Şuşaya getməkdən imtina edən səfirlər niyə Ağdama səfərdə maraqlıdırlar?

28

Bu yanaşma tərzi Fransanın Azərbaycanın ərazi bütövlüyünə münasibətdə nümayiş etdirdiyi klassik bir riyakarlığın nümunəsidir

Məlum olduğu kimi, Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Ağdama səfər edib. Bu barədə Azərbaycan Prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov özünün “Twitter” hesabında yazıb.

Səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib. Hətta ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger də tezliklə Ağdama səfər edəcəyini deyib. Səfir bildirib ki, artıq Zəngilanda olmusan və regionlara səfərlər mənim işimin tərkib hissələrindəndir: “Hansı ərazilərə səfər etməmişəmsə, həmin ərazilərə tezliklə səfər edəcəyəm”.

Maraqlısı odur ki, sözügedən ölkələrin səfirləri diplomatların Şuşaya təşkil edilən səfərində iştirakdan imtina etmişdilər.Bəs hazırda sözügedən iki ölkənin səfirinin işğaldan azad edilən ərazilərə səfər etməyə həvəs göstərməsi nə ilə bağlı ola bilər?

Siyasi ekspert Elçin Mirzəbəyli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki,  Azərbaycan bu gün geosiyasi reallıqlar yaradıb ki, kimsə istəsə də, istəməsə də ölkəmizin atdığı addımlar bütün dünya tərəfindən qəbul olunur: “Sözsüz ki, bu, siyasətlə məşğul olan insanlar üçün aydın bir məsələdir. Ona görə də işğaldan azad olunmuş ərazilərə səfər edən xarici diplomatların da sayı hər dəfə artır. Ancaq ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin bu səfərlərə qatılmalarına gəlincə, onun müxtəlif səbəbləri ola bilər:  “Bunun əsas səbəbi Şuşa şəhərinin vaxtilə Azərbaycan ərazilərində Azərbaycan xalqının iradəsinə zidd olaraq yaradılmış, “Dağlıq Qarabağ muxtar vilayəti”adlı artıq ləğv edilmiş bir qurumun qeyri-qanuni sərhədləri çərçivəsində olmasıdır. Bununla da onlar Azərbaycan ərazilərində yaşayan etnik ermənilərə özlərinin isti münasibətlərini nümayiş etdirməyə çalışırlar”.

“Ağdama gəldikdə isə hətta müharibə cinayətkarı, terrorçu, seperatçı Serj Sarkisyan belə vaxtilə bildirib ki, biz heç vaxt Ağdamın ermənilərə məxsus olduğunu deyə bilmərik” deyən ekspert onu da vurğulayıb ki, görünür, buna istinad edərək, həmçinin də Ağdamın heç vaxt ləğv edilmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazisinin çərçivəsinə daxil olmadığını nəzərə alaraq bu rayona səfər edirlər: “Bu, əslində hər iki ölkənin beynəlxalq hüququn prinsiplərinə münasibətdə növbəti riyakarlığının nümunəsidir. Mən burada başqa bir səbəb görmürəm. Bu baxımdan da Fransa səfirinin Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfərinin ətrafında da hansısa ajotajın yaradılmasının tərəfdarı deyiləm. Əslində bu yanaşma tərzi Fransanın Azərbaycanın ərazi bütövlüyünə münasibətdə nümayiş etdirdiyi klassik riyakarlığın nümunəsidir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu digər ərazilərimizdən fərqli olaraq heç bir döyüş aparılmadan düşmən tapdağından azad edilib. Eyni ilə  Kəlbəcər, Laçın rayonu da müharibə olmadan Azərbaycana, yəni öz sahiblərinə geri qaytarıldı. Şübhəsiz ki, bu rayonların azad edilməsi prosesində, bütün bu amillər də onlar tərəfindən nəzərə alınıb. Daha öncə də qeyd etdiyim kimi, bu,  Fransa və Birləşmiş Ştatların klassik riyakarlıq siyasətinin göstəricisi kimi dəyərləndirilməlidir. Əslində Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü icra edib. Lakin hər iki ölkə, yəni, Fransa və ABŞ BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının təyin edilməməsinə, müharibənin baş verməsinə, həmçinin səfər etdikləri və etməyə hazırlaşdıqları Ağdam rayonunda törədilən cinayətlərə, vəhşiliklərə, vandallıq aktlarına görə məsuliyyət daşıyırlar”.

 “İki sahil”