Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi, illərin həsrətinin sona yetməsi idi

29

Mayın 24-də Azərbaycan Tibb Universitetində (ATU) Şuşanın 270 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktik konfransı keçirilib.

ATU-nun mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra konfrans işinə başlayıb.

Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, xalqımız otuz ilə yaxın müddətdə işğal altında olan Şuşanın həsrəti ilə yaşasa da, 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi və tarixi ədalət bərpa olundu: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Heç bir azərbaycanlının yaddaşından silinməyəcək tarixi hadisəni yaşadıq. Qarabağın tacı olan Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi, illərin həsrətinin sona yetməsi idi. Bu gün dövlət başçımız İlham Əliyev ölkəmizin həyatı ilə bağlı ən vacib, əlamətdar günləri, önəmli tarixləri məhz Şuşada qeyd edir. Şuşada olmaq hər kəsin ən şirin arzusuna çevrilib”.

Rektorun sözlərinə görə, Prezident İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb: “Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada bərpa işləri uğurla davam etdirilir. Şuşa şəhərinin bir sıra tarixi binaları, yaşayış məhəllələri, abidələri restavrasiya olunub. 2022-ci ildə, həm də Şuşanın 270 illiyi qeyd olunacaq. İnanırıq ki, “Şuşa İli” elan edilməsi doğma şəhərimizin daha da çiçəklənməsinə, tamamilə bərpa olunmasına, əvvəlki gözəlliyini, öz qədim möhtəşəmliyini geri qaytarmasına və yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsinə təkan verəcək”.

Sonra Şuşanın tarixindən bəhs edən sənədli videoçarx nümayiş olunub.

Türkiyə Cümhuriyyəti Səhiyyə Elmləri Universitetinin rektoru, professor Cevdet Erdöl Şuşaya həsr olunmuş tədbirdə iştirakdan məmnunluğunu dilə gətirib. Azərbaycan və Türkiyə arasında tibb təhsili sahəsində mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən söhbət açan professor rəhbərlik etdiyi təhsil müəssisəsinin təkcə Türkiyədə deyil, bütün dünyada tanındığını bildirib.

Sonra Türkiyə Bezmialem Vəqf Universitetinin prorektoru, professor İbrahim Tuncay “Ortopediyada və Travmatologiyada robot cərrahiyyəsi”, ATU-nun ümumi və toksikoloji kimya kafedrasının müdiri, professor Eldar Qarayev isə “Azərbaycan florasında yayılan dəlibəng-datura növlərinin kimyəvi tərkibinin tədqiqi” mövzusunda məruzələrlə çıxış ediblər. Bundan başqa, Birinci Moskva Dövlət Tibb Universitetinin Molekulyar Təbabət İnstitutunun İmmunologiya Laboratoriyasının müdiri, akademik Aleksandr Karaulovun videoformatda “Ağır COVID-19-un immunopatogenezinin və immunoprofilaktikasının açılmış sirləri” mövzusunda çıxışı dinlənilib.

Konfrans işini cərrahiyyə, terapiya və nəzəri bölümlər üzrə üç paralel sessiyada davam etdirib.