Şuşasız 24 il…

546

Mayın 8-i Qarabağımızın, eləcə də Azərbaycanımızın başının tacı olan doğma Şuşamızın mənfur erməni işğalçıları tərəfindən işğal edilməsinin 24 ili tamam olur. Bu 24 ilin hər günü aylara, hər ayı illərə, hər ili isə əsrlərə bərabərdir desək, bəlkə də səhv etmiş olmarıq. Və 24 ildir Azərbaycanın qəlbində Şuşa adlı bir yurd həsrəti, yurd yanğısı var. Şuşa həsrərini, Şuşa yanğısını isə nə dillə təsvir etmək, nə də qələmlə yazmaq mümkündür… Şuşanın acı günləri isə bizə həm yaxın, həm də uzaq olan ötən əsrin 90-cı illərindən başladı. 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq oldu…

Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışdır. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıtmış, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd etmişlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlər xarabazara çevrilmişdir.

Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşudbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyini, Dövlət xalça muzeyini, Qarabağ dövlət tarix muzeyini, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atmış, Üzeyir Hacıbəyov, Bülbül, Xurşudbanu Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələmişlər.

Şəhərin tarix muzeyinin 5 minədək əşyası, Dövlət Xalça və Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilkişdir. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi dörd ildir ki, təcavüzkar Ermənistanın işğalı altındadır. Düz iyirmi dörd ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutundadır. Şuşa bu gün həm özünün yaralalrını sağaltmaq, həm də minlərlə azərbaycanlının sinəsində sağalmaz yaraya çevrilən yaramıza məlhəm olmaq üçün onu düşməndən azad edəcək igid oğullarımızı gözləyir. O gün isə hökmən gələcək, Şuşa mənfur düşməndən azad olunacaq və onun başı üzərində yenidən üçrəngli bayrağımız dalğalanacaq. Və o günü görəcək insanlar neçə də xoşbəxt insanlar olacaqlar.