Təmsilimizin Ziyası

0
294

Təmsilin nəsihətamiz qısa əsər olduğunu hər kəs bilir. Bu janr sözə son dərəcə qənaət etməklə mənalı bir fıkri, fəlsəfi bir nəticəni bir neçə misrada sərrast ifadəni tələb edir. Bu mənada təmsil özü-özlüyündə tam bir aləmdir. Bu sənət aləminin ən parlaq simalarından biri Əməkdar incəsənət xadimi, tanınmış şair, tərcüməçi, publisist, dramaturq Hikmət Ziyadır. Bu gün onun anadan olmasından 88 il ötür.

Hələ sağlığında “müasir Azərbaycan təmsilinin Krılovu” adlandırılan Hikmət Ziyanın uşaq ədəbiyyatı sahəsində xidmətləri böyükdür. Hikmət Ziyanın uşaq şeirlərinin mövzu dairəsi çox zəngin olub. Onu da qeyd edək ki, o, uzun illər uşaq mətbuatında (“Azərbaycan pioneri ” qəzetində, “Göyərçin” jurnalında) çalışıb. Yadımdadır, “Göyərçin” jurnalının, demək olar ki, hər sayında onun duzlu, həm də məzəli əsərləri dərc olunardı. Bu mənada mən deyərdim ki, o yeni nəslin yumor duyumunun formalaşmasına da öz töhfəsini verərdi.

Hikmət Ziya nəsr və dramaturgiya sahəsində də qələmini sınayıb. Təkcə bir faktı xatırladaq ki, onun “Qərib Cinlər diyarında” povesti əsasında (rejissor Əlisəttar Atakişiyev) film çəkilib.

Şairin poeziyasındakı lirik ovqat, axıcılıq bəstəkarlarımızın (Arif Məlikov, Süleyman Ələsgərov, Sevda İbrahimova, Emin Sabitoğlu, Ağabacı Rzayeva, İzolda Babayevanın, Oqtay Zülfüqarov, Hacı Xanməmmədov və s.) da diqqətindən yayınmayıb. Nəticədə “Unutmarıq”, “Bahar nəğməsi”, “Sənin qəlbindən keçir”, “Bəxtiyarlığım”, “Sən olmasan”, “Gözümdəsən”, “Şirin yuxum olasan”, “Yeganəm”, “Qəşəng qız”, “Gəl öyrət mənə”, “Sən məni yad etsən”, “Ay yaraşıqlı”, “Mən sənsiz, sən də mənsiz” və s. bu kimi məşhur mahnılar ərsəyə gəlib. Bu mənada o, demək olar ki, müraciət etdiyi janrların hamısında müəyyən uğurlar qazana bilib. Amma onun yaradıcılığı üçün ən aparıcı janr təmsil olub. Azərbaycan təmsilinin yeni mövzularla zənginləşməsində, bədii sənətkarlıq baxımından cilalanmasında onun xidmətləri danılmazdır.

Hikmət Ziya oğlu Əfəndiyev 1995-ci ili avqustun 2-də vəfat edib.