“Təkrar əlil hesab edilənlərin sayı 3937 nəfər azalıb”

0
429
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında nazir Səlim Müslümov bildirib ki, son bir ildə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2013-cü ilə nisbətən 7664 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3937 nəfər azalıb.
“2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin ediləcək. Hazırda əlil və şəhid ailələri üçün paytaxtda və daha 4 rayonda çoxmənzilli binalar, habelə 52 rayonda 353 fərdi ev tikilir. Ayrılmış vəsait hesabına 2015-ci ildə 1031 ədəd, o cümlədən 487 ədəd fərdi evin və 544 ədəd mənzilin əlil və şəhid ailələrinə verilməsi nəzərdə tutulur”. Dünən bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 2014-cü il ərzində görülən işlərin, nazirliyin fəaliyyət sahələrində aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında nazir Səlim Müslümov səsləndirib. Nazirin sözlərinə görə, ölkədə sosial rifah halının yaxşılaşması və sosial yardım təyinatında ünvanlılığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ünvanlı yardım alan ailələrin sayı 35,5 faiz azalaraq 92 min 514-ə enib: “Bu azalma digər tərəfdən hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləğinin 23,5 faiz artaraq 155 manata çatması ilə müşayiət olunub. Ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri də artıq yekunlaşır. Yaxın 3-4 ay ərzində bu yardımlar üçün müraciətlərin elektron qaydada qəbuluna və yardım təyinatlarının avtomatlaşdırılmasına başlanacaq”.

“Elektron informasiya sisteminin yaradılması və tətbiqi mühüm uğurdur”

S. Müslümov Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası olaraq, qısa müddətdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılması və tətbiqini hesabat dövrünün mühüm uğurlarından biri kimi dəyərləndirib: “Hazırda bu sistem yalnız əmək hüquqlarının təminatına deyil, ümumən əmək bazarına dövlət tərəfindən ən səmərəli nəzarət mexanizmini təmin edir”. Nazir hesabat dövründə həyata keçirilən dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 20 min 417 halda əmək qanunvericiliyinin pozulması faktının aşkar edildiyinə toxunub: “Həmin hüquq pozuntularına yol vermiş işəgötürənlərə qarşı qanunvericiliyə əsasən cərimələr tətbiq olunub. Qeyd olunan cərimələrin 44,6%-i, yəni 1 milyon 915 min 347 manatı artıq dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. Həmçinin ötən il işəgötürənlər tərəfindən gecikdirilmiş ümumilikdə 527 min 574 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib”.

Əlillik müayinələrinin aparılmasına ciddi nəzarətin tətbiq olunduğunu qeyd edən nazir bildirib ki, son bir ildə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2013-cü ilə nisbətən 7664 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3937 nəfər azalıb. Tam reabilitasiya olunanların sayı 1802 nəfər artaraq 7667 nəfər, hissəvi reabilitasiya olunanların sayı isə 3102 nəfər artaraq 4361 nəfər təşkil edib. Ümumilikdə tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib.

“Əlillik təyinatlarının tam avtomatlaşdılması üçün bir sıra mühüm addımlar atılacaq”

Ötən il Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi hazırlanıb. Bu sistem əlillik müayinəsi və bu müayinənin nəticələri barədə məlumatların elektron mübadiləsini həyata keçirməyə imkan verir. Ümumiyyətlə, bu il əlillik təyinatlarının tam avtomatlaşdılması üçün də bir sıra mühüm addımlar atılacaq. S. Müslümov əlavə edib ki, 2014-cü ildə əlilliyi olan şəxslər 26 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 577 ədəd əlil arabası, 519 ədəd eşitmə aparatı ilə təmin olunub. Habelə 7837 nəfərə bərpa-müalicə xidməti göstərilib, 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdə ixtisaslaşmış müalicə kursu keçməsi təşkil edilib.

Nazir ötən il məşğulluq xidmətinə iş üçün müraciət edənlərin 62 faizinin, yəni 29 min 440 nəfərin münasib işlə təmin edildiyini, 3786 nəfərin peşə hazırlığı kurslarına, 1605 nəfərin ödənişli ictimai işlərə cəlb olunduğunu diqqətə çatdırıb.

Yeni obyektlərin inşaası

Sosial müdafiə əhəmiyyətli yeni obyektlərin inşasından söz açan Səlim Müslümov bildirib ki, bu il Bakıda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Qobustan rayonunda Penitensiar müəssisələrdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi istifadəyə veriləcək. Bu obyektlərin məqsədyönlü fəaliyyəti üçün qabaqcıl beynəlxalq təcrübədən maksimum istifadə olunacaq: “Azərbaycan Prezidenti cənab İlham Əliyev respublika hökumətinin son iclasında bir daha bəyan etdi ki, 2015-ci ildə ölkəmizdə bütün sosial proqramlar tam həcmdə təmin ediləcəkdir. Cari ildə bizim qarşımızda dayanan başlıca vəzifə də bu proqramların yüksək səviyyədə və dövlətimizin inkişafına layiq şəkildə icrasına öz dəyərli töhfələrimizi verməkdir”.

Kollegiya iclasında ƏƏSMN-nin fəaliyyət sahələrinə dair hesabatlar təqdim edilib. Aparılan müzakirələr zamanı görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan da bəhs olunub. İclasda fəaliyyətlərində nöqsanlar aşkar edilən  vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul olunub və nazirliyin struktur bölmələrinin məsul şəxslərinə müvafiq göstərişlər verilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here