“Təhsil Nazirliyi gənclərin xarici ölkələrdə təhsili ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir”

Azərbaycanın sürətli inkişafı və dünya iqtisadiyyatının bir hissəsinə çevrilməsi müasir biliyi və bacarığı olan kadrların yetişdirilməsi zərurətini doğurur. 
Ölkəmizin iş bazarında özünə layiqli yer tutmaq istəyən gənclərimizin əksəriyyəti ali təhsillərini xaricdə almağa üstünlük verirlər. Bunun da nəticəsidir ki, son illər xaricdə ali təhsil almaq istəyən gənclərimizin sayı çoxalır. Azərbaycanlı gənclərin ölkə üçün vacib ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il oktyabrın 19-da “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, hazırlanan və ölkə başçısının 16 aprel 2007-ci il tarixindəki daha bir sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, “2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almalarına dair yeni Dövlət Proqramı”nın qəbul edilməsi də nəzərdə tutulub. Xaricdə təhsil almaq istəyən gənclərimizin, ilk növbədə, diqqət etməli olduqları nüansları araşdırmağa çalışdıq.

“Xaricdə təhsil almaq istəyən gənclər düzgün ixtisas seçməlidirlər”

Mövzumuzla bağlı suallarımızı cavablandıran ekspert Razi Vəliyev bildirdi ki, xaricdə təhsil almaq istəyən gənclər, ilk növbədə, düzgün ixtisas seçməlidirlər: “Xaricdə oxuyan gəncləri oxuduğu universitetə və ya ölkələrə görə yox, ixtisaslarına və bu ixtisasları nə dərəcədə bildiyinə görə işə götürürlər. Bunun üçün də doğru ixtisas seçimi etmək çox vacibdir”. Onun sözlərinə görə, abituriyentlər ali təhsil almaq istədiyi ixtisası müəyyən etdikdən sonra həmin ixtisasın hansı ölkədə və hansı universitetdə daha yaxşı tədris olunduğunu araşdırmalıdır. R. Vəliyev onu da əlavə etdi ki, abituriyentlər ixtisas, universitet və ölkə seçimi etdiklərində ailələrinin maddi vəziyyətini mütləq nəzə almalıdırlar. Əks halda, həmin abituriyentin təhsilində, ailələrində ciddi problemlər əmələ gələ bilər. Müsahibimizdən onu da öyrəndik ki, xarici ölkələrdə təhsil almaq istəyən gənclərin əksəriyyəti ixtisas olaraq iqtisadiyyat, tibb və mühəndisliyi  seçirlər. Xaricdə təhsil almaq istəyən gənclərin əksəriyyətinin ölkə olaraq, Türkiyəni seçdiyini dilə gətirən R. Vəliyev bildirdi ki, bu ölkələrimiz arasında olan qardaşlıq, mədəni yaxınlıqla əlaqədardır. Azərbaycanlı abituriyentlərin Türkiyə ilə yanaşı, Ukraynaya da daha çox meyil etdiklərini deyən müsahibimiz adıçəkilən ölkədə baş verən son hadisələr səbəbilə cari ildə ora getmək istəyən gənclərin sayının azalacağını proqnozlaşdırır. R. Vəliyevin sözlərinə görə, gənclərimiz yuxarıda adıçəkilən ölkələrdən başqa, ali təhsil üçün İngiltərə, Amerika və Avropa ölkələrinə də gedirlər. Avropa ölkələrinə gedənlərin əksəriyyəti isə əsasən magistratura pilləsində oxumaq istəyənlərdir.

R. Vəliyev xaricdə ali təhsil almaq istəyən gənclərə tövsiyə də etdi: “Attestatı olan hər bir  abituriyentin gedə biləcəyi ölkə və universitet var. Amma tələbənin əlində olan beynəlxalq  imtahan nəticələri onların daha yaxşı universitetlərdə, ixtisaslarda, ölkələrdə təhsil almaq imkanlarını çoxaldır”.

“Abituriyentlər çox vaxt müqavilə şərtlərində aldadılırlar”

Bəzi şirkətlərin tələbələri aldatmaları məsələsinə də aydınlıq gətirən müsahibimiz qeyd etdi ki, abituriyent üz tutacağı xaricdə təhsil işi ilə məşğul olan şirkətin tarixi və fəaliyyətini əvvəlcədən araşdırmalıdır. Onun sözlərinə görə, abituriyentlərin diqqət edəcəkləri digər bir məsələ isə şirkətlə imzaladığı müqavilə şərtləridir: “Abituriyentlər çox vaxt müqavilə şərtlərində aldadılırlar. Ona görə də müqavilə şərtləri diqqətlə nəzərdən keçirilməlidir”. Xaricdə təhsil alan tələbələrin üzləşdiyi çətinliklər barəsində sualımızı cavablandıran R. Vəliyev qeyd etdi ki, onların əsas çətinliyi adaptasiya məsələsidir.

 Xaricdəki tələbələrin üzləşdikləri problemlər onların məlumatsızlıqlarından qaynaqlanır

Türkiyənin Səlcuq Universitetinin tarix ixtisası üzrə magistratura pilləsində təhsil alan azərbaycanlı tələbə Günay Babayeva ən çox üzləşdikləri problemlərdən danışdı: “Azərbaycanlı tələbələrin ən çox üzləşdiyi çətinliklər bürokratiya, Türkiyə Cümhuriyyətinin vətəndaşlıq vəsiqəsinin, tələbə vizasının alınması, tibbi sığorta işlərindədir. Bütün bunların səbəbi isə tələbələrin məlumatsızlığıdır. Belə ki, tələbə gedəcəyi ölkənin Azərbaycandakı səfirliyindən həmin dövlət və onun qanunları haqqında ətraflı məlumat almalıdır. Əks halda, yuxarıda sadaladığım problemlər qaçılmaz olur. Türkiyənin qanunlarına görə, xarici tələbələr ikiillik tibbi sığorta olunmalıdır. Tələbənin bundan xəbərinin olmaması onun əlavə xərcə düşməsinə gətirib çıxarır. Digər bir məsələ isə vizadır. Buradan gedən tələbələrin əksəriyyəti turist vizası ilə gedirlər. Belə olan halda da, onlar üç aydan sonra Azərbaycana qayıtmalı və tələbə vizası almaq  məcburiyyətində olurlar”. G. Babayev xaricdə ali təhsil almaq istəyən tələbələrə məsləhət bilir ki,  hansı ölkəyə getməsindən asılı olamayaraq, xarici dil biliklərini inkişaf etdirsinlər: “Xaricdə ali təhsil almaq istəyən gənclərimizin ən çox xarici dil və kompyuter biliklərinə üstünlük vermələrini tövsiyə edirəm. Bir də ki, çox istəyərdim ki, tələbələrimiz getdiyi ölkənin mühitinə düşməsinlər. Dərsləri ilə ciddi məşğul olub, özlərini mütəxəssis kimi yetişdirsinlər”.

 

“Təhsil Nazirliyi xaricdə təhsil xidməti göstərən şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır”

Mövzumuzla bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyindən bildirdilər ki, onlar  xaricdə təhsil sahəsində, xüsusilə də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır: “Həmin şirkətlər müvafiq qaydada aidiyyəti qurumlar tərəfindən qeydiyyatdan keçirildikdən sonra faktiki olaraq kommersiya fəaliyyəti ilə məşğul olmağa başlayırlar. Bu şirkətlər təhsil xidməti deyil, daha çox xarici ali təhsil müəssisələrinə qəbul üçün sənədləşmə, danışıqlar və səyahət imkanları barədə xidmətlər göstərir ki, bu da sırf kommersiya xarakteri daşıyan xidmətə aiddir. Yəni bu, açıq şəkildə həmin şirkətlərə nə üçün Təhsil Nazirliyinin nəzarət etmədiyini izah edir. Çünki onlar təhsil verən müəssisə deyil. Burada da yaranmış problemlərin həlli əsas həmin şirkət, tələbə və valideynlərin məsuliyyətinə aid edilməlidir. Bundan əlavə, bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə nazirliyin “Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir”. Nazirlik bildirir ki, imtahansız və natamam sənədlərlə xarici ali təhsil müəssisələrinə qəbul təklif edən bu şirkətlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində vətəndaşlarımız maddi və mənəvi zərər görə bilərlər: “Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər”.

Məlumat üçün bildirək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyə kimi 3395 gənc ali təhsil almaq üçün xaricə göndərilib.  Dövlət Proqramı əsasında göndərilən tələbələr isə Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada və Rusiya Federasiyasında təhsil alıblar. ELVIN ƏLIYEV