Şuşa öz tarixiliyinə qovuşacaq

Məlum olduğu kimi, erməni vandalları otuz il ərzində Şuşamızı da viran qoyublar. Oradakı abidələrimizi, tarixi mədəni irsimizi məhv edib, hətta qəbiristanlıqları belə dağıdıblar. Bizim bugünkü ən əsas vəzifəmiz əsgər və zabitlərimizin qanı və canı bahasına azad edilmiş Şuşamızın erməni barbarları tərəfindən necə dağıldığını dünyaya göstərməklə yanaşı, onun tarixi əhəmiyyətini və Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir. Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyevin qısa zaman kəsiyində bu qədim mədəniyyət şəhərinə ikinci səfəri də bu ali məqsədə xidmət edir. Özü də Prezident, Ali Baş Komandan İlham Əliyev burada olarkən ötən illəri xatırlamaqla yanaşı, görüləcək işlərdən söhbət açır, qalalar və abidələr məskəninin yenidən canlandırılacağını, əvvəlki növrağının özünə qaytarılacağını da bildirir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olarkən dövlətimizin başçısı bir daha bu barədə söz açmışdır. Bildirmişdir ki, erməni vəhşiləri tərəfindən dağıdılmış Vaqifin məqbərəsi, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksi, “Qarabağ” mehmanxanası, Şuşa sanatoriyası, Pənahəli xanın sarayı, bulaqlar, məscidlər və digər məkanlar  öz tarixi detallarını saxlamaq şərti ilə bərpa olunacaq. Çünki mədəniyyətimizin ünvanı olan Şuşanın hər binası, hər küçəsi, hər məkanı xalqımızın milli dəyərlərinin daşıyıcısıdır. Odur ki, şəhərin bərpasından sonrakı vəziyyəti də xalqımızın milli dəyərlərini əks etdirməlidir. Bu mənada Şuşa xalqımız, millətimiz, dövlətimiz üçün mənəvi cəhətdən önəmli, bir o qədər də həssas məkandır.

Dövlətimizin başçısı Vaqifin məqbərəsindən danışarkən bu kimi məsələlərdə arxiv materiallarına üstünlük veriləcəyini və əldə etdiyi fotoları göstərərək bildimişdir: “Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın, burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbirin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. ”

Belə qənaətə gəlmək olar ki, Prezident İlham Əliyevin “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Şərqin konservatoriyası” adlandırılan bu şəhərə hər gəlişi elə bu kimi amillərə, yəni, heç bir tarixi detalın diqqətdən kənarda qalmamasına, onun tarixi simasının saxlanılmasına xidmət edir. Bu da Şuşanın bərpasının müəyyən bir strategiya üzrə aparıldığının bariz sübutudur. Yeri gəlmişkən, qeyd edək ki, Vaqif məqbərəsinin bərpası layihəsi Heydər Əliyev Fondu  həyata keçiriləcək. Cənab Prezidentin dediyi kimi, özü də Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə. Şübhəsiz, bütün bunlar Azərbaycanın milli-mənəvi dəyərlərə, bütövlükdə tarixinə necə qayğı və diqqət göstərməsinin bariz nümunəsidir.

Bəli, Şuşa özünə, özününkülərə – doğmalarına  qovuşub. Artıq azad olunmuş Şuşada tikinti-quruculuq, yenidənqurma işləri sürətlə həyata keçirilir. Dövlət başçısının Sərəncamı ilə şəhərə yol çəkilir. Füzuli Beynəlxalq Hava Limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir… Şuşanın Cıdır düzündə vaxtilə keçirilən mədəni-kütləvi tədbirlərin təşkili də uzaqda deyil. Belə ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş Şuşada bu il “Xarı bülbül” festivalı və  Vaqif poeziya günləri də keçiriləcək. Bu tədbirlər isə Azərbaycanın mədəni inkişafına  yeni nəfəs verməklə yanaşı, həm də Böyük Qayıdışımızın təntənəsi kimi tariximizə həkk olunacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”