Sus, düz otur, hamı bizə baxır…

0
571
Dinləmək bir mədəniyyətdir. Həmsöhbətinin yaşından asılı olmayaraq, ona sözünü kəsmədən axıra kimi qulaq asmaq böyük səbir və mədəniyyət tələb edir. 
Danışmağı yaxşı və ya pis bacarsaq da, bir çoxlarımız, təəssüflər olsun ki, dinləməyi hələ də öyrənməmişik. Qarşındakı insanı dinləmək ona dəyər verdiyini göstərir. Elə götürək özümüzü. Nə isə haqqında danışarkən əgər qarşımızdakı bizi dinləmirsə, bu zaman özümüzü çox pis hiss edir, sözümüzün dəyərsiz olduğunu düşünürük. Bu da bizdə özünə qarşı inam hissini azaldır. İndi də gəlin həmin hissləri uşaqlarımıza yaşatdığımızı düşünək. Unutmayaq ki, uşaqların yaşadıqları ən xırda hadisə onların psixologiyasında mənfi iz buraxır. Bu gün bir çox valideynlər uşağını dinləmir, nə danışdığından asılı olmayaraq sözünü kəsir. Daha çox ictimai nəqliyyatda rast gəlinir belə hallara. Uşaq böyük həvəslə ata və ya anasına dostları, onlarla necə oyun oynadıqları haqda danışmağa başlayan kimi “bir qədər az danış” təlimatı gəlir valideynindən. Bu müşahidə etdiklərimin bir qismidir. Hətta elə hallar olur ki, valideyn cəmiyyət içində uşağını döyməkdən də çəkinmir. Əminəm ki, bir çoxlarınız bu cür mənzərə ilə qarşılaşmısınız. Bəs valideyni belə addım atmağa nə vadar edir? Nə üçün uşaqlar çox sual verirlər? Danışarkən sözünün kəsilməsi onlarda nə kimi travmalara səbəb olur? Suallarımıza uşaq psixoloqu Narınc Rüstəmova ilə cavab tapdıq.

“Tərbiyənin susmaqdan və düz oturmaqdan ibarət olduğunu zənn edən valideynlər var”

“Narınc” Uşaq Psixologiya Mərkəzinin psixoloqu Narınc Rüstəmova bir çox valideynlərin uşaq tərbiyəsi haqda səhv fikirdə olduqlarını bildirdi: “Bu gün valideynlərin çoxu hesab edir ki, uşaqların söz azadlığı, özlərini ifadə və seçim etmə imkanları ancaq 18 yaşı olduqdan sonra mümkündür. Onlarda daha çox “uşaqlar doğru qərar verə bilməzlər”, “mütləq valideynləri tərəfindən idarə olunmalıdırlar” düşüncəsi hökm sürür. Bu sovet dövründən qalma bir metoddur və daha çox yaşlı nəsildə müşahidə olunur. Biz öz təcrübəmizdə gənc ailələrin bu tərz düşüncə və yanaşmadan uzaqlaşdığını görürük. Uşaqların qərarına müdaxilə və onları idarə etmə istəyinə mükəmməlçi ailələrdə rast gəlinir. Bu cür ailələrdə kənardan ideal görünüş əhəmiyyət kəsb edir. Onlar hətta uşağın geyiminə, oyuncaq seçiminə belə, müdaxilə edirlər”.

“Şəxsiyyətin formalaşmasına və inkişafına təsir edir”

Bizim cəmiyyətdən fərqli olaraq, bir çox xarici ölkələrdə uşaqlar daha sərbəst böyüdülür. Hərçənd ki, həddindən artıq sərbəstliyin gətirdiyi fəsadlar da var. Amma bunu kontrol altında saxlamaq və müəyyən ölçülərlə sərbəstliyi təmin etmək müsbət nəticələr verə bilər. “Biz qonşu Türkiyə ilə öz uşaqlarımızı müqayisə etsək görərik ki, onlar daha sərbəst, özlərini tanıyan və daha təşəbbüskar olurlar. Lakin bizdə ailələr uşağın “daha tərbiyəli” olması üçün onları bir çox şeydən məhrum edirlər. Tərbiyənin susmaqdan, düz oturmaqdan ibarət olduğunu zənn edən bir çox valideynlər bununla uşaqlarının formalaşmasına mənfi təsir edir. Bizdə ailə, tərbiyə anlayışları fərqlidir. Valideynlər bəzən bu məsələdə bir qədər eqoistcəsinə davranırlar. Əgər valideyn əsəbidirsə, hirsini ictimaiyyət arasında uşağına tökür. Hətta övladını döyən valideynlər də var”, – deyən N. Rüstəmova bunun uşaqda ciddi psixoloji problemlərə gətirib çıxardığını vurğuladı: “Ümumiyyətlə, uşaqlarda şəxsiyyətin inkişafı 12 yaşından sonra formalaşır və onlar özlərini rahat şəkildə ifadə edə bilirlər. Bu mənada uşağa müəyyən azadlıqlar verilməlidir. Lakin biz “azadlıq” deməklə, “uşaq istədiyini etməkdə sərbəstdir” fikrini nəzərdə tutmuruq. Sadəcə, onlara seçim şansı vermək lazımdır. Bu həm də şəxsiyyətin formalaşmasına və inkişafına təsir edir. Məsələn, evə meyvə suyu alınarkən seçimi uşağa buraxmaq daha yaxşı olar. Bu zaman o, özünə dəyər verildiyini hiss edəcək. Övladınıza iş tapşırarkən onu dərhal yerinə yetirməsini tələb etməyin. Vaxtı özünün seçməsinə icazə verin. Bu həm onda məsuliyyət hissinin formalaşmasına, həm də vaxt bölgüsünü öyrənməsinə şərait yaradacaq. Bu zaman uşaq ailədə ana, ata münasibətlərinə daha dəqiq yanaşır. Çünki uşaqlar çox zaman öz fikirlərini, hislərini bildirmirlər. Onlar yeniyetməlik yaşına çatanda başlayırlar etiraz etməyə. “Siz məni həmişə əzmisiniz, mənə söz haqqı verməmisiniz” kimi çıxışlar edirlər. Təbii ki, burada yeniyetməlik dövrünün verdiyi emosionallıq da özünü göstərir. Onlar öz hisslərini idarə edə bilmirlər. Əslində onların bu aqressiyası valideynlərinə qarşı yığılmış fikirlərdir. Hansı ki, indiyə qədər deyə bilmədikləri yığılır və yeniyetməlik dövründə büruzə verir. Özlərini ailədə təsdiq edə bilməyən, dəyər verilməyən, dinlənilməyən uşaqlar yeniyetməlik dövründə müəyyən bir mühitə düşür. Hansı ki, həmin mühitdə ona dəyər verilir, sözü dinlənilir. Bu ona öz güvən ilə birlikdə pis vərdişlər də qazandırır. Həmin mühitdə qalmaq istədiyi üçün o siqaret çəkə və ya mühitin tələb etdiyi digər pis vərdişlərə də meyil edə bilər. Unutmamaq lazımdır ki, uşaqlar tez təsir altına düşürlər. Əvvəllər susan, danışmayan, etiraz etməyən uşaqlar yeniyetməlik dövründə bunu daha sərt şəkildə edirlər. Çünki yeniyetməlik onların daha emosional olduğu bir dövrdür”.

“Uşaqların suallarına verilən hər bir cavab zəkalarının inkişafına xidmət edir”

Uşaqların danışmasına icazə verməməyin səbəblərindən biri də onların çoxlu sual vermələridir. Bəzən onlar elə sual verirlər ki, böyüklər cavab tapmaqda çətinlik çəkirlər. Psixoloq N. Rüstəmova uşaqların suallarına verilən hər bir cavabın onların zəkalarının inkişafına xidmət etdiyini vurğuladı. Xüsusilə kiçik yaşda uşaqları daha çox danışdırmaq, onlarla söhbət etmək söz bazalarının artmasına kömək edir: “Ümumiyyətlə, uşaqlar 5-6 yaşından sonra çox sual verməyə başlayırlar. Bu da həmin dövrdə onların ətraf mühiti tanımağa başlamasından irəli gəlir. Bu zaman mənasız suallar da verə bilirlər. Yaxşı olar ki, valideyn səbirlə uşağın suallarını cavablandırmağa çalışsın. Verilən hər bir cavab uşağın söz bazasının artmasına, onun özünə olan inamını artırmağa təkan verir. Əgər valideyn yorğundursa və ya uşağı ilə söhbət etməyə səbri çatmırsa, bunu evdəki ağsaqqallara həvalə edə bilər. Çünki yaşlılar uşaqla ünsiyyət qurmağı, onlarla söhbət etməyi sevirlər. Lakin valideynin öz uşağına vaxt ayırması mütləqdir. Günün istənilən saatında serialına və ya başqa məşğuliyyətinə fasilə verib övladı ilə məşğul olmalı, onunla söhbət etməlidir. Beləliklə, uşağın lazımsız kimi görünən, lakin onun zəkasının inkişafında böyük önəm daşıyan suallarını cavablandıra bilər. Belə olduqda uşaq cəmiyyət içində sual vermək ehtiyacı hiss etməyəcək. Çünki onun zehnini məşğul edən suallar öz cavabını tapmış olacaq. Lakin uşağı susdurmaq, sosial mühitdə onun danışmağına icazə verməmək uşaqda passivliyə səbəb olur. Onların təşəbbüskarlığını və şəxsiyyətin formalaşmasını əngəlləyir. Hətta onlar gələcəkdə peşə seçimində çətinlik çəkir, özlərinə uyğun olmayan sənətin sahibi olurlar. Bu gün bir çox valideyn uşağının sakitliyindən, utancaqlığından şikayət edir. Onlar düşünməlidirlər ki, bir vaxtlar susdurduqları uşaqlarının indi danışmaması, cəmiyyətə qarışmamasında onların özlərinin birbaşa rolu var”.

Xəyalə Sadıqova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here