Şuşa kimi alınmaz qalanı düşmənə təslim etdilər ki…

0
49

Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün öz ölkəsinə qarşı xəyanət, satqınlıq edib

 

Erməni vəhşiləri tarixboyu mədəniyyət beşiyimiz sayılan qədim Şuşanı ələ keçirmək üçün minbir hiyləyə əl atıblar. Təəssüf ki, 1992-ci il mayın 8-də  erməni vandalları öz istəklərinə  çatıblar. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına dağlarda toy adı  vermişdilər. Məhz  o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşmüşdü. Yanvarın 14-də Prezident İlham Əliyev işğaldan azad edilən mədəniyyət paytaxtımız Şuşa şəhərində olarkən bir daha bu məsələyə toxunaraq bildirib ki, əslində ermənilər Şuşa ilə bağlı hər hansı bir əməliyyat keçirməyiblər: “Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy.”

Dövlətimizin başçısı bildirib ki, Şuşanın əldən getməsinin, başqa sözlə desək, düşmənə təslim edilməsinin əsas günahkarı Xalq Cəbhəsi-Müsavat hakimiyyəti olub. Şübhəsiz, buna xəyanətdən başqa bir ad vermək olmaz. Bəli, onlar bu xəyanəti törətdilər, ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər.  Cənab İlham Əliyev bildirib ki, o zaman Xalq Cəbhəsi-Müsavat  cütlüyünün  yalnız bir məqsədi vardı: “Şuşa kimi alınmaz qalanı düşmənə təslim etdilər ki, Azərbaycandakı o vaxtkı hakimiyyəti yıxsınlar və hakimiyyətə gəlsinlər. Belə də oldu. Şuşanın əldən getməsi o vaxtkı hakimiyyətin süqutuna gətirib çıxardı. Xalq Cəbhəsi bundan istifadə edib Şuşa əldən gedəndən sonra və Laçın düşmənə təhvil veriləndən sonra hakimiyyətə gəldi.”

Prezidentin bu sözlərindən belə qənaətə gəlmək olar ki, həqiqətən də Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün öz ölkəsinə qarşı xəyanət, satqınlıq edib. Bununla da onlar torpaqlarımızın düşmənin əlinə keçməsinə, şəhər, kənd və qəsəbələrimizin viran edilməsinə vəsilə olublar. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan kim idi ki, biz onlara məğlub olaq? Xalq Cəbhəsi-Müsavat, antimilli ünsürlər Şuşanı düşmənə veriblər. Məhz onların bu satqınlığı sayəsində qüssə-kədərə bürünmüş Şuşa 28 il öz ağrılı günlərini yaşayıb.

Amma Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanəti bununla məhdudlaşmayıb. Bu cütlük hakimiyyətə yiyələnən kimi cinayətkar əməllərini davam etdirib. Belə ki, Xalq Cəbhəsi-Müsavat cütlüyü  Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Bir sözlə, dövlətimizin başçısının dediyi kimi, Xalq Cəbhəsi-Müsavat satqınları xalqımızı dünyanın gözü qarşısında rəzil ediblər. Elə bu kimi səbəblərdən  onlar hakimiyyətdə çox duruş gətirə bilmədilər.  Xalq ayağa qalxdı, onları süpürüb zibil yeşiyinə atdı və yeganə nicat yolunu ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında gördü.

Dövlətimizin başçısı, həmçinin bir tarixi məqamı da diqqətə çatdırıb. Bildirib ki, istər Xalq Cəbhəsi-Müsavat cütlüyü, istərsə də onların dəyirmanına su tökdükləri erməni vandalları öz çirkin niyyətlərinə çatmaq üçün ümummilli lider Heydər Əliyevin Moskvada olmasından istifadə ediblər: “Mən dəfələrlə demişəm və bir daha deyirəm, əgər Heydər Əliyev 1982-ci ildə Bakıdan Moskvaya getməsəydi, əgər onu Moskvaya təyin etməsəydilər, heç vaxt imkan verməzdi ki, burada separatizm baş qaldırsın, heç vaxt. Ancaq Heydər Əliyev hakimiyyətə gələndə artıq Şuşa işğal altında idi, Kəlbəcər işğal altında idi, Laçın işğal altında idi, Daşaltı işğal altında idi, bütün ətraf bölgələr işğal altında idi və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı.”

Zənnimizcə, yazının sonunda “toy” məsələsinə bir daha qayıtmaq yerinə düşər. Belə ki, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanının  da bildirdiyi kimi, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində ermənilərə sözün həqiqi mənasında elə bir toy tutdu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Ordumuz, eyni zamanda, ermənilərin havadarlarına, eləcə də anti-Azərbaycan qüvvələrə də toy tutdu. Nəticədə Şuşa da işğalçılardan azad edildi və ötən ilin noyabrın 8-də bu şəhərimizdə də Azərbaycanın dövlət bayrağı ucaldıldı. Artıq iki aydan çoxdur ki, ulu öndər Heydər Əliyevin abidələr şəhəri adlandırdığı, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Şuşada üçrəngli bayrağımız qürurla dalğalanır. Bu gün bu gözəl şəhərdə Azərbaycan Ordusunun addım səsləri eşidilir. Bir müddətdən sonra Şuşaya dönüş başlayacaq. Şübhəsiz, qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq və bu ildən Azərbaycanın mədəniyyət paytaxtı kimi öz qonaqlarını da qarşılayacaq.

Qvami Məhəbbətoğlu“İki sahil”