Suriyadakı hadisələrə görə günahkar Bəşər Əsəddir

Suriyada və İraqda İŞİD terrorunun yayılmasına görə Suriya prezidenti Bəşər Əsəd məsuliyyət daşıyır. 
Bunu Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Çak Heyqel amerikalı jurnalistlərdən birinə müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Əsəd Suriyada tökülən qana görə məsuliyyət daşıyan yeganə şəxsdir: “Bəşər Əsədə dair çoxsaylı maraqlar və baxışlar mövcuddur. Bizim mövqeyimiz isə dəyişməyib – Əsəd hakimiyyətdən getməlidir. Bütün bunlar niyə baş verdi? Çünki son üç il ərzində Əsəd, onun qəddarlığı, onun məsuliyyətli hökumətinin və idarəetmə legitimliyinin olmaması, onun öz xalqına etdikləri bütün bunlara gətirib çıxardı. Bunlara səbəb olan Əsəddir. Suriyada münaqişənin hərbi yolla həlli yoxdur. Yalnız hamının bir araya gəldiyi diplomatik həll yolu var. Suriyada heç kim uğursuzluğa düçar olmuş, tam süqut etmiş bir hökumət istəmir”. ABŞ-ın müdafiə naziri koalisiya qüvvələrinin İŞİD-ə qarşı aviazərbələri mövzusuna da toxunub. Onun sözlərinə görə, İraqda və Suriyada İŞİD-ə qarşı mübarizə uzunmüddətli mübarizədir və buna İraqda sabitliyə dəstək verməklə başlamaq lazımdır, aviazərbələr isə İraq qüvvələrinin ekstremistlərə qarşı mübarizəsinə dəstək vermək məqsədi daşıyır.

 

Pentaqon: İndiyədək İŞİD kimi qruplaşmaya rast gəlməmişik

”İraqdakı İŞİD qüvvələrinə qarşı mübarizədə xeyli irəliləyiş əldə etmişik”.

Bunu Pentaqon rəhbəri Çak Heygel   “PBS” telekanalına müsahibəsində deyib. O, İŞİD-in həm ABŞ, həm də region üçün böyük təhlükə olduğunu qeyd edib.

“İŞİD kimi bir qruplaşmaya rast gəlməmişik. Bu qruplaşma çox yaxşı təşkil olunub, təlim keçib, kifayət qədər maliyyəsi var, vəhşi və amansızdır. Bunları bir yerdə heç bir terrorçu qruplaşmada görmədik. Ancaq onların kor ideologiyaları əvvəl-axır yeniləcək. Biz bunu bacaracağıq”, – deyə o vurğulayıb.

Ç. Heygel beynəlxalq koalisiyada Əsədin hədəf olaraq seçilməsini vacib bilən ölkələrin olduğunu qeyd edib. Onun sözlərinə görə, koalisiyada 50-dən çox ölkənin yer alması fikir müxtəlifliyinə gətirib çıxarır və bu normal haldır.

”Gözümüzün önündə yeni bir dünya formalaşır və biz bunun tam mərkəzindəyik. Dünya indi çox təhlükəli dövrünü yaşayır”, – deyə o bildirib.

 

İŞİD-ə zərbələr davam edir

Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri müttəfiqlərin iştirakı ilə üç gün ərzində “İraq Şam İslam Dövləti” terrorçu qruplaşmasının İraq və Suriya ərazisindəki mövqelərinə 30 hava zərbəsi endirib.

Bu barədə məlumatı ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı yayıb.

Həmçinin Suriyada “Əl Qaidə”-yə yaxın “Xorasan” qruplaşmasının hərbi anbarları bombalanıb.

Məlumata görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri də daxil olmaqla 6 zərbə endirilib. İraqda isə “İŞİD”-in Kərkük və Mosul şəhərlərindəki mövqelərinə 24 hava zərbəsi endirilib.

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası  avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı  əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.