“Təkrar emalla kağızdan 10 dəfə istifadə etmək olar”

0
969

Kağız dünyada insanlar tərəfindən ən çox istifadə olunan sənaye məhsullarından biridir. Kağız və onun məhsulları gündəlik həyatda olduqca önəmli yerə sahibdir. Statistikaya nəzər salsaq, görərik ki, 1 ton kağızın istehsalı üçün ən azı 10 ağac kəsilməlidir. İstifadə edilmiş kağızları yenidən emal etmək isə minlərlə ağacı, habelə böyük meşələri xilas etmək deməkdir. Bunu etməklə biz həm ətraf mühiti mühafizə etmiş, həm də təbii sərvətlərimizə qənaət etmiş olarıq. Məhz bu səbəbdən, “Azərsun Holdinq” MMC Kağızın təkrar Emalı Kombinatını işə salıb. Mövzu ilə bağlı qəzetimizə müsahibə verən “Azərsun Holdinq” şirkətinin rəsmisi Fuad Həsənov bildirdi ki, bu sahədə işlər 2008-ci ilədən başlayıb: “Ancaq Azərbaycan Kağızəsaslı İstehsalat Kombinatı 2014-cü ilin fevral ayında tam olaraq istifadəyə verilib. Zavodumuzun istehsal gücü 50 min tondur. Burada xam, tullantı kağızları yığılaraq yenidən emal olunur. Tullantı kağızlarını toplamaq üçün respublikanın müxtəlif rayonlarında kağıztoplama məntəqələri yaradılıb. Kombinatın xammal ilə təchizatı əsasən “Təmiz Şəhər” ASC, İDEA Beynalxalq Kampaniyası və “ASAN xidmət”lə birgə aparılır. “ASAN xidmət” könüllüləri vasitəsiylə kağızlar toplanır və zavoda təhvil verilir. Bundan əlavə buraya çoxlu sayda insan cəlb olunur. Kombinatda qofra karton məhsulları, yazı kağızı və məişətdə istehsal olunan kağız məmulatları ilə yanaşı bütün kağız növləri istehsal olunur. Bu iş həm də təbiətimiz üçün faydalıdır. Çünki 1 ton kağızın yenidən emalı üçün:

-17 ədəd yetişmiş şam ağacı kəsilməli;
-36 ton karbon qazı atmosferə atılmalı;
-4100 kilovat elektrik enerjisi sərf olunmalı;
-267 kq çirkli qaz atmosferə buraxılmalı;
-1750 litr yanacaq nefti sərf olunmalı;
-3-4 m2 anbarlama sahəsindən istifadə;
-85 m2 meşə ərazisi məhv edilməli;
-38,8 ton su sərf olunmalıdır”.

“Biz müxtəlif növlər üzrə xammal
hazırlayırıq”
“Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının emalı şöbəsinin müdir müavini Arif Kərimov bildirdi ki, zavodumuzun əsas vəzifəsi, daxil olan məişət tullantılarının çeşidlərə ayrılması və yerli emal müəssisələrinə təkrar emala yollanmasıdır: “Daxil olan tullantılar müxtəlif kateqoriyalara: kağız, metal, plastik və s. üzrə növlərə ayrılır. İri tullantılar xüsusi avadanlığın köməyi ilə çeşidlənir. Zavodda istehsal prosesinin əksər hissəsi avtomatlaşdırılıb, amma kiçik həcmli tullantıları çeşidləyərkən, əl əməyindən də istifadə edilir. Konversiya zavodudur. Burada müxtəlif növlər üzrə xammal hazırlayırıq. Hər istehsalçı gəlib öz xammalını aparır. Məsələn, metalla məşğul olanlar metal aparır, kağızla məşğul olanlar kağız aparır. Bizim əsasən kağız məhsulları üzrə müştərimiz “Azərsun Holdinq”dir. Biz təkrar istehsal işini görmürük. Bizim əsasən 3 obyektimiz var. Bunlardan biri Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu – burada təkrar emala yararlı məhsullar əldə edirik, üçüncüsü Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu – burada da tullantılar basdırılır”.
“Təkrar emalla kağızdan 10 dəfə istifadə etmək olar”
“1ton kağızın təkrar emalı 10 ədəd ağacın mühafizəsi, meşələrimizin qorunması deməkdir”, – deyən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov əlavə etdi ki, təkrar emalla kağızdan 10 dəfə istifadə etmək olar: “Ancaq biz bu əhəmiyyət vermədən ağacları kəsərək yeni kağızlar istehsal etməyə çalışırıq. Kağızda ən son 11-ci emal salfet olmalıdır. Sovet dövründə biz kağızları, qəzetləri yığıb zavodlara verirdik. Onların əvəzinə dövlət bizə yeni kitablar verirdi. İndi də biz belə şeylər etməklə insanların diqqətini bu sahəyə çəkməliyik”.

Kağızın tarixi…
Məlumat üçün onu da xatırladaq ki, kağız ixtira olunmazdan əvvəl, insanlar yazı yazmaq üçün qaya və ağac parçalarından (papirus), həmçinin gil lövhələr və heyvan dərilərindən (perqament) istifadə ediblər. Kağızın isə ilk dəfə bizim eranın 105-ci ilində Çində ixtira olunduğu bilinir. Çinlilər kağız hazırlamaq üçün bambuk və tut ağacından istifadə ediblər. Daha sonra (8-ci əsr) çinlilərdən kağız istehsalının sirrini öyrənən ərəblər Misirdə və Orta Asiyada (Səmərqənddə) kağız fabriki inşa edirlər və 500 il ərzində Şərqdən Qərb ölkələrini kağız ixrac olunur. Qərb xalqları arasında kağız istehsalına ilk dəfə ispanlar başlayır. Bundan sonra İtaliyada (12-ci əsr), Almaniyada (13-cü əsr) və İngiltərədə (14-cü əsr) kağız istehsal olunur. Azərbaycanda isə kağız istehsalının tarixi daha əvvəllərə – 9-10-cu əsrlərə gedib çıxır. O dövürdə Azərbaycanda istehsal olunan kağızlar “Təbriz kağızı” kimi bütün dünyada tanınıb. Nəhayət ötən əsrin ortalarında sintetik kağız istehsalına başlanılıb.

Nərmin Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here