Tənqid nəfsə ağır gəlir

0
535

Birdən elə vəziyyət alınır ki, qarşı tərəfi tənqid etmədən keçmək mümkün olmur. Bu vəziyyətdə nə etməliyik? Dostumuzun inciyib-inciməyəcəyini düşünmədən həqiqəti necə söyləməliyik, ya susmalıyıq? Bəziləri ağına-qarasına baxmadan sözü necə gəldi söyləməyi sevərlər, qarşı tərəfin necə qarşılayacağını heç düşünməzlər və səbəbini də belə izah edərlər: mən dürüst adamam, nəyi düşünürəmsə, onu da deyirəm. O adamlar bu düşüncə ilə özlərinə bəraət qazandırmağa çalışarlar. Ancaq bu, doğru deyil. Adama düşündüyü hər şeyi, həqiqət olduğuna inanmış olsa belə harda gəldi, necə gəldi söyləməməlidir.

Birdən elə vəziyyət alınır ki, qarşı tərəfi tənqid etmədən keçmək mümkün olmur. Bu vəziyyətdə nə etməliyik? Dostumuzun inciyib-inciməyəcəyini düşünmədən həqiqəti necə söyləməliyik, ya susmalıyıq?

Bəziləri ağına-qarasına baxmadan sözü necə gəldi söyləməyi sevərlər, qarşı tərəfin necə qarşılayacağını heç düşünməzlər və səbəbini də belə izah edərlər: mən dürüst adamam, nəyi düşünürəmsə, onu da deyirəm. O adamlar bu düşüncə ilə özlərinə bəraət qazandırmağa çalışarlar. Ancaq bu, doğru deyil. Adama düşündüyü hər şeyi, həqiqət olduğuna inanmış olsa belə harda gəldi, necə gəldi söyləməməlidir. Bəzən həqiqəti söylələmək, daha doğrusu, susmaq daha doğrudur. Bu da qarşı tərəfin həqiqəti qəbul etməyə nə qədər hazır olub-olmamasına bağlıdır. Ona görə də o həqiqəti söyləmək üçün uyğun zamanı və şəraiti gözləmək lazımdır. Hər insan nəfs daşıyır. Biz nə qədər xoşniyyətli olsaq belə söylədiyimiz tənqid, ilk növbədə, qarşı tərəfin nəfsi ilə əlbəyaxa olur. Nəfs hər xətanı, hər qüsuru boynuna almaz. Mütləq bir yol tapıb özünə bəraət axtarar, hətta sizi suçlamaq üçün bəhanə, fürsət güdər. Aranızdakı səmimiyyətin dərəcəsinə görə sizi ya yumşaqca, ya da sərt şəkildə ittiham edə bilər. İşin bu vəziyyətə gəlməsi isə mütləq aranızdakı dostluğa zərər vurar. Ona görə də qarşı tərəfi, yəni dostumuzu tənqid etmədən əvvəl söyləyəcəklərimizin dostumuzun xeyrinə olub-olmadığını dəqiqləşdirməli, özümüz də o sözləri nəfsimizin istəyi ilə, ya dostun xeyrini düşünərək söylədiyimizə əmin olmalıyıq. Siz nə qədər xoşniyyətli olsanız, dostunuz da nəfsinin vəsvəsələrindən o qədər tez qurtarar və məsələni vicdanına həvalə edər. Vicdan isə hər zaman həqiqətin, doğrunun tərəfini tutar, vicdan öz xətasını etiraf edər. Bu zaman sizin tənqidiniz, həqiqətən də, səmərəli olar. Dostunuz da sizin kimi dürüst, xeyirxah bir insanla oturub-durduğu üçün özünü xoşbəxt sayar. Əgər qəlbinizdə bir azca da olsa hansısa keçmiş bir xətasına görə, ya hansısa əməlinə görə incitmək, daha doğrusu, ondan qisas almaq niyyəti varsa, əmin ola bilərsiniz ki, tənqidiniz mütləq sizin aranızda soyuqluq, inciklik yaradacaq, söylədiyiniz tənqidin bundan başqa heç bir nəticəsi olmayacaq. Siz sözünüzü deyib ürəyinizdə bir rahatlıq tapa bilərsiniz, amma çoxlu şirin xatirələrlə sizi bir-birinizə bağlayan dostluğunuz sizin söylədiklərinizdən ağır xəsarət alar.

Bəli, susmaq çox çətindir. Bəzi inciklikləri içində saxlaya bilmək, üzə vurmamaq böyük fədakarlıqdır. Amma unutmayaq ki, məhz bu cür fədakarlığa qatlana bilmək insanı mənən yüksəldir, kamilləşdirir, insana həqiqi dost qazandırmasa belə ona həqiqi dost olmağı öyrədir. Bu isə əslində heç də az qazanc deyil.

Tənqid edərkən mütləq özümüzü qarşı tərəfin yerinə qoya bilməyi də bacarmalıyıq. Tələm-tələsik söylənən sözdə xəta riski, bizim qeyri-obyektiv davranışlarımızın yer alma ehtimalı yüksəkdir. Ona görə də bu cür həssas münasibətlərdə yüz ölçüb-bir biçmək prinsipi çox önəmlidir. Qarşı tərəfin söylənən sözü necə qəbul edəcəyini öz üzərində təcrübə etmək, “bu söylənənləri mən necə qəbul edərəm”- deyə bilmək (buna empatiya da deyilir) hər zaman ədalətli qərar verilməsinə yardım edir. Yoxsa bir məsəldə deyildiyi kimi, hər istədiyini söyləyən istəmədiyi sözləri eşidər.

Bizim vərdişlərimiz uzun zaman ərzində formalaşdığı üçün onların tərgidilməsi də uzun zaman tələb edir. Əgər bir şeyi tənqid ediriksə, onun həmin saatda düzəlməsini gözləməyimiz doğru olmaz. Qoyun, o da ölçüb-biçsin, həqiqətləri öz iradəsinə və vicdanına qəbul etdirə bilsin. “Bu tənqid nə qəliz şey imiş, bu qədər danışacağınızı bilsəydim, heç o sözü ağzıma almazdım”, -deyib məsələnin üstündən keçməyə çalışmayın. Unutmayın, dost dediyin, insanın aynasıdır. Kimsə onu sizdən daha yaxşı tanımayacağına və heç bir insanın tam mükəmməl ola bilməyəcəyinə görə aradabir bir-birimizi tənqid etməli oluruq. Dost çox zaman acı söz söylər, biz gərək o sözləri həmişə eyni reaksiya ilə qarşılamayaq, nə zaman susmağın faydalı olduğunu bilək. Amma gərək dostun hər xətasına da göz yummayaq ki, sonradan aramızda böyük uçurumların əmələ gəlməsinə şərait yaransın. Məsələn, əgər dostunuz siqaret çəkirsə, siz də onun bu halını görə-görə laqeyd qalırsınızsa, bir də görəcəksiniz ki, özünüz də siqaretə başlamısınız. Misalda deyildiyi kimi, dəmirçinin dostu his iyi verəcək, ətir satanın dostu gül qoxuyacaq… Artıq sözə nə ehtiyac var ki?

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here