Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq

0
27

 

 

Şuşa… Qarabağın tacı. Yarandığı gündən dillər əzbəri olan bu gözəl  şəhər Azərbaycana yüzlərlə söz və muğam ustası, mədəniyyət xadimi, bəstəkar, musiqiçi bəxş edib. Elə buna görə də Şuşa “Qafqazın konservatoriyası” adlandırılıb. Şuşa, eyni zamanda çoxlu sayda tarixi-mədəni abidələrimizin, mədəniyyət ocaqlarımızın beşiyi kimi tanınıb. Ulu öndər Heydər Əliyevin abidələr şəhəri adlandırdığı, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Şuşanı  həm də milli qürurumuz, milli kimliyimiz kimi də dəyərləndirmək olar.

Tarixboyu bu qədim şəhəri erməni vəhşiləri ələ keçirmək üçün minbir hiyləyə əl atıblar. Təəssüf ki, 1992-ci il may ayının 8-də Şuşa erməni vandalları öz istəklərinə  çatıblar. Bununla da qüssə-kədərə bürünmüş Şuşamızın qara günləri başlayıb. Belə ki, bu şəhərdəki abidələrimiz  erməni daşnakları tərəfindən tamamilə dağıdılıb. Prezident İlham Əliyevin dediyi kimi, indi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır. Abidələrimizin  bir hissəsini isə erməni vəhşiləri istər daxili quruluşlarını,  istərsə də xarici görünüşlərini dəyişdiriliblər. Məsələn, onlar  abidələrimizə qarşı beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Şuşadakı görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağı tərəfindən Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış dini-memarlıq abidəsini -“Yuxarı Gövhərağa” məscidininin tarixi görkəmini dəyişdirib, onun etnik mənsubiyyətini saxtalaşdırmağa çalışıblar. Şübhəsiz, daşnaklar bu əməlləri ilə Şuşanın əzəli, qədim Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq istəyiblər.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz  tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşamızı 28 illik işğaldan azad edən gündən bu şəhərin abadlaşdırılmasına start verilib. Belə ki, hazırda Şuşaya yeni magistral yol çəkilir, qaz, içməli su təminatı ilə bağlı tədbirlər həyata keçirilir. Bir məsələni də vurğulayaq ki, Şuşa ilə bağlı görülən işlərin daha intensiv həyata keçirilməsi heç də  təsadüfi deyil. Unutmayaq ki, noyabrın 8-də Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının qəlbində xüsusi yeri olan Şuşamız erməni işğalından azad olunub və bununla da hərbi əməliyyatlara son qoyulub. Artıq həmin gün tariximizə Zəfər günü kimi düşüb. Bir də unutmayaq ki, Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa əcdadlarımızın yaratdığı böyük abidə, xalqımızın tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini özündə əks etdirən təbii muzeydir.  Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısı Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdir: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır.”

Bütün bunları nəzərə alan Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib ki, mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər.” Dövlətimizin başçısı vurğulayıb ki, biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq: “Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.  Prezident bununla paralel olaraq bu şəhərdə mədəni tədbirlərin keçirilməsinin vacibliyini də qeyd edib: “Bir daha deyirəm, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir -“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri.”

Bəri başdan qeyd edək ki, mütəxəssilərin fikrinə görə, hazırda Şuşa şəhərininin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi çox önəmlidir. Belə ki, bu, hər şeydən əvvəl, işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində abidələrimizin saxtalaşdırmaya və mənimsənilməyə məruz qoyması ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsinə yeni bir təkan verəcək. Digər tərəfdən, bu addım, şübhəsiz, dünya miqyasında Azərbaycanın milli-mənəvi dəyərlərə, bütövlükdə tarixi abidələrə necə qayğı və diqqət göstərməsinin, həmçinin xalqımızın qurub-yaratmaq həvəsinin bariz nümunəsi kimi tədim olunacaq. Bir sözlə, Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı elan  olunması ilə ölkəmiz bir daha dünyanın diqqətini özünə cəlb edəcək. Yeri gəlmişkən qeyd edək ki, artıq bu məsələ dünya gündəmində işıqlandırılmaqdadır. Belə ki, Prezident İlham Əliyevin Qafqazın incisi sayılan Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi Türkiyə kütləvi informasiya vasitələri, eləcə də Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi tərəfindən mühüm xəbər kimi ictimaiyyətə təqdim olunub.

Bəli, bu gün bu gözəl şəhərdə Azərbaycan Ordusunun addım səsləri eşidilir. Bir müddətdən sonra Şuşaya dönüş başlayacaq. Şübhəsiz, qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq və bu ildən öz qonaqlarını da qarşılayacaq. Üstəlik, “Xarı bülbül” festivalını və Vaqif poeziya günlərini də reallaşdıracaq, bununla da Üzeyirin, Rəşidin, Xan Şuşinskinin ruhunu bir daha şad edəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”