“Tələbələrimin əksəriyyətinin tərəf müqabilim olması sevindirici haldır”

541

 Azərbaycan teatrının tarixi inkişaf yolu, zəngin irsi, müasir dövrdəki uğurları həmişə AzərTAc-ın diqqət mərkəzində olub. Milli mənəvi sərvətimizin tərkib hissələrindən olan Azərbaycan teatrı haqqında silsilə yazıları geniş oxucu kütləsinə çatdıran agentlik, həm də yerli və beynəlxalq ekspertləri, mütəxəssisləri, teatrşünasları da bu işə cəlb etməklə öz saytında onların maraqlı yazılarına yer ayırır.
AzərTAc bu prosesin davamı kimi teatrşünas Çingiz Ələsgərlinin səhnəmizin tanınmış simalarından biri- Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Xalq Artisti, professor, “Şöhrət” ordenli İlham Namiq Kamal ilə müsahibəsini təqdim edir.

– İlham müəllim, Azərbaycan teatrının müasir inkişaf yolunu necə dəyərləndirirsiniz?
– Son illəri dövlətimiz, mədəniyyətimiz və incəsənətimiz üçün çox uğurlu hesab edirəm. Təkcə özümü demirəm, bir çox sənətkarlarımızın fəxri adlara, mükafat və digər imtiyazlara layiq görülməsi dövlətimizin mədəniyyətimizə diqqət və qayğısından xəbər verir. İşlədiyim Azərbaycan Dövlət Musiqili Teatrı da yenidən bərpa edilib. Paytaxtımızın digər teatrlarının maddi-texniki bazası və səhnəsi də dünya standartları səviyyəsində yenidən qurulub. Buna görə ölkə rəhbərinə dərindən minnətdarlığımı bildirirəm. Teatrımız sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin rəhbərliyi altında bu il də maraqlı layihələrə imza atıb. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, “Biz gəlirik” layihəsi ilə tamaşaçıların görüşünə gələn teatr bir-birinin ardınca baxımlı, yaddaqalan tamaşalar təqdim edir. Məqsədimiz daim tamaşaçıların diqqət mərkəzində olmaqdır.
Bu gün təmsil olunduğum teatr fəaliyyətini dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na uyğun qurub. Teatrlarımız üçün yaradılan yüksək yaradıcılıq şəraiti nəticəsində işləmək nə qədər asanlaşıbsa, məsuliyyət bir o qədər artıb. Deməliyəm ki, Musiqili Teatrda çox maraqlı bir ənənə var. Teatrımız hansı tamaşa ilə mövsümü açırsa, onunla da bağlayır. Bu mövsüm Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyası ilə başlanıb, onunla da bitib. Bu tamaşada tərəf müqabilim istedadlı aktrisamız Afaq Bəşirqızıdır. Duetimiz alqışlarla qarşılanıb.
– Kafedra müdiri olduğunuz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində vəziyyət necədir?
– Universitetdə də tədris ili sona çatdı. Bu ali təhsil ocağı peşəkarların yetişdirilməsi sahəsində zəngin ənənələrə malikdir. Bu baxımdan rəhbərlik etdiyim estrada və musiqili teatr aktyoru kafedrası yeni-yeni istedadlar yetişdirir. Tələbələrimin əksəriyyətinin tərəf müqabilim olması sevindirici haldır.
– Keçən müddət daha hansı hadisələrlə yadda qaldı?
– Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalının mənə və bir neçə sənət dostuma təqdimatı əsl sürpriz oldu. Bu, ittifaqın sənətkarlara verdiyi qiymətdir. Bildiyiniz kimi, iyunun 23-də Azərbaycan Teatr Xadimləri İttifaqının XIII konfransı keçirildi. Yüksək səviyyədə təşkil olunmuş konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı həm tənqidi, həm də tövsiyə xarakteri daşıyırdı. Şübhəsiz ki, tənqid olmasa, inkişaf da olmaz. Nazir teatrların repertuarına daha diqqətlə yanaşmağı tövsiyə etdi. Konfransda Azərpaşa Nemətov yekdilliklə ittifaqın sədri seçildi. Onun sədrlik etdiyi dövrdə həyata keçirilən mühüm layihələr milli teatrın inkişafına xidmət edib. Qeyd edim ki, mən də ittifaqın təftiş komissiyasına üzv seçilmişəm. Arzu edirəm ki, təşkilat təkcə paytaxtın deyil, regionlarımızın da teatrları ilə maraqlansın, onların inkişafına kömək etsin, müştərək layihələrin reallaşdırılmasında fəal olsun.
– Musiqili Teatrın yeni mövsümü haqqında nə deyə bilərsiniz?

– Yeni teatr mövsümündə Ramiz Mirişli və Marat Haqverdiyevin “Amerikalı kürəkən” əsəri mənim quruluşumda təqdim olunacaq. Tamaşada, eyni zamanda, baş rolun da ifaçısıyam. Bundan əlavə, Faiq Sücəddinov və Tamara Vəliyevanın “Dəyərəm min cavana” əsərinə teatrımızın baş rejissoru Yusif Əkbərov quruluş verib və bu tamaşada da baş rolu oynayıram. Ramiz Mirişli və Marat Haqverdiyevin “Qısqanc ürəklər” əsərinin həm quruluşçu rejissoru, həm də polkovnik Mikayıl rolunun ifaçısıyam. Teatrın rus bölməsində isə gürcü dramaturqu Avksenti Seqarelinin 1882-ci ildə yazdığı və bir çox teatrlarda oynanılmış “Xanuma” əsəri gürcü rejissoru Qoçe Kapanadze tərəfindən tamaşaya qoyulur və bu səhnə əsərində Knyaz rolu mənə həvalə olunub.
Teatrda Sabit Rəhmanın “Əliqulu evlənir” əsəri də yeni layihədir. Tamaşanın musiqisi Aydın Əzimovun, şeirləri isə Baba Vəziroğlunundur. Bu əsərin də quruluşçu rejissoru və baş rolun ifaçısı mənəm. Çalışacağam ki, müasir dövrün tələblərinə uyğun tamaşa ilə tamaşaçıları sevindirim.