Susaraq danışma sənəti

0
604
Peşəkar pantomima XX əsrin əvvəllərində Fransada yaranıb. 
Kəlmə mənası isə, “hər şeyi ifadə etmək” bacarığı deməkdir. Bu sənətdə isə, jestikulyasiya vacibdir. Bunun üçün də göz, səhnədə qavrayış üçün ən iti hissdir. Səhnəyə çıxarkən iştirakçının ilk gördüyü maraqla açılmış çoxlu “ac” gözlərdir. Onları doyurmaq  üçün də ən böyük yük də elə aktyorun üzərinə düşür. Tamaşaçının bəyənib-bəyənməməsi  isə aktyorun sərgilədiyi bacarıqdan asılıdır. Dünyanın ən böyük  pantomima sənətçisi Çarli Çaplinlə tanınan pantomima sənəti mavi ekran arxasındakı insana çox asan görünsə də, bu sənətin incəlikləri onun heç də asan olmadığını deyir. Minimum hərəkətlərlə maksimum ifadə pantomima sənətinin fərqliliyini göstərir.

Hər hərəkətin öz dili var

Pantomima sənətində hər hərəkətin öz dili, öz mənası var. Bu hərəkətlər və onların bəzilərinin mənası bu şəkildə izah edilir: Bir əlin ürək üzərinə qoyulması eşq duyğusunu ifadə edir, gözlərin üzərinə yerləşdirilən əllərin aşağıya doğru çəkilməsi göz yaşı təəssüratı bağışlayır, sıxılmış yumruqların baş üzərində yellənməsi hirsi, əsəbi izah edir, qolların çarpaz olaraq aşağıda tutulması arzunu dilə gətirər, ağızını və gözünü böyük açmaq isə qarışıqlığı ifadə edər. Pantomima yalnız sözsüz səhnələrdə aktiv deyil, eyni zamanda aktyorun danışdığı, və ya oxuduğu zaman kəsiyində də öz fəaliyyətini davam etdirə bilir.

 

Bizim pantomima…

90-cı illərdə Azərbaycan teatrında yeni format kimi yaranan pantomima janrını Azərbaycan teatrına Bəxtiyar Xanızadə gətirdi və bu janrın öz teatrını qurdu. Teatrımızın tarixində ilk pantomima tamaşası “Bir aktyor üçün him-cim oyunu” dur. Sonralar isə bu tamaşanı “Ümid” adlandırdılar. Bu Azərbaycan teatrı üçün yeni sənət hadisəsi, ilk sözsüz tamaşa idi. 1994-cü ilin mayında Bəxtiyar Xanızadə “Dəli yığıncağı” pantomima studiyasını təsis etdi. Aktyorlar da, elə Bəxtiyar Xanızadənin öz tələbələri idilər. Qısa zaman içində Azərbaycan teatr xadimləri İttifaqının və “Dəli yığıncağı” pantomima studiyasının təşəbbüsü ilə Bakıda “Him-cim” adlı I və II Beynəlxalq pantomima festivalları keçirildi. Sonralar da onlar dünyanın bir çox ölkələrində keçirilən festivallarda iştirak edib, mükafatlar qazandılar. 2000-ci ildən dövlət teatrı statusu alan Pantomima Teatrında nəsillər bir-birini əvəzləyir və teatr tərkib etibarilə gənclərin teatrı olaraq qalır…

Dövlət Pantomima Teatrının direktor müavini, eyni zamanda bu teatrın aktyoru  əməkdər artist  Elman Rəfiyev müsahibəsində bu sənət haqqında daha geniş məlumat verdi: “Pantomim ifadəsi, hər hansı bir fikri sözlərlə deyil, jest və mimikalarla ifadə etmək deməkdir. 1994- cü il mayın 16 da Azərbaycanda bu teatr  tamaşaçılara təqdim olundu. Onu qeyd etmək istərdim ki, dünya ölkələrinin bir çoxunda pantomima aktyorları qruplar halında fəaliyyət göstərsələr də, dövlət tərəfindən qayğı göstərilən pantomima teatrı ancaq Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərir”.

 

“Gənclər bu sənətin ağırlığından qaçırlar”.

Dövlət pantomima teatrının aktyoru sənətinin ağırlığından danışarkən, gənclərin də bu sənətə müraciət etdiyini, ancaq, iş prinsipini görəndən sonra bu sahədən qaçdıqlarını bildirdi: “Bizdə ayrıca olaraq pantomima dərsləri tədris olunmur. Ancaq, Pantomima teatrının baş rejissoru, xalq artisti  Bəxtiyar Xanızadə ayrıca olaraq buna marağı olan gənclər üçün elan verərək, onlar arasında seçim mərhələləri təşkil edir. Həmin mərhələdən keçən gənclər teatrda qalaraq öyrənməyə başlayırlar. Ancaq, hər bizə müraciət edən şəxs teatrımızın aktyoru ola bilmir. Çünki, iş sistemi çox çətindir. Buna görə də, mən çox istərdim ki, universitetlərin nəzdində də, pantomima dərsləri tədris edilsin. Başqa teatrlarda olduğu kimi burada da fiziki əmək lazımdır. Ancaq bizdə bir qədər fərqlidir ki, bütün fikrini gərək sözsüz şəkildə tamaşaçıya çatdırasan. Bir şeyə diqqət etsəniz görərsiniz ki, bütün aktyor və aktrisalarımız formadadırlar və heç kəs normadan artıq kiloda deyil. Onu da nəzərinizə çatdırım ki, hal-hazırda teatrımızda fəaliyyət göstərən 13 aktyordan 5-i qadın aktrisadır. Yaş həddinə gəlincə isə, içərilərində ən yaşlı olanları mənəm. Ancaq ümumi yaş həddi isə  20-30 yaş arasında dəyişir”. Aktyor qeyd etdi ki, onların tamaşalarını izləmək üçün teatra hər yaş təbəqəsindən izləyicilər gəlir: “Müxtəlif yaş təbəqəsindən olan insanlar bizim tamaşamızı izləməyə gəlirlər. Zala baxanda 15-20 yaş arası gəncləri, hətta 60 yaşlı insanları da görürük. Bizim tamaşalarımıza əsasən də, xarici qonaqlar gəlir. Pantomima üçün dil sərhədi deyilən bir şey yoxdur. Hərəkətləri hər bir insan rahatlıqla başa düşə bilər. Hər hansı bir ölkədə pantomim hərəkətləri göstərsən, biləcəklər ki, söhbət nədən gedir”.

Həvva Cəlİlova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here