Tərəqqi, rifah və qayğı – regionlarımızın 18 ildə keçdiyi inkişaf yolu

415

2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyevin xalqa müraciətindən: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Öz gələcəyini Heydər Əliyev siyasi kursunun inkişafında görən Azərbaycan xalqı öz xilaskarının müraciətinə qarşılıq verdi və bu dəfə də seçimində yanılmadı. Həmin ilin oktyabrında xalqın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev səlahiyyətlərinin icrasına başlayarkən hər bir azərbaycanlının Prezidenti olacağını dedi və bunu öz əməli ilə göstərdi.

Dövlətimizin başçısının regionlara səfərləri zamanı sakinlərlə səmimi görüşləri, söhbətləri, mühüm obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakı, insanların sosial rifahının yaxşılaşdırılması üçün verdiyi tapşırıq və tövsiyələr, imzaladığı fərman və sərəncamlar həqiqətən də onun hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha təsdiqləyir. Ötən 18 ildə bütün Azərbaycanın, o cümlədən bölgələrimizin siması tanınmaz dərəcədə dəyişib, müasirləşib.

azərtac regionlarımızın son 18 ildə keçdiyi inkişaf yolunun bəzi əsas məqamlarına nəzər salır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən uğurlu iqtisadi inkişaf konsepsiyası, yeni sosial-iqtisadi siyasət strategiyası ölkəmizin bütün bölgələrini əhatə edib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində rayon və şəhərlərimizdə davamlı tərəqqiyə nail olunub, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilib. Əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm işlər görülüb, sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib. Müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin və iş yerlərinin yaradılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilib, məşğulluq səviyyəsi artıb.

Regionlarda aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri gücləndirilib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına xüsusi əhəmiyyət verilib. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasının bir istiqaməti kimi sahibkarlığın inkişafında uğurlar qazanılıb. Güzəştli kreditlər hesabına investisiya layihələri maliyyələşdirilib və kiçik sahibkarlığın daha da inkişafı üçün müvafiq tədbirlər görülüb. Ötən illərdə bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib, bir neçə dövlət proqramı qəbul edilib.

Regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz xətləri, 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modul tipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. Dövlət proqramları çərçivəsində 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.

Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub. Bu xidmətlər bölgələri də əhatə edib. Bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılması məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzləri regionlarda da fəaliyyət göstərir. Hazırda onların sayı 14-ə çatır.

Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Hazırda Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir. Ötən dövrlərdə olduğu kimi, Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri Dövlət Proqramının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verib.

Ölkənin 10 bölgəsində sənaye zonaları yaradılıb. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 18 ildə əsrə bərabər inkişaf yolu keçib, möhtəşəm uğurlar qazanıb. Bu uğurların zirvəsində torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası dayanır.

Düşmənin darmadağın etdiyi şəhər və kəndlərimizə həyat yenidən qayıdır. Azadlığına qovuşmuş torpaqlarımızda böyük quruculuq və bərpa işləri aparılır. Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Dövlətimizin başçısı Şuşa, Füzuli, Zəngilan, Xocavənd, Cəbrayıl, Ağdam, Qubadlı, Laçın, Kəlbəcər, Talış və Suqovuşana, ümumilikdə, 40-a yaxın səfər edib.

Horadizdən Şuşayadək 101 kilometr uzunluğunda Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, həmçinin Suqovuşan, Laçın, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılda elektrik stansiyaları istifadəyə verilib. Şuşada Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub, yeni məscidin, yaşayış məhəlləsinin, Radio-Televiziya Yayım Stansiyasının, Mərkəzi Xəstəxananın, Daşaltı məscidinin təməli atılıb.

Bundan başqa, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Füzuli-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Zəngilan-Horadiz, Xanlıq-Qubadlı, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yollarının, Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişinə başlanılıb. Eyni zamanda, Zəngilan və Füzulidə “ağıllı kənd” layihələri icra olunur.

Prezident İlham Əliyevin iştirakı ilə Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin bərpasının təməl daşı qoyulub, digər şəhərlərimizin isə baş planı hazırlanır. Həmçinin Ağdamda sənaye parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının, Zəngilan və Laçında Beynəlxalq Hava limanlarının, Hadrut qəsəbəsində yeni məscidin və digər infrastruktur obyektlərinin təməlqoyma mərasimləri keçirilib.

Qarabağın, Şərqi Zəngəzurun yeni – bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, həyata keçirilən möhtəşəm layihələr Qarabağımızın gözəl gələcəyinin carçısı olmaqla, regionlarımızın inkişafında yeni mərhələnin başlanmasından xəbər verir.