanda bitməyən ekzotik meyvələrdən hazırlandığı reklam olunan şirələrin hamısı təbii meyvələrdən hazırlanmır. Bunların hamısı “poroşok”dan düzəldilir. “Poroşok”ların əksəriyyətinin vaxtı keçmiş və tərkibində baytarlıq dərmanlarının qalıqları və antibiotiklər olur. Çox zaman tərkibi yaxşı analiz olunmadığından insan orqanizmində ciddi fəsadlar yarada bilir. Təəssüf ki, bu məlumatlar məhsulun üzərində qeyd olunmur və istehlakçılar aldadılır. İstehlakçılar üçün məlumat standartları ötən ildən təsdiq olunub. Ona görə də məhsulun üzərində tərkibi mütləq qeyd edilməlidir. Belə aldadıcı hallar yaşandığı üçün də Azərbaycan mallarının xaricdə satılması üçün ciddi problemlər yaşanır. Əlbəttə ki, belə hallara süd məhsullarında da rast gəlinir. Məhsulun üzərində heyvan şəkli olmaqla reklam olunur. Hətta bəzi istehsalçı şirkətlər məhsulun üzərinə tam təbii süddən hazırlandığını yazsa da, tərkibi araşdırılan zaman onun quru süddən hazırlandığı məlum olur. Süd məhsullarının hazırlanmasında isə “İvanovka” mal nişanı ilə əhalinin aldadılmasını qeyd etmək olar. Xüsusilə, “İvanovka Qafqaz” adı altında satılan məhsulların mənşəyi məlum deyil. Bununla bağlı dəfələrlə dövlət orqanlarına müraciət etsək də, qarşısı alınmır”.

“İctimai nəzarətin artırılmasına dair çağırışlar özəl qurumlara da tətbiq edilməlidir”
“İki gün əvvəl Yeni Zelandiyada idim. Orada hazırlanan bütün məhsullar tam təbii süddən hazırlanır. Ölkədə quru süd istehsal edən müəssisələr var, lakin bu məhsullar xarici ölkələrə ixrac edilmək üçün hazırlanır. Mənim olduğum Yağ Zadovunda gün ərzində bir milyon üç yüz min litr süd emal olunur. Yeni Zelandiya ilə yanaşı, bir neçə ölkə də var ki, orada, ümumiyyətlə, quru süddən istifadə olunmur. Lakin Azərbaycanda təbii südlə daxili istehlakı təmin etmək mümkün deyil. Bu o demək deyil ki, alıcılar aldadılmalıdır. Məhsulun tərkibi mütləq üzərində qeyd olunmalıdır. Hesab edirəm ki, ölkə başçısının ictimai nəzarətin artırılmasına dair çağırışları məhz özəl qurumlara da tətbiq edilməlidir”, deyə E. Hüseynov qeyd etdi.

“Bəzi məhsulların tərkibindəki konsentratlar insan sağlamlığına zərər verir”
Həkim-kardioloq Akif Quliyev meyvə şirələri, süd məhsulları və bu kimi tərkibi konsentrat olan qidaların insan orqanizminə mənfi təsir etdiyini dedi: “Sözügedən məhsulların tərkibində müəyyən konsentratlar var ki, bu da insan orqanizminə mənfi təsir edir. Tərkibindəki mikroelementlər orqanizmin zəif olan hissəsinə nüfuz edir. İnsanın ürək, böyrək və ya mədə-bağırsaq sistemində problem yarada bilir. Buna görə də insanlar təbii qidalara üstünlük verməlidirlər. Təbii şəraitdə yetişən meyvə, tərəvəz və ya hər hansı qida sözsüz ki, onlara daha çox fayda verəcək”.

 

Xəyalə Sadıqova