Təbiətin “məşqi”

534

Hamıya məlumdur ki, son illər məmləkətimizdə xeyli idman kompleksləri inşa olunub (və olunmaqdadır), bəziləri isə yenidən qurulub. Aşkardır ki, idmana bu qədər qayğı həm də tərəqqimizin bir göstəricisidir. Şübhəsiz, qonşularımız bu tərəqqimizi görüb başlayıblar narahat olmağa. Qorxurlar ki, biz idmanın bərəkətindən yuxarı qalxıb birdən atılıb minərik onların boynuna. Hər kəs mənim bu sözlərimi zarafat hesab eləsə və buna görə məni ələ salmağa çalışsa, yenə şübhəsiz ki, qarşısında yüzlərlə idmançı görər. Odur ki, kimsə belə bir şeyi ağlına gətirməsin. Məndən xəbərdarlıq etməkdir. Bu belə.
Bəli, bizim idman komplekslərimiz müasir standartlara o qədər uyğundur ki, hətta təbiət (təbii) qüvvələri (qar, yağış, dolu, külək…) də bu məkanlarda məşq etməyə üstünlük verirlər. Sözün düzü, elə bizim bu idman qurğularındakı məşqlər sayəsində onlar yeni dünya rekordlarına imza atır. Mən onların həmin uğurlarından ətraflı söz açıb vaxtınızı almaq istəmirəm. Sadəcə, bu işdə onlara yeni-yeni uğurlar diləyib yazımı davam etdirirəm. Bu da belə….
Bu günlərdə həmin təbiət qüvvələrindən birinin – yağan qarın ehtiyatsızlığı ucbatından Beyləqan Şəhər Stadionunda xoşagəlməz hadisə baş verib. Belə ki, sinoptiklərin verdiyi məlumata görə, qar dənəcikləri stadionun azarkeşlər üçün nəzərdə tutulan sektorunun çardağında o qədər atılıb-düşüb ki, nəticədə o uçub. Sözün düzü, bu xəbəri eşidəndə həm sevindim, həm də kədərləndim. Sevindim ona görə ki, hadisə nəticəsində təbiət qüvvələrindən nə dünyasını dəyişən olub, nə də yaralanan. Yoxsa ilin-günün bu çağında beynəlxalq aləmdə biabır olardıq. (Onsuz da əskimiz tüstülüdür). Yəni bəzi beynəlxalq qurumlar, həmçinin bəzi ölkələr başlayacaqdılar təbiət qüvvələrinə qarşı biganəliyimizdən dastan qoşub bizi rüsvay etməyə. Kim bilir, bəlkə sanksiyaların tətbiqinə də cəhd edəcəkdilər.
Kədərləndim, ona görə ki… Sözün düzü, heç bilmirəm, kədərimi necə izah edim? Neyləyim, bu kədərimi izhar etməyə məharətim çatmır… Odur ki, bəri başdan deyirəm, verəcəyim izahata görə kimsə məndən inciməsin. İnciyən olsa, bu dərdə tab gətirə bilmərəm. Üstəlik, manat kimi dəyərimi itirərəm. (Haradan düşdü yadıma bu manat? Bizim Məşədi İbadın sözü olmasın, heç hənanın yeridir?) Hə, onu deyirdim axı… Ona görə kədərləndim ki, həmin şəhər stadionu, düz dörd ay öncə əsaslı təmir və yenidənqurmadan sonra əhalinin istifadəsinə verilmişdi. Hətta həmin tədbirdə ölkə başçısı da iştirak etmişdi. Və həmin mərasim zamanı verilən məlumat indiyədək yaddaşımdadır: “Stadionun inşasına 2014-cü ilin yanvarında başlanılıb. Tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib”. Bu da belə.
Təbii ki, bu yerdə müxtəlif suallarla yanaşı, müxtəlif fikirlər də baş qaldırır: “Elə isə bəs niyə uçdu? Axı yüksək səviyyə buna imkan verməməli idi. Yüksək səviyyə qarın ağırlığına tab gətirməli idi axı. Niyə bəzi işbazlar öz əməllərini yüksək səviyyə adı altında basdırmağa cəhd edirlər? Üstəlik, ölkə başçısına belə bir raport verməkdən də çəkinmirlər”. Bu suallara, fikirlərə daha ətraflı şərh yaza bilərdim. Məsələn, yaza bilərdim ki, bu stadiondakı yenidənqurma yenidənmənimsəmənin qurbanı olub. Yəni rayonun başbilənləri şəhər stadionunun yenidənqurulması ilə bağlı hansısa tikinti şirkəti ilə əlaqəyə girməklə qaz vurub qazan doldurublar, nəticədə iş kosmetik görüntülərlə tamamlanıb və sairə. Hə, bir də onu yaza bilərdim ki, gözlənilən növbəti “təbii” fəlakətdə bu məsələyə cavabdeh olanların qanunun altında qalacaqları şəksizdir. Amma mən bunları yazmıram. Yenə xahiş edirəm, bu suallara, fikirlərə görə məni qınamayın, dedim axı, kədərimi izhar etməyə məharətim çatmır. Bu yerdə “bu da belə” yazmaq istəyirdim, amma baxdım, gördüm, heç yeri deyil.
Hə, bir də bu yazını yazmaqda məqsədim sadəcə yalnız bunları söyləməkdən ibarət deyil. Əsas məqsədim başqadır: deyirəm, nə qədər ki gec deyil, belə başdansovdu iş görənlər bir daha öz işlərini nəzərdən keçirsinlər. Əks halda, təbii fəlakətlər onların da paxırlarını beləcə açacaq.