Tələbələrin xarici dil götürmə qabiliyyətləri çox yüksəkdir

0
406
İngilis dilini tədris edən müəllimin yerli və yaxud xarici (ingilis, amerikalı) olması önəm daşıyır.
 Doğrudur, bu o demək deyil ki, ingilis dilini yalnız xarici müəllimlər yaxşı tədris edirlər. Amma  xarici müəllimlərlə, yerli müəllimlərin ingilis dili tədrisində fərqlər və üstünlüklər vardır. Belə ki, yerli müəllimlə xarici müəllimlərin tədris etdiyi dərslər arasında ilk fərq odur ki, hər hansı dili həmin dilin doğma daşıyıcısı olan şəxslərdən öyrənmək dili mükəmməl bilməyimizə zəmanət yaradır. Bugünkü müsahibim  Allison Maria Rusk da ingilis dilini tədris etmək üçün Qafqaz Universitetində fəaliyyət göstərir.

– Allisson xanım, Azərbaycana xoş gəlmisiniz… Oxucularımıza özünüzü təqdim edin.

– Təşəkkür edirəm. Mən Amerikanın şimal-şərqində yerləşən Main ştatındanam. 2004-cü ilin dekabrında Nyu-York (New York) Universitetinin magistratura pilləsindən məzun olmuşam. Hal-hazırda Qafqaz Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Artıq iki həftədir ki Azərbaycandayam və burada olmaq mənim üçün çox xoşdur.

– Necə oldu Azərbaycana gəldiniz?

– Mən internet vasitəsilə Qafqaz Universiteti tərəfindən ingilis dili müəllimi ehtiyacı ilə bağlı verilmiş elanı gördüm və müraciət etdim. Elan mənimlə eyni proqramda tədris alan tələbələrdən biri tərəfindən paylaşılmışdı. Mən Azərbaycanda heç vaxt olmadığım üçün düşündüm ki, bu mənim təcrübə qazanmağım üçün böyük şans olacaq. İnsanlarla ünsiyyətin inkişafını, başqa bir ölkənin mədəniyyəti ilə tanış olmaq şansı qazanacağımı, eyni zamanda işimdə professional ola biləcəyimi düşündüyüm üçün bunu böyük fürsət kimi gördüm və Azərbaycana gəldim.

– Azərbaycana gəlmədən öncə bu ölkə haqqında hər hansı bir məlumatınız var idi, yoxsa ilk olaraq bura gələndə fikir formalaşdırdınız?

– Xeyr, əslində heç bir məlumata sahib deyildim. Sadəcə, bu mənim üçün çox maraqlı olduğu və heç bir zaman olmadığım bir ölkəyə gedəcəyim üçün kiçik bir araşdırma apardım. Azərbaycanın tarixi haqqında bir kitab aldım və internet vasitəsilə də araşdırma apardım.

– Bəs bu kiçik araşdırmadan sonra Azərbaycana gəlməyiniz sizdə xəyal qırıqlığı yaratdımı?

– Yox, mən belə düşünmürəm. Əvvəlcədən xüsusi bir şey gözləmədiyim üçün hər şeyi normal qarşıladım. Fərqli bir gözləntilərim olmadığına görə xəyal qırıqlığı da yaşamadım. Əksinə, burada insanların çox səmimi və yardımsevər olduqlarını gördüm.

– Yaşam şərtləri necə, öyrəşə bildinizmi? Sizi qane edən və ya narazı olduğunuz şeylər nələr oldu?

– İqlim olaraq deyə bilərəm ki, hava şəraitinə çox tez öyrəşdim. Çünki bura Nyu-Yorkdan (New York) daha istidir. Maddi məsələlərdə və digər məsələlərdə də elə Amerikadakından çox da fərqli deyil. Hətta bəzi şeylər burada daha ucuz qiymətə başa gəlir. Ancaq burada diqqətimi ən çox çəkən və tez-tez rastlaşdığım tıxaclardır.  Bunun qarşısının alınması üçün də ölkənizdə yeni yollar,  körpülər tikilir. Görülən işlər nəticəsində  bu problemin də həll olunacağına inanıram

– Gələk təhsilə… Universitet tələbələrinin dil öyrənmələri, dərslərdəki iştirakı sizi qane edirmi? Bu haqda nə deyərdiniz?

– Qafqaz Universitetində tələbələr beş il təhsil alırlar və ilk il bütün dərslər ingilis dilində tədris olunur. Mən də birinci kurslara ingilis dilində dialoq, yəni ünsiyyət dərslərini tədris edirəm. Tələbələrin dil götürmə qabiliyyətləri çox fərqlidir. Bəziləri çox yaxşı ikən, bəziləri  aşağı nəticə göstərirlər. Ancaq nəticə etibarilə bütün tələbələr istəklidirlər. Hiss edirəm ki, tez, ya da gec bu dilə yiyələnə biləcəklər.

– Dilin daha tez bir zamanda mənimsənilməsi üçün daha çox hansı metodlardan istifadə edirsiniz?

– Daha çox günlük rastlaşdıqları hər hansı bir hadisə ilə bağlı qısa bir başlıq və tələbələrə bu haqda ingilis dilində fikirlərini paylaşmaq üçün müəyyən zaman verirəm. Məsələn, nəqliyyatla bağlı bir fikir bildirib, onun haqqında ətraflı məlumatı onlara həvalə edirəm. Çünki hər zaman rastlaşdıqları bir şey olduğu üçün düşünürəm ki, bu onlara kömək edəcək ki, həmin situasiya ilə qarşılaşanda özlərini rahat ifadə edə bilsinlər. Ümumiyyətlə, tələbələrin dil götürmə qabiliyyətləri çox yüksəkdir, onlara, sadəcə, praktika lazımdır.

– Yəqin ki, dərs müddətində tələbələrin öz aralarında danışıb-gülmə kimi halları ilə rastlaşmısınız. Bəs bu hallar sizi narahat edirmi?

– Mən onsuz da bunu onlardan gözləyirdim. Ona görə də bu məni heç narahat etmir. Ancaq düşünürəm ki, mən də Azərbaycan dilini öyrənməliyəm. Artıq Azərbaycan dili lüğətim də var (gülür).

– Azərbaycan və Amerika təhsili ilə bağlı əməkdaşlıq haqqında heç düşündünüzmü? Azərbaycan tələbələri ilə bağlı Amerikada hər hansı bir layihə həyata keçirmək mümkündür?

–  Təbii ki bu hər iki ölkənin təhsili üçün uğurlu bir addım olar. Məsələ burasındadır ki, Amerikada da digər mədəniyyətləri görməyən, onun tarixini bilməyən insanlar çoxdur. Düşünürəm ki, bu, Azərbaycanda da belədir. Ona görə də istərdim ki, belə bir əməkdaşlıq olsun ki, tələbələr vasitəsilə hər iki ölkədə ölkələrimizin mədəniyyəti tanınsın. Mənim fikrimcə, mədəniyyət özü də elə təhsilin ayrılmaz bir hissəsidir.

– Azərbaycana gəldiniz və müəyyən qədər də olsa təhsilimiz haqqında sizdə fikir formalaşdı. Bəs müqayisə etdiyimiz zaman nə düşünürsünüz, Amerika təhsili və Azərbaycan təhsili arasında hansı fərqlər var?

– Qafqaz Universitetində  diqqətimi çəkən o oldu ki, tələbələr məzun olduqdan sonra  hansı sahədə  işləyəcəkləri  barədə, demək olar ki, qərar verirlər. Yəni bu universitetdə fakültələr mütəxəssis yetişdirir . Ancaq Amerika universitetlərində bu o qədər də güclü deyil. Oradakı fakültələr tələbələrə ixtisas vermir, sadəcə, müəyyən çərçivə daxilində biliklər verir. Məzun olduqdan sonra da iş haqqında fikir formalaşdırmaq müəyyən qədər çətin olur.

– İş sistemi necə, burada sizi qane edirmi?

– İş sistemi, demək olar ki eynidir. Amerikada da iş saatları buradakı kimidir. Sadəcə, burada diqqətimi çəkən məqamı qeyd etmək istəyirəm. Belə ki, bizdə rəsmi və  iş daxili görüşmələr i-meil vasitəsilə həyata keçirilir. Canlı şəkildə, demək olar ki, işlə bağlı görüşülmür. Ancaq burada fərqlidir. Əgər bir nəfərin işlə bağlı sözü olarsa, onun yanına gedərək fikrini bildirir.

– Bəs sizi hansı metod qane etdi? İ-meil, yoxsa canlı ünsiyyət?

– Əlbəttə ki, canlı ünsiyyət daha yaxşıdır. Çünki bəzən yazışmalarla insanlar bir-birinin fikirlərini yanlış anlaya bilirlər. Bu da həyatımızda, xüsusilə də iş həyatında xoş olmayan bir şeydir. Digər tərəfdən də, daha çox insan tanımaq və daha yaxşı münasibət qurmaq üçün canlı ünsiyyət məndə xoş iz buraxdı.

– Bağladığınız müqavilə neçə müddətlikdir? Yəni nə zamana qədər Azərbaycandasınız?

– Mən bura bir semestrlik gəlmişəm və may ayının ilk həftəsi müqaviləmiz sona çatır. Ancaq müqavilənin müddətini uzatmaq da mümkündür. Bu haqda düşünəcəm.

– Amerikalı birinə Azərbaycanı bir cümlə ilə ifadə etsəniz, nə deyərdiniz?

– Azərbaycanı bir cümlə ilə anlada bilməzdim. Çünki mən Azərbaycanı çox sevdim. Ümumi olaraq isə deyəcəyim çox şey var. İnsanları çox qonaqpərvərdirlər, çox yardımsevərdirlər  və insanın rahat olması üçün əllərindən gələni etməyə çalışırlar. Həmçinin düşünürəm ki, Azərbaycanı mütləq gəzib görmək lazımdır. Mən çox az bir yeri gəzsəm də, şəhərin tarixi yerləri məni valeh etdi və ən çox sevdiyim yer  İçərişəhər oldu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here