“Təbiəti qorumaqla həm də özümüzü qoruyuruq”     

860

Mingəçevir 3 saylı tam orta məktəbin 4-1 sinfi ekoloji tərbiyənin təbliği ilə bağlı “Təbiəti qoruyaq” adlı musiqili, əyləncəli tədbir keçirib. Bu sinifin rəhbəri Tahirə Tahirova və valideyinlərin təşkilatçılığı ilə hazırlanan tədbirdə fəsillərin yarışı keçirilib. Yay, yaz payız, qış mövsümlərinə aid maraqlı ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Yeri gəlmişkən, qeyd edək ki, belə tədbirlər bu sinifdə artıq bir ənənə halına çevrilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Tahirova deyib ki, belə tədbirlər təbiətin sirlərinə daha dərindən bələd olmaq və hər zaman təbiəti qorumaq ideyasını şagirdlərə obrazlı şəkildə mənimsətmək məqsədilə təşkil olunur: “Sevindirici haldır ki, bu kimi tədbirlərdə valideynlər də övladlarının yanında olurlar. Bu da məktəb-valideyn münasibətlərinə əlavə bir stimul verir. Bu günkü möhtəşəm tədbirə görə sinif müəlliməsi Tahirə müəlliməyə, şagirdlərə, eləcə də valideynlərə bir daha təşəkkürümü bildirirəm”. O, rəhbərlik etdiyi təhsil ocağının gələcək planlarından da söz açıb: “Şagirdlərin asudə vaxtlarının daha səmərəli keçirmək üçün məktəbimizdə kukla teatrı truppası da təşkil etmək fikirindəyik”.

 

Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva tədbirin rəngarəng keçirilməsində əməyi olan hər kəsə təşəkkür etməklə yanaşı, bu məktəbin hazırladığı tədbirlərdə münsiflər heyətinin üzvü kimi kimi iştirak etdiyini də vurğulayıb: “Gələcəyimiz olan bu balalara bu cür təlim-tərbiyə verən məktəbdə olmaq mənə xoşdur. Onu da deyim ki,  burada məktəbdənkənar təhsilə də geniş yer verilir. Yəni şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə bu təhsil ocağında müxtəlif kurslar, dərnəklər də fəaliyyət göstərir”.

Tədbirin təşkilatçısı, sinfin rəhbəri Tahirə Tahirovanın sözlərinə görə, yurda, torpağa, təbiətə sevgi ailədə, məktəbdə daha çox aşılanmalıdır. Yeri gəlmişkən, ölkəmizdə ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, ərazilərin tullantılardan təmizlənməsi məqsədi ilə də tədbirlər təşkil edirik. Bir müəllim kimi çalışıram ki, yetirdiyim şagirdlərim ailələrinə, vətənə layiqli övladlar olsunlar. Ona görə də müxtəlif tədbirlər hazırlayaraq onlarda təbiətə, ailəyə, vətənə, məktəbə sevgini yaratmağa səy göstərirəm. Mənim fikrimcə, Vətənin maraqlarını qorumaq istəyi müstəqilliyi və ərazi bütövlüyünü, millətin maddi və mənəvi dəyərlərini qorumaq kimi başa düşülməlidir. Bütün bunların mənəvi-əxlaqi stimullaşdırıcısı isə vətənin keçmişi və indiki tarixi haqqında obyektiv biliklərə əsaslanan qürur hissi olmalıdır. Mən də bir müəllim kimi öz yetirmələrimlə qürur hissi keçirirəm”.

O çıxışını bu sözlərlə bitirib: “Belə tədbirlərin məqsədi şagirdlərin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, bu sahədə onların şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır. Təbiəti qorumaq, onun sərvətlərini qiymətləndirmək hər bir kəsin borcudur. Unutmayaq ki, biz təbiəti qorumaqla həm də özümüzü qoruyuruq”.

Qeyd edək ki, tədbirdə təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllimləri də iştirak ediblər. Tədbirin sonunda bir qrup şagirdə fəxri fərmanlar təqdim edilib.

Esmira Hidayətova, Mingəçevir