Təhsil kreditləri haqqında qanunun qəbulu zərurətə çevrilib

580
Hər il ailəsinin maddi imkanının zəifliyi ucbatından ödənişli əsaslarla qəbul olduğu ali təhsil ocağından imtina edən gənclərimiz olur. 
Elə gənclərimiz də vardır ki, ödənişli əsaslarla oxuduğu universiteti maddi imkansızlığa görə yarımçıq tərk edirlər. Müşahidələrimizə əsasən deyə bilərik ki, rayonlarda yaşayan, övladları isə şəhərdə ödənişli əsaslarla ali təhsil alan valideynlərin çətinlikləri daha çox olur. Belə ki, universitet ödənişindən əlavə, uşaqlarının kirayə və ya yataqxana pulunu ödəmək onların dolanışığını daha da çətinləşdirir. Ali təhsil aldığı universitetin ödənişini köçürməkdə çətinlik çəkənlərdən biri də Gəncə şəhər sakini, Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsi Səbahətdin Qurbanovun ailəsidir. Onun sözlərinə görə, artıq valideynləri indidən əl-ayağa düşüblər ki, dərs ili başlanır təhsil haqqını necə ödəyəcəklər. Ailəsinin maddi durumunun zəif olduğunu dilə gərilən S. Qurbanov bildirdi ki, valideynləri hər il onun təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Müsahibimiz onu da əlavə etdi ki, Bakıda yataqxanada qalır ki, onun da pulunu ödəmək valideynlərinin əziyyətini daha da artırır: “Ödənişli əsaslarla ali təhsil almağıma artıq peşman olmuşam. Valideynlərimin təhsil haqqını, yataqxana pulunu ödəməkdə belə çətinlik çəkdiyini görüb neçə dəfə universitetdən imtina etmək istəmişəm, amma ailəm buna icazə verməyib”. Bütün bunlar ölkəmizdə münasib şərtlərlə təhsil kreditinin verilməsini zəruri edir.

 “Təhsil kreditinin şərtləri tələbələr üçün olduqca ağırdır”

Azərbaycanda fəaliyyət göstərən bankların tələbələrə təklif etdiyi təhsil kreditləri haqqında  iqtisadçı ekspert Samir Əliyevin fikirlərini öyrəndik. Onun sözlərinə görə, ölkəmizdəki bankların təklif etdikləri təhsil kreditlərinin şərtləri digərlərindən fərqlənmir: “Banklar kampaniya xarakterli kreditlər verirlər. Cəmiyyətin diqqətini çəkmək üçün də ona müxtəlif adlar qoyurlar. Belə kreditlərdən biri də təhsil kreditidir. Azərbaycanda banklar təhsil kreditlərini 1-2 il müddətinə verirlər. Bu da işin mahiyyətinə xələl gətirir. Çünki təhsil haqqını ödəyə bilməyib, kredit götürən valideyn və ya tələbə bu müddət ərzində aydındır ki, bankdan aldığı pulu geri qaytara bilməyəcək”. S. Əliyev bankların verdiyi təhsil kreditlərinin faizləri haqqında da danışdı: “Ümumiyyətlə, ölkəmizdə kreditlərin faizi yüksəkdir. Buna görə də təhsil kreditlərinin faizləri də çoxdur. Amma dünyanın inkişaf etmiş ölkələrində digər kreditlər kimi təhsil kreditlərinin də faizi azdır”. Müsahibimiz onu da əlavə etdi ki, təhsil krediti verən bankların şərtləri tələbələr üçün olduqca ağırdır. Elə bu səbəbdən də, təhsil kreditinə müraciət edənlər elə də çox deyil”.

“Gənclərimizin təhsilinin taleyi ailəsinin maddi vəziyyətindən asılıdır”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram direktoru Elmina Kazımzadə bildirdi ki, təhsil kreditlərinin dövlət tərəfindən qanunla tənzimlənməsinə ehtiyac var: “Təhsil kreditlərinin faizi çox yüksəkdir. Çünki bizdə kredit anlayışı daha çox gəlir əldə etməyi nəzərdə tutur. Bizim cəmiyyətdə sosial kredit anlayışı inkişaf etməyib. Ona görə də, təhsil kreditinin verilməsi prosesinə dövlət tərəfindən nəzarət olunmalıdır”. Dünya ölkələrində təhsil kreditlərinin verilməsi şərtlərindən də danışan E. Kazımzadə bunları dedi: “Elə ölkələr vardır ki, orada sözügedən kreditin geri qaytarılması tələbənin təhsilini başa vurmasından 5 il keçdikdən sonra tələb olunur. Bundan başqa, həmin tələbənin əməkhaqqı qanunla nəzərdə tutulan minimal məbləğdən azdırsa, ondan təhsili üçün aldığı kredit borcunun geri qaytarılması istənilmir”. Müsahibimiz onu da əlavə etdi ki, təhsil kreditləri ilə bağlı millət vəkilləri Əli Məsimli və Vahid Əhmədovun peşəkarcasına  “Təhsil kreditləri haqqında” qanun layihəsi  hazırlayıblar. Belə bir qanunun qəbul edilməsinin vətəndaşlar tərəfindən gözlənildiyinə diqqət çəkən E. Kazımzadə onun gecikdiyini dilə gətirdi: “Çoxumuz bu sözləri eşitmişik “Filankəsin uşağı çox savadlı idi. Amma valideyninin imkansızlığı ucbatından təhsilini davam etdirə bilmədi”. Buna görə də, bu qanunun qəbul edilməsi cəmiyyətdə sosial ədalətin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Çünki hazırda gənclərimizin təhsilinin taleyi ailəsinin maddi vəziyyətindən asılıdır. Təhsilin bütün vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi baxımdan “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbul olunmasına böyük ehtiyac var. Cəmiyyət belə bir qanunun qəbulunu gözləyir”. E. Kazımzadə fikrinin sonunda onu da qeyd etdi ki, təhsil krediti verənin də marağı təmin olunmalıdır: “Təhsil kreditinin az da olsa faizi olmalıdır. Bundan başqa, krediti verən tərəf əmin olmalıdır ki, borc verdiyi tələbə ali təhsilini başa vurduqdan sonra gec olmadan iş tapıb onun pulunu geri qaytara biləcək”.

“Təhsil krediti haqqında” qanun layihəsi vətəndaşların marağına xidmət edir”

Millət vəkili Fazil Mustafa isə bildirdi ki, hazırlanmış “Təhsil krediti haqqında” qanun layihəsi təcili olaraq qəbul edilməlidir. Bu qanun layihəsinin bütün müddəalarını dəstəklədiyini dilə gətirən F. Mustafa qeyd etdi ki, “Təhsil krediti haqqında” qanun layihəsi vətəndaşların marağına xidmət edir. Müsahibimizdən onu da öyrəndik ki, bu qanun layihəsinin yaxın vaxtlarda qəbul edilməsi gözlənilmir.

“İmkansızlıq üzündən təhsilini yarımçıq qoyanların sayı getdikcə artır”

“Təhsil krediti haqqında” qanunun qəbulunun sürətləndirilməsinin önəmli olduğunu deyən millət vəkili Əli Məsimli bildirdi ki, təhsil sistemində təhsilin ödənişli formasının payı sürətlə artır: “Ali təhsil alan hər 3 nəfərdən 2-si öz vəsaiti hesabına oxuyur. Eyni zamanda təhsil haqları da sürətlə artmaqdadır. Ölkədə orta aylıq əməkhaqqının 440 manat, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin orta maaşlarının isə 200-250 manat arasında olduğu bir şəraitdə təhsil haqları 900-4500 manat arasındadır. Ona görə də aztəminatlı ailələrdən çıxan gənclər ödənişli qaydada təhsil aldıqda ciddi problemlərlə qarşılaşır, bəzən də maliyyə imkansızlığı üzündən daxil olduqları məktəbi tərk etməli olurlar. İmkansızlıq üzündən təhsilini yarımçıq qoyanların sayı getdikcə artır. Vəziyyətin bu cür davam etməsi aztəminatlı ailələrdən çıxan xeyli sayda istedadlı gəncin ali təhsildən kənarda qalması deməkdir. Bu isə Azərbaycanın intellektual potensialı, insan kapitalının inkişafı və gələcəyi üçün böyük təhlükədir. Ona görə də həmin problemin yumşaldılması üçün təhsil kreditləri haqqında qanunun qəbul edilməsi obyektiv zərurətə çevrilib. Bütün bunları nəzərə alaraq, “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlayıb, deputat həmkarım Vahid Əhmədovla birlikdə, rəsmən, qanunvericilikdə müəyyən olunmuş qaydada, Milli Məclisə təqdim etmişik. Layihə İqtisadi siyasət komitəsində müzakirə olunub, amma hələ plenar iclasa çıxarılmayıb”. Beynəlxalq praktikada təhsil kreditlərinin faiz dərəcələri bir qayda olaraq, ya simvolik xarakter daşıyır, ya da ölkədəki inflyasiyanın orta illik səviyyəsinə və ya Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun səviyyədə müəyyənləşdirildiyini deyən Ə. Məsimli bildirdi ki, sözügedən qanun layihəsində qeyd olunub ki, kommersiya xarakterli təhsil kreditləri maksimum 5 faiz dərəcəsi ilə verilməlidir. Sosial xarakterli təhsil kreditləri üçün isə dövlət büdcəsinin, məqsədli fondların, ayrı-ayrı şəxslərin vəsaitindən, eləcə də qrantlardan istifadə etmək olar. Adıçəkilən qanun layihəsində təhsil kreditlərinin qaytarılması müddəti haqqında da danışan Ə. Məsimli bunları dedi: “Azərbaycanda orta əməkhaqqı ilə təhsil haqqı arasında böyük fərqin hələ bir müddət qalacağını, Azərbaycan gənclərinin xeyli hissəsinin mənzil probleminin olduğunu və sair bu kimi amilləri nəzərə alaraq, layihədə təhsil kreditlərini qaytarmağın, onsuz da, kifayət qədər problemləri olan Azərbaycan gənci, gənc ailələr üçün əlavə ağır yükə çevrilməməsi variantına üstünlük verilmişdir. Həm kommersiya, həm də sosial xarakterli təhsil kreditlərinin 20 ildən çox olmayan müddətdə qaytarılması nəzərdə tutulur”.

Elvin Əliyev