“Təhlükə törətmə ehtimalı olan ruhi xəstələr evdə saxlanılmamalıdır”

751

Son zamanlar diqqət mərkəzində olan mövzulardan biri də ruhi xəstələrin törətdikləri cinayət hadisələridir. Buna misal olaraq, bu yaxınlarda Tərtər rayonunun Cəmilli kəndindəki baş vermiş qətl hadisəsini qeyd etmək olar. Bu dəhşətli hadisə hələ də müzakirə mövzusudur.

Qeyd edək ki, həmin hadisə zamanı ruhi xəstəliyi olan övlad hər iki valideynini amansızlıqla qətlə yetirmişdi. Ruhi xəsətlərin törətdikləri dəhşətli cinayətlər bununla bitmir. Bu barədə mətbuatda dəfələrlə xəbərlər yayılıb.

Ruhi xəstələr nə zaman nə edəcəklərini bilmirlər. Buna görə də valideyn hər zaman ayıq olmalıdır. Çünki xəstə istəmədən də olsa yaxınlarına, ətrafındakı insanlara zərər verə bilər. Bəzən valideynlər övladlarını ruhi-əsəb dispanserlərinə, psixiatriya xəstəxanasına təhvil verməkdən çəkinirlər, “övladımdır” deyib ev şəraitində saxlayırlar. Bu zaman da yuxarıda qeyd etdiyimiz faciələr baş verir. Bəs, görəsən, ruhi xəsətələrin ev şəraitində müalicəsi mümkündürmü? Bu hadisələrin baş verməməsi üçün valideynlər nə etməlidirlər? Bundan necə qorunmaq olar?

Suallarımıza cavab tapmaq üçün psixoloq Elnur Rüstəmli ilə əlaqə saxladıq. Psixoloqun sözlərinə görə, psixi problemləri, ruhi xəstəliyi olan insanları ev şəraitində o halda saxlamaq olar ki, onlar mütəmadi olaraq müalicə alsınlar: “Yəni dərmanlarını vaxtlı-vaxtında qəbul etsin, vaxtaşırı həkimə getsinlər. Belə insanlar ömür boyu xəstəxanada qalmamalıdırlar. Ruhi problemi olan insanlar müalicə aldıqdan sonra, onlar cəmiyyətə adaptasiya olunmalıdırlar. Ancaq bu şərtlə ki, müalicə prosesini keçsinlər. İndi isə çox təəssüflər olsun ki, belə problemləri olan uşaqları valideynlər nevropatoloqa aparırlar. Çünki düşünurlər ki, mənim uşağım xəstədir ona dəli deyəcəklər, qız uşağıdırsa gələcəkdə alan olmayacaq, ətrafda narahatçılıq yaranacaq və yaxud tək qalacaq. Belə olduğu təqdirdə, xəstəlik daha da irəliləyir. Bu zaman xəstə nəinki evdə, hətta cəmiyyət içində də narahatçılıq mənbəyi ola bilir. Bu zaman onun üçün fərqi yoxdu ailəsi və ya başqası – o hər bir təhlükəli hərəkəti edə bilər. Bunların qarşısını almq üçün artıq ölkəmizdə işlər davam edir. Bu il sosial xidmət diasporu yaradılır. Artıq universitetlərdə sosial işçilər yetişdirilir. Bu sosial işçilərin işi ondan ibarətdir ki, harda psixi problemləri, narahatçılıqları, asılılığı olan insanlar var, tapıb onlara kömək etsinlər, onları nəzarətdə saxlasınlar. Eynilə sahə həkimləri kimi. Onların dərmanları necə verilir, müalicənin gedişatı necədir deyə xəstələrə nəzarət edəcəklər”.

Müsahibimizin sözlərinə görə, xəstə həkim nəzarətində olduğu təqdirdə, onu ev şəraitində saxlamaq olar: “Əks halda, müalicəyə tabe olmursa, onu mütləq şəkildə xəstəxanaya yerləşdirmək lazımdır. Çünki bu zaman o təhlükəli ola bilər. Bu yaxınlarda Tərtər rayonunda ruhi xəstəliyi olan bir şəxsin ata-anasını öldürməsi xəbərini eşitdik. Müalicə almayan xəstədən bundan böyük nə təhlükə gözləmək olar? Bizdə insanlar psixi problemləri olduğu zaman ən son anda həkimə gedirlər. Nevropotoloqa, sanatoriyaya gedir, ancaq ruhi-əsəb dispanserinə gedib müalicə almırlar. İnsanlar çalışırlar ki, ora getmədən xəstələrini sağaltsınlar. Bununla da onlar düşünürlər ki, onlara dəli deyilməsinin qarşısını alıblar. 1 saylı Ruhi-Əsəb Dispanserinə getmək dəli olmaq deyil ki. Orada lazımi praseduraları həyata keçirmək üçün hər bir şərait var. Bu gün kimsə özünü yaxşı aparmasa, ona deyirlər “sən artıq Maştağalıqsan”, yəni dəlisən. İnsanlar birinci növbədə bu düşüncədən uzaq olmalıdırlar. “Dəli” deyərək insanları aşağılamaq olmaz. Çünki bu xəstəlikdən heç kim sığortalanmayıb. Hər an hər birimizin başına gələ bilər”.

“Ruhi xəstələr bu halda

xəstəxanaya cəlb edilməlidirlər”

Həkim-psixiatr İkram Rüstəmov “Zaman-Azərbaycan”a müsahibəsi zaman bildirdi ki, ruhi xəstələr ancaq ətrafa və özlərinə xəsarət yetirmə ehtimalları olarsa xəstəxanaya cəlb edilməlidirlər: “Əks təqdirdə öz mühitlərində saxlayıb reabilitasiya tədbirlərini artırmaq və onları ailə mühitində dəstəkləyərək sağalmalarını tezləşdirmək olar. Düzgün müalicə və manipulyasiya olunan ruhi xəstələr cəmiyyətə mütləq qazandırılmalı, mümkün olanlar işlə təmin edilərək cəmiyyətə inteqrasiyası artırılmalıdır. Kəskin psixotik epizodda olan xəstənin təfəkkürü və qavraması pozulduğu üçün, digər bir ifadə ilə fikirləri və duyğuları anormallaşdığı üçün ətrafına, həmçinin ailəsinə zərər vermə ehtimalı vardır. Bu durumda xəstəni təcili stasionara yerləşdirmək lazımdır. Təhlükə törətmə ehtimalı olan xəstə evdə saxlanılmamalıdır. Çünki ondan xüsusi qorunma metodu yoxdur. Vəziyyət stabilləşdikdən və aktiv simptomlar müalicə ilə nəzarət altına alındıqdan sonra xəstə müalicəsinə ev şəraitində davam edə bilər”.

“Ruhi xəstəxanada

yatmaq ayıb deyil”

“Xəstələr nə üçün vaxtında ruhi-əsəb dispanserinə müraciət etməkdən çəkinirlər?” sualını cavablandıran İkram Rüstəmov əlavə etdi ki, buna səbəb cəmiyyətimizdə ruhi xəstələrin və ruhi xəstəxanaların damğalı olmağından qaynaqlanır. Yəni bizdə ruhi xəstə olmaq və ya ruhi xəstəxanada yatmaq ayıb kimi qarşılanır. İkinci səbəb ruhi xəstəxana ilə əlaqəli yanlış təsəvvürlərdir. Orada sanki həmişə sizin xəstənizdən daha ağır xəstələr varmış kimi düşünülür və ya orada xəstələrə işkəncə verildiyi, xəstələrin bir-birinə ciddi zərər verdiyi fikirləri çoxluq təşkil edir. Halbuki belə deyil”.

Nərmin Haqverdiyeva