Tərbiyəçiyə iradım

646

O gün eşitdim ki, bəs tərbiyəçi bağçada olan nəvəmin əlindən telefonunu alıb, üstəlik, uşağı o ki var danlayıb. Sözün düzü, gecəni birtəhər açıb, səhər tezdən yollandım bağçaya… Daha bilmirəm, hirsimdən tərbiyəçiyə ədəb-ərkanla salam verdim, ya yox bircə o yadımdadır ki, tərbiyəçi məni ahəstə-ahəstə dərdimi izhar etməyə dəvət etdi. Dedim:

– Ay xanım, olmaya, sizin dünyadan xəbəriniz yoxdur? Məgər bilmirsiniz ki, indi əli yeni-yeni əşya tutan uşağın ilk oyuncağı telefondur? Uşaqlar indi telefona əyləncə vasitəsi kimi baxırlar? Bu gün telefon onların ən sevimli oyuncağıdır? Niyə uşağı oyuncağından məhrum edirsiniz? Odur ki, bir daha soruşuram: axı siz telefonu uşağın əlindən niyə almısınız?

Dedi ki, bəs bütün günü fikri-zikri telefonda olur, elə bu səbəbdən mənim dediklərimə əhəmiyyət vermir. Dedim, görünür, siz təlim-tərbiyəni uşağa maraqlı gələ biləcək şəkildə qura bilmirsiniz, odur ki, uşaq da telefondan ayrılmaq istəmir. Yenə deyirəm, axı sizin nə ixtiyarınız var ki, uşağın əlindən telefonu alıb, onu gözüyaşlı qoyasınız?..

Tərbiyəçi bir daha məni ədəb-ərkana dəvət edəndə dözə bilmədim:

– Xanım, mənim özümə görə, ədəbim də var, üstəlik, ərkanım da… Mən hələ iki institut qurtardığımı deyib, savadımı nümayiş etdirmək fikrində deyiləm. Yəni özümə görə savadım da var… Bütün bunlar isə o deməkdir ki, nə danışdığımın fərqindəyəm.

Tərbiyəçi:

– Mən nə sizin ədəbinizə, nə də savadınıza şübhə edirəm. Amma bir şeyi demək istəyirəm ki, artıq sizin nəvəniz telefondan asılı vəziyyətə düşüb. Hətta bağçaya gələn kimi uşaqlarla ünsiyyətdə olmaq əvəzinə, mobil telefon vasitəsilə internetlə ünsiyyətə daha çox üstünlük verir. Bu isə heç də yaxşı hal deyil. Onu bu “xəstəlik”dən xilas etmək lazımdır.

– Xanım, nəyin yaxşı, nəyin pis olduğunu hər halda mən sizdən yaxşı bilirəm. İkincisi, bu xəstəliyə tutulan yalnız balacalar deyil. İndi hərənin əlində bir telefon var. Mən hələ bir neçə telefonu olanları demirəm. Bu öz yerində… Amma yenə deyirəm: hər şeyi nizama salmağın öz yolu var… Telefonla oynayan nəvəmə irad tutardın, bununla məsələ həll olardı da… Siz isə uşağın əlindən telefonu almaqla onun uşaq qürurunu sındırmısınız. Olmaya, siz hamıdan ağıllı çıxmısınız, hə? Olmaya, köhnə bazara təzə nırx qoymaq fikrindəsiniz?

Tərbiyəçi uca səslə:

– Başa düşə bilmirəm, axı bununla siz mənə nə demək istəyirsiniz, – dedi.

– Nə demək istəyirəm? Demək istəyirəm ki, bu günlərdə Milli Məclisin sədri Oqtay Əsədov plenar iclasların birində görüb ki, bir neçə millət vəkili telefonla danışır. O, çox təmkinli davranaraq millət vəkillərinə bu şəkildə müraciət edərək deyib: “Belə olmaz, gəlin bir-birimizə hörmət edək. Ay ərzində cəmi 3-4 iclas keçirilir. Gəlin telefonla danışmağı yığışdıraq”. Millət vəkilləri dinməz-söyləməz həm özlərini, həm də telefonlarını yığışdırıblar. Bununla da məsələ öz həllini tapıb. Yəni demək istəyirəm ki, o boyda spiker iclas vaxtı telefonla danışan millət vəkillərinə, sadəcə, öz iradını bildirməklə kifayətlənib. Siz isə uşağın əlindən telefonu alırsınız. Məgər, sadəcə, irad tutmaqla kifayətlənə bilməzdiniz? Gərək siz də elə edəydiniz.

Tərbiyəçi xanım mənə heyrətlə baxdı və sakitcə:

– Bu dəfə belə edərəm, – dedi.

Məni isə belə bir sual düşündürür: “Görəsən, millət vəkillərinin əllərindən telefonları alınsaydı, onların “valideynləri” necə reaksiya verərdilər? Onlar da mənim kimi cırtqozluq edərdilər?”