Tələbə adını qazanmış “Azərbaycan Bayrağı” ordenli qazimiz

205

 

44 gün davam edən Vətən Müharibəsi BÖYÜK QƏLƏBƏMİZLƏ başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Tarix yazan qəhrəmanlarımızdan biri də Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəbə qəbul olan “Azərbaycan Bayrağı” ordenli qazi Salahov Elnur Elburus oğludur. Elnur  əslən Qəhrəman Tərtər rayonundandır. O, Mingəçevir Dövlət Universitetinin (MDU) Nəqliyyat mühəndisliyi fakultəsinə qəbul olub. Elnur bizimlə həmsöhbət olarkən bildirdi ki, bundan öncə də Şəki şəhərində kolleci bitirib. Elnur deyir ki, doğulub böyüdüyü Tərtər rayonu öz qəhrəmanlığı ilə Elnurun vətənpərvər bir igid kimi böyüməsinə səbəb olub: ”Dünyaya gözümüzü açandan güllə, mərmi səsi ilə böyümüşük. 2016-cı ili Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində respublikaya düşən mərminin məhz 51% Tərtərə düşüb. Əsgəri xidmətim müharibə ilinə təsadüf etdi. Mən indi tələbəyəm. Artıq silahımı  qələmə çevirib dərslərimlə məşğulam”.

Elnur Salahov iki il xidmətdə olub. Atəşkəsdən sonra o, 62 erməni terrorçusunun zərərsizləşdirilməsində yaxından iştirak edib. Elnur deyir ki, xidmətdə olarkən əsgərlərə gələn məktublar onlara bir stimul verirdi. Gənc əsgər olmasına baxmayaraq bu döyüşlərdə sücaətlə döyüşüb, təxris olunduqdan sonra müalicə alaraq doğma Tərtərə geri dönmüşdür.

Qeyd edək ki, Elnur Naxçıvan XTQ-nin əsgəri olub. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr böyük sücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad olunmasında XTQ-nin misilsiz xidmətləri olub. O cümlədən, Elnur da Naxçıvan XTQ-nin əsgəri kimi Xocavənd rayonunun və Şuşa şəhərinin işğaldan azad olunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Prezident İlham Əliyevin  15.12.2020-ci il tarixli Sərəncamı ilə Salahov Elnur Elburus oğlu “Azərbaycan Bayrağı”ordeni ilə təltif edilib. Bundan əlavə, Prezidentin digər sərəncamları ilə “Şuşanın azad edilməsinə görə”və “Xocavəndin azad edilməsinə görə”medalları ilə təltif edilib.

Esmira Hidayətova, Mingəçevir