Tənha qadın Gülavər Aslanova: “Mənim qapımı kimsə döyəcəkmi?”

634

Mingəçevir şəhəri, Heydər Əliyev 47/2 mənzil 25 ünvanında yaşayan arxa cəbhə veteranı 84 yaşlı tənha qadın Gülavər Aslanovanın öz problemi ilə bağlı kömək üçün döymədiyi idarə, müəsissə təşkilat qalmayıb. Bu barədə Gülavər xanım bizimlə söhbətində məlumat verib. Dediyinə görə, o, bu qışın soyuğunda evində soyuqdan donur: “Aldığım 183 manat  pensiya puludur. Bilmirəm, onu yemək-içməyimə xərcləyim, yoxsa kommunal xərclərə. Kommunal xərclər də son vaxtlar çıxıb kəlləçarxa. Vallah, heç axşam olanda işıqdan da istədiyim kimi istifadə edə bilmirəm. Son illərin texniki yenilikləri də lap başıma bəla olub. Hamısı kartladır. İnandırım sizi, kartımda limit qurtaranda günlərlə qaranlıqda qalıram”.

Qeyd edək ki, Gülavər xanım tənha yaşayır. Yoldaşı 48 il bundan öncə vəfat edib. Dediyi kimi,  yıxılana qədər özünü birtəhər idarə edirdi: “O zamana kimi heç kimdən də kömək istəməmişəm. Amma 2006-cı ilin sentyabrında yaşadığım evin 3-cü mərtəbəsinin pilləkənlərindən yıxılandan sonra vəziyyətim ağırlaşdı. Hə, onda məni təcili yardım maşını ilə xəstəxanaya çatdırdılar. Həkimlər yoxlayandan sonra çarpayının bir küncündə qaldım. Heç bir yardım etmədilər. Axırda dedim ki, ay bala, mənə niyə dəva-dərman etmirsiniz? Dedilər, ay nənə, bizdə dərman yoxdur ki… Yaxşı ki, pensiyamdan 20 manat saxlamışdım. Qonşunun qızını çağırtdırıb həkim yazan dava-dərmanı aldırdım. Amma yenə əmələ gəlmədim ki, gəlmədim. Yeriyə bilmirəm”.

Güləvar xanımdan soruşduq ki, tənha adamsınız, bəs sizə müvafiq qurumlardan baş çəkən olmur? Gülavər xanım bu sualımıza belə cavab verdi: “Eh, ay qızım adamın canı yananı olmayanda baxanı olmur e… Mənim də yaxşı vaxtlarım olub. Həyat yoldaşım ali savadlı mütəxəssis idi. Bir oğlum olmuşdu, o da az sonra rəhmətə getdi. Ondan sonra bizim övladımız olmadı. Evliliyimizin 17-ci ilində həyat yoldaşım rəhmətə getdi. Heç bir qohum-əqrabam da yoxdur. Qulağım səsdə, gözüm yoldadır ki, görüm mənim qapımı kimsə döyəcəkmi? Bircə onu arzulayıram ki, heç olmasa, soyuqdan donub ölməyim. Evim çox soyuqdur. Yaşlı, həm də xəstə adamam… Amma bir təsəllim var: o da qarşıdan gələn yazdır. Deyirəm, nə olaydı, bu yaz bir qədər tez gələydi, mənim də canım isinərdi”.

Gülavər xanımın evində olarkən bu yaşda qadının səliqəsinə də diqqət yetirdik. Onun mənzili bir otaqlı olsa da hər şey öz yerində idi. Təmizliyə isə söz ola bilməzdi. Necə deyərlər, hər yer gül kimi idi.

Ondan ayrılandan sonra bir sualla özümə müraciət etdim: “Bəs haradadır bizim xeyirxah insanlarımız? Axı bir qocanın dərdinə şərik olmaqla da savab qazanmaq mümkündür”.

 

Esmira Hidayətova, Mingəçevir.