“Təhsil terrorizmə qarşı ən yaxşı vasitədir”

0
526
Prezident İlham Əliyev: “Mədəniyyətlərarası dialoqun təşviq edilməsində təhsil mühüm rol oynayır. Biz təhsilə xüsusi diqqət yetiririk, Azərbaycan savadlılıq səviyyəsi çox yüksək olan ölkədir. Təhsil radikalizmə, terrorizmə qarşı ən yaxşı vasitədir”.
“Çox şadam ki, bu gün III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda öz işinə başlayır. Bu, yaxşı ənənədir, üçüncü dəfədir ki, bu dialoqu keçiririk. Yüzdən artıq ölkənin təmsilçisi buradadır. Bu, müzakirələrin əhəmiyyətini göstərir”. Bu sözləri Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır və çalışır ki, ölkələri, xalqları bir araya gətirsin: “Azərbaycan Avropa və Asiya arasında yerləşir, bu da Azərbaycanın mədəni müxtəlifliyində rol oynayıb. Etnik və müxtəlif dinlərin təmsilçiləri həmişə Azərbaycanda tolerant şəkildə yaşayıb. Tarixi irsimiz mədəni müxtəlifliyə yanaşmanı ortaya qoyur. Şamaxıda ən qədim məscidlərdən biri, Şəkidə alban kilsəsi, Abşeronda atəşpərəstlərin məbədi yerləşir. Bu gün Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri yaşayır və inkişafımıza töhfə verir. Biz beynəlxalq tədbirləri ona görə keçiririk ki, multikulturalizm ənənələrini təbliğ edək”.

Prezident bu gün dünyada baş verən hadisələrin narahatlıq doğurduğunu söyləyib: “Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu sahədə bir addım oldu. Multikulturalizmin alternativi yoxdur. Bu baxımdan vətəndaş cəmiyyəti qurumlarının, qeyri-hökumət təşkilatlarının rolu artır. Bəzi hallarda dini ədavət bilərəkdən inkişaf etdirilir və yayılır. İctimai rəyə təsir göstərən insanların öhdəliyi artır, biz multikulturalizm ənənələrini inkişaf etdirməliyik. Multikulturalizmin müsbət ənənələri var və Azərbaycan onlardan biridir. Bizim bu səylərimiz olmasa, dünyada vəziyyət daha pis olacaq. Azərbaycan kimi ölkələrin dünyada oynadığı rol müsbətdir. Bunun alternativi islamofobiya, antisemitizm ola bilər və bunlar tarixdə insanlar üçün böyük faciələrlə nəticələnib. Multikulturalizm Bakı prosesinin əsasını təşkil edir. 100-dən çox ölkənin təmsilçisinin iştirakı göstərir ki, biz mədəni müxtəlifliyi təmin edəcəyik”.

 “Dünyada neofaşist hərəkatlar yaranır”

Dövlət başçısı təəssüflə bildirib ki, bu gün dünyada neofaşist hərəkatlar yaranır: “Beynəlxalq ictimaiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir. Biz birgə səylərlə bu döyüşdən qalib çıxa bilərik. Ona görə də mədəniyyətlərarası dialoq çox əhəmiyyətlidir. Bakı bu məsələlərin müzakirəsində çox mühüm bir məkandır”.

Prezident qeyd edib ki, 23 ildə Azərbaycanda güclü, inkişaf etmiş dövlət qurulub: “Bakı memarlıq, tarixi abidələrlə zəngindir, onlarla tanış ola bitlərsiniz. Ancaq müstəqillik baxımından ölkəmiz gəncdir. Qısa müddətdə aparılan işlər bizim inkişafımızı müəyyən etdi. Əgər siz cəmiyyətin dəstəyinə nail olursunuzsa, bu işlər uğurlu olur. Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığı gücləndirir”.

“Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur”

Dövlət başçısı bildirib ki, Azərbaycanın bütün layihələri sosial inkişafa, xalqlar arasında əməkdaşlığın inkişafına yönəlib: “Bizim səylərimiz beynəlxalq ictimaiyyət tərəfindən də dəyərləndirilir. Sevindirici haldır ki, Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Həmin 155 dövlətin hamısı ilə fəal əlaqəmiz olmasa da, müstəqillik dövründə gördüyümüz işlər ölkəmizə müsbət münasibəti əsaslandırdı”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan siyasi və iqtisadi islahatlara sadiqdir: “Anladıq ki, enerji resursları davamlı inkişaf üçün yetərli olmayacaq. Ona görə də azadlıqlar diqqət mərkəzimizdədir. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur, din azadlığı var. Bu, bizim inkişafımız üçün əsasdır”.

Dövlət başçısı Azərbaycanın iqtisadi müstəqilliyinin olduğunu da diqqətə çatdırıb: “Donorlardan asılı deyilik, ianələr, yardımlar gözləmirik. Azərbaycanın enerji təhlükəsizliyini təmin etmişik, indi də başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə veririk”.

Prezident bildirib ki, Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz civarındadır: “Ölkəmiz rəqabətə davamlılıq baxımından 38-ci yerdədir. Biz müxtəlif layihələrə başlamışıq. Humanitar sahə də diqqət mərkəzindədir. Hər il Bakıda humanitar forum, dini liderlərin sammitini keçiririk”.

“Gənc nəsil savadlı olmağa, Azərbaycanın potensialına çevrilməyə çalışır”

Prezident müsəlman dünyasında ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını xatırladıb: “Müsəlman dünyasında ilk demokratik respublika Azərbaycanda yaradılıb qadınlara ilk dəfə səsvermə hüququ verilib. Bu addım Avropanın bir çox ölkəsi ilə müqayisədə daha öncə atılıb”.

Dövlət başçısı bildirib ki, mədəniyyətlərarası dialoqun təşviq edilməsində təhsil mühüm rol oynayır: “Biz təhsilə xüsusi diqqət yetiririk, Azərbaycan savadlılıq səviyyəsi çox yüksək olan ölkədir. Biz təhsilə, texnologiyaya əsaslanmağa çalışırıq. Təhsil radikalizmə, terrorizmə qarşı ən yaxşı vasitədir. Ona görə də Forumda bu müzakirələr diqqət mərkəzində olacaq. Fikrimcə, Azərbaycanın təcrübəsi maraqlı ola bilər. Biz indi təhsil sistemimizi beynəlxalq standartlara uyğunlaşdırırıq. Sevinirik ki, gənc nəsil savadlı olmağa, həyatda öz yerini tutmağa, Azərbaycanın potensialına çevrilməyə çalışır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here