Təqib cihazına baxanda gördüm ki…

0
458

“20 ildir Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğulam. İşim beynəlxalq daşımaçılıqdır: maşınlarımız var, yük sahibləri bizdən yüklərinin daşınmasını istəyirlər. Bir neçə gün öncə Zaqataladan bir vətəndaş zəng vurub, dəyəri 160 min dollar olan fındığı İtaliyaya çatdırmağımızı istədi. Malı “TIR” vasitəsilə İtaliyaya çatdırdıq. Lakin paytaxt Roma yaxınlığında 22 ton fındıqla dolu “TIR”ımız 4 nəfər silahlı şəxs tərəfindən basqına məruz qalıb və qaçırılıb”. Bu barədə “Zaman-Azərbaycan”ın redaksiyasına təşrif buyuran və üzləşdiyi problemin ictimailəşdirilməsini istəyən iş adamı Muzaffer Koyugölge məlumat verdi.

M. Koyugölgenin dilindən hadisənin təfərrüatlarını təqdim edirik:

– Uzun illərdir yüklərin beynəlxalq daşınması ilə məşğuluq. Heç vaxt belə bir problemlə üzləşməmişik. Əvvəllər yüklərini Almaniyaya daşıdığımız zaqatalalı bir nəfər 22 ton fındığı İtaliyaya çatdırmağımızı istədi. Sürücümüz – Türkiyə vətəndaşı Necati Serinin idarə etdiyi 10 ZG 057 Azərbaycan dövlət qeydiyyat nömrə nişanlı yük maşınını və 90 VP 691 qeydiyyat nişanlı çəkicini Zaqatalaya göndərdik; fındıq yükləndi, gömrükdə lazımi proseduralar keçildikdən sonra İtaliyaya doğru yola düşdü. Avtomobil Gürcüstana və Türkiyəyə, oradan isə gəmi vasitəsilə İtaliyaya yola düşdü. Oktyabrın 13-də İtaliyanın Ankona limanına çatdı.

Təqib cihazına baxanda gördüm ki…

– “TIR”da təqib sistemi – GPS quraşdırmışdıq, hara getdiyini, ayın neçəsində, saat neçədə harada olduğunu təqib edə bilirdik. Əlimizdə bununla bağlı sənədlər var. Ayın 15-də Ankona limanında gömrük proseduralarını keçdikdən sonra “TIR” yükü boşaltmaq üçün fabrikin anbarına doğru yola düşüb. Yükün boşaldılacağı yer təxminən 250-300 kilometr məsafədə yerləşir. Sürücü Necati Serin həmin gün axşamüstü limandan mənə zəng vurdu ki, gömrüklə işimi qurtardım, yükü fabrikin anbarına boşaltmağa gedirəm. Həmin vaxt mən də Bakıda xüsusi cihaz vasitəsilə maşını təqib edirdim. Axşam saat 11 radələrində maşın lazım olan adresə doğru hərəkətdə idi. Hər şey qaydasında olduğu üçün izləməni dayandırdım və yatdım. Səhər yuxudan oyandım və təqib cihazına baxanda gördüm ki, GPS donub – sonuncu ünvan kimi isə İtaliyanın Roma şəhərinin yaxınlığını göstərir. GPS-də ən son siqnal gecə saat 00:35-də gəlib. Sürücüyə zəng vurdum, amma zəng çatmadı. Başa düşdüm ki, nə isə bir hadisə baş verib…

Sürücünün “TIR”ın aqibətindən xəbəri olmayıb

– Sürücünün dediyinə görə, sözügedən ünvanda maşını saxlayıb və aşağı enib. Onun olduğu yerlə magistral yolun arasında 300-400 metr var imiş. Ətrafda yaşayış məntəqələri, insanlar da var imiş. Yəni dağın başı, səssizlik bir yer olsaydı deyərdik ki, hadisədir baş verib. Qayıdıb əlini yuyan zaman “Ford” markalı bir mikroavtobusdan 4 nəfər əlisilahlı, maskalı şəxs düşüb və sürücüyə hücum ediblər.

Maskalılardan bir nəfər sürücünün boynunun arxasından silahla qəfil zərbə endirib və o, huşunu itirib. Başına torba taxıblar və “Fordun” içərisində 3-4 saat naməlum bir istiqamətə aparıblar. Başında torba olduğu üçün sürücünün “TIR”ın aqibətindən xəbəri olmayıb. Naməlum ünvana çatdıqdan sonra sürücünü yarım gün maşında saxlayıblar. Sonra isə Roma yaxınlığında bir yerə atıb qaçıblar.

Sürücü həmin yerdən çıxıb və təxminən 4-5 kilometr piyada qaçaraq yanacaqdoldurma məntəqəsinə çatıb. Oradan polisə zəng vurub. Bundan sonra yerli polis gəlib və sürücünü Polis İdarəsinə aparıb, yazılı ifadəsini alıblar. Ona burada deyiblər ki, artıq sərbəstsən, istədiyin yerə gedə bilərsən. Əgər maşın tapılarsa, yeni bir məlumat olarsa, çalışdığın şirkətə xəbərdarlıq edərik.

22 ton yüklə dolu “TIR” necə yoxa çıxa bilər?

– Sürücünün pasportu üstündə imiş, bir neçə gün orada oteldə qalıb. Dünən (srağagün-red) biz artıq onu təyyarə ilə Türkiyəyə gətizdirdik.

Vəziyyəti ağırdır, çox qorxub, nəfəs almaqda belə çətinlik çəkir. Bir günə yaxın başında torba qaldığı üçün bu ona pis təsir göstərib və xırıldaya-xırıldaya nəfəs alır. Bəlkə bundan sonra heç vaxt sürücülük edə bilməyəcək. Sevinirik ki, sürücünü öldürməyiblər.

Bizə əmanət edilən mal – fındıq da yoxdur. İndiki dövrdə hər yerdə, hər tərəfdə kameralar var. “TIR” balaca bir velosiped və ya kiçik bir minik maşını deyil ki, bunu hər yerdə gizlədələr. 22 ton yüklə dolu “TIR” necə yoxa çıxa bilər? Magistral yolun yaxınlığında, ödəmə məntəqələrinin yaxınlığında necə ola bilər ki, kamera olmaya, quldurluq anı qeydə alınmaya? Necə ola bilər ki, kameralar vasitəsilə təqib edilib, “TIR”ın hara qaçırıldığını müəyyənləşdirmək mümkün olmasın.

İtaliya dövləti üçün çox böyük ayıbdır

– Oğrular işlərini də o qədər peşəkar olublar ki, maşını ələ keçirəndən sonra təqib cihazının yerini müəyyənləşdirib söküblər. Təqib cihazı yumurta böyüklüyündədir və maşının içində elə yerdə quraşdırılmışdı ki, onu tapmaq çox çətindir. Onlar özlərindəki cihaz vasitəsilə onu tapıb və söküb atıblar. Təqib cihazı iki gün bizə siqnal verdi, amma sonra o da söndü.

Bir Avropa ölkəsində bu boyda “TIR” necə olur ki, oğurlanır və polis onun qarşısını ala bilmir, tapa bilmir, yerini müəyyənləşdirib, bizə cavab verə bilmir? Hadisənin baş verdiyi vaxtdan 5 gün ötüb, amma hələ də tapıntı yoxdur. Orada polisdə mənim telefon nömrəm var, həmin işi araşdıran polislə “email” vasitəsi ilə yazışırıq. “Biz sizə xəbər edəcəyik” yazırlar. Sonuncu dəfə yazdılar ki, italyanca bilən birini tapın və bizə zəng vurun. Yaxşı, bu nə deməkdir? Olmazmı ki, mənə ingilis dilində bir məktub göndərsinlər və biz də anlayıb cavab verək, yəni, doğrudanmı, italyan polislər arasında ingiliscə bilən biri yoxdur? Mənim fikrimcə, bütün bu baş verənlər İtaliya dövləti üçün, İtaliya polisi üçün də çox böyük bir ayıbdır.

O boyda “TIR”ı adamlar yükü ilə bərabər qaçırırlar, İtaliya polisi 5 gündür tapa bilmir. Bu necə çalışmaqdır?

Buna kim cavab verəcək?

– Mənim tələbim “TIR”ımın tapılması, yükün aşkara çıxarılmasıdır. Biz yük sahibinə cavab verəcəyik, buna görə məsuliyyət daşıyırıq. Söhbət 160 min dollar dəyəri olan maldan gedir. Mən 160 min dolları haradan alıb, mal sahibinə verəcəyəm?

Psixologiyası pozulan, ağır fiziki xəsarətlər alan, əmək qabiliyyətini itirən sürücünün aqibəti necə olacaq – buna aydınlıq gətirilməlidir. Sürücülük onun “çörək ağacı”dır. Adam uzun müddət sürücülük edə bilməyəcək, qorxusundan, bəlkə, tamamilə bu işdən əl çəkəcək. Bu adamın çəkdiyi sıxıntı necə olacaq? Buna kim cavab verəcək?

Mənim yükümü tapın, tapılmasına yardımçı olun

– Mənim düşüncəm odur ki, İtaliya dövlətinin torpaqlarında olduğuna görə cavabdeh də İtaliyadır, italyan polisidir. Hər hansı bir əcnəbi İtaliya ərazisinə daxil olduğu zaman onun qorunması, təhlükəsizliyinin təmin edilməsinin məsuliyyəti bu ölkənin polisinin üzərindədir. Buna görə cavab versinlər.

İtaliyanın Azərbaycandakı səfirliyinə məktubla müraciət etdim, “email” göndərdim, İtaliya polisindən verilən və aldığımız sənədləri göndərdim. Səfirliyin rəhbərliyindən xahiş etdim ki, mənim yükümü tapın, tapılmasına yardımçı olun. Bundan başqa, Azərbaycanın Romadakı Səfirliyinə müraciət etmişəm. Sürücü türk olduğu üçün İtaliyadakı Türkiyə səfirliyinə “email” göndərmişəm, xəbərdarlıq etmişəm. Xahiş etdim ki, mənə yardım etsinlər. Gömrük sənədlərini, GPS sistemlərinin təqib məlumatlarını, polisdən verilən sənədləri də təqdim etmişəm.

Bəzilərinin fikrincə, gömrüklə quldurların işbirliyi var

– İtaliyada belə oğurluq, qaçaqçılıq hadisələrinin olduğunu yükdaşıma ilə məşğul olan dostlarımızdan eşidirdik, amma öz başımıza belə bir hadisə gəlməmişdi.

Həmkarlarımın mənə dediyinə görə, İtaliyada bazarda tez satıla bilən, qiymətli tekstil, fındıq və parfümeriya məhsulları daha çox oğurlanır. Yolda gedən adam haradan bilə bilər ki, “TIR”ın içərisində nə var? Bəziləri bu fikirdədirlər ki, gömrüklə quldurların işbirliyi var. Yəni “filan maşında filan yük var” deyib quldurlara xəbərdarlıq edirlər və onlar da silahlı basqın edirlər.

– “Zaman-Azərbaycan” qəzetindən xahişimiz budur ki, bu məsələni ictimailəşdirsin, haqqımızın bərpası işində bizə köməkliyini əsirgəməsin.

Səfirlik məsələdən xəbərdardır

Məsələ ilə bağlı İtaliyanın Azərbaycandakı Səfirliyinə müraciət etdik. Səfirliyin əməkdaşı Züleyxa Muradova qəzetimizə bildirdi ki, artıq Muzaffer Koyugölgenin məktubu səfirliyə daxil olub: “Məktubla səfirlikdə artıq tanış olublar. Atılacaq addımlar və görüləcək işlərin nəticəsi barədə həmin şəxsin özünə ətraflı məlumat veriləcəkdir”.

Nicat İntiqam