Təcrübə keçən “Könüllü”lərə sertifikatlar verilib

225

Mingəçevir şəhər  İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqlarını göstərirlər. Şəhər  İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunmuşdur. Bu gün Mingəçevir  İcra Hakimiyyətində təcrübə keçən “Könüllü”lərə sertifikatlar verilib. Sosial məsafəni qorumaqla keçən tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və könüllülər iştirak ediblər. İcra başçısı  əvvəlcə gənclərə  bildirib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu ideologiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğu vurğulanıb. Qeyd olunub ki, Könüllülər gündəlik iş proseslərində aktiv şəkildə iştirak ediblər. Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, şəhər  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər. Sonra 2  könüllüyə Mingəçevir  İcra Hakimiyyəti tərəfindən sertifikatlar təqdim olunub, digər  könüllülərə yeni könüllülük  fəaliyyətində uğurlar arzulayıblar.

Esmira Hidayətova, Mingəçevir