Suriyada İŞİD-ə qarşı mübarizə, yoxsa ikili oyun gedir?

0
501

İŞİD-in arxasında hansı güclərin dayandığı və onların kimlər tərəfindən maliyyələşdirildiyi barədə çox yazılıb.

Yenə də Rusiya və İran, həmçinin Misir mətbuatının yazdığına görə, İŞİD Səudiyyə Ərəbistanı, ABŞ, İsrail, Türkiyə və digər ölkələr tərəfindən yaradılıb. Bundan məqsəd isə Əsədə qarşı yeni güc mərkəzi yaratmaq olub. Belə ki, İran, Rusiya və Misir mətbuatlarının yazdıqlarına inansaq, müxalifət güclərinin Əsədi devirə bilməməsi və buna paralel olaraq onlar arasında fikir ayrılıqlarının olması Dəməşq rejiminə qarşı başda ABŞ olmaqla, Qərb tərəfindən İŞİD-in yaradılmasına gətirib çıxarıb.

 

Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından sonra bölgədə İŞİD-çilər və Əsədə qarşı vuruşan müxalifət gücləri arasında ciddi tələfatların olmasına baxmayaraq, yaxın aylarda münaqişənin aradan qaldırılmasına son qoyulmasına inanmaq olduqca çətindir. İş orasındadır ki, hava zərbələri İŞİD-in və müxalifət qüvvələrinin müqavimətinin yetərincə qırılması üçün kifayət etməyəcəyi şübhə doğurmur. Digər tərəfdən, İŞİD-ə qarşı mübarizənin gücləndirilməsinə və onların beynəlxalq aləmdən təcrid edilməsi yönündə addımlar atılmasına, onların böyük həcmdə tələfatlar verməsinə baxmayaraq, bu radikal qrupun tərəfdarlarının sayı artmaqda davam edir. Qərb mətbuatının yazdığına görə, son bir ildə İŞİD-ə qoşulanların sayı 2 dəfədən çox artıb və hazırda da onların sıralarına yeni qrupların qoşulması prosesi davam etməkdədir. İŞİD sıralarında Əsədə qarşı vuruşan ABŞ Federal Təhqiqat Bürosunun keçmiş casusu Əli Sufanın mətbuata verdiyi açıqlamaya görə, bu yayın əvvəllərindən əgər İŞİD-ə 12 min qeyri-suriyalı qoşulmuşdusa, hazırda onların sayı 27 min nəfərə çatıb. Siyasi müşahidəçilərin sözlərinə görə, İŞİD-ə yeni qoşulanlar arasında həmişəki kimi Mərkəzi Asiya, Rusiya və Qərb ölkələrindən olanlar çoxluq təşkil edirlər. Əgər müvafiq tədbirlər həyata keçirilməsəydi, İŞİD-ə qoşulanların sayları daha çox ola bilərdi. Belə ki, həyata keçirilən müvafiq tədbirlər nəticəsində İŞİD-ə qoşulmaq istəyənlərin 20-30 faizi aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilib. Buna paralel olaraq digər bir təhlükəli fakt İŞİD sıralarında döyüşənlərin 25-35 faizinin geriyə, yaşadıqları ölkələrə qayıtmasıdır. Bu isə həmin ölkələrdə müxtəlif xarakterli terror olaylarının baş verə biləcəyi təhlükəsi əmələ gətirməkdədir. Məsələ ilə bağlı Əli Sufan tərəfindən təsis edilən “Sufan Qrupu” Analitik Mərkəzinin hazırladığı hesabatda radikal islamçıların ailələri ilə birlikdə bu quruma qoşulmasının arxasında onların “islam dövləti” ideyasına sədaqətliliyini sübut etmələrinin dayandığı qeyd edilib. Belə ki, ailəsi ilə birlikdə İŞİD-ə qoşulanlar sonralar bu əməllərinin girovuna çevrilərək terrorçuların sıralarını tərk edə bilmir və istər-istəməz sona kimi döyüşməyə məhkum olurlar. İŞİD-in qarşı tərəfə güclü müqavimət göstərməsinin arxasında dayanan əsas amillərdən birinin də məhz bu olduğu vurğulanır. Diqqəti cəlb edən ən önəmli faktlardan biri də İŞİD-ə qoşulanlar arasında Tunisdən olanların çoxluq təşkil etməsidir. “Sufan Qrupu”nın araşdırmalarına görə, hazırda İŞİD sıralarında Tunisdən 6 min nəfər vuruşur. İŞİD-ə qoşulan digər ölkələr arasında Səudiyyə Ərəbistanı və Rusiyadan olanlar da çoxluq təşkil edirlər. Araşdırmalar zamanı məlum olub ki, İŞİD sıralarında Səudiyyə Ərəbistanından 2500, Rusiyadan isə 2400 nəfər vuruşur. İŞİD sıralarında vuruşanlar arasında Avropadan olanların sayı da kifayət qədər çoxdur. Belə ki, təkcə Fransadan İŞİD sıralarında vuruşanların sayı 2000 nəfərə yaxındır. “Əli Sufan” Analitik Mərkəzinin araşdırmalarına görə, Almaniya və Böyük Britaniyadan İŞİD-ə qoşulanların sayı 750, Belçikadan olanların sayı isə 470 nəfərdir. Ümumiyyətlə, İŞİD sıralarında dünyanın 86 ölkəsindən olanlar vuruşur. Bu, əlbəttə, olduqca böyük rəqəm hesab edilə bilər. Bu isə o deməkdir ki, 86 ölkədə İŞİD-in dayaqları var. “Əli Sufan” Analitik Mərkəzinin hesabatında Mərkəzi Asiyadan və digər müsəlman ölkələrindən İŞİD sıralarında vuruşanların sayı daha az göstərilib. Halbuki Rusiya mətbuatı yeri gəldi gəlmədi, Mərkəzi Asiyada və ümumiyyətlə, MDB məkanı ölkələrindən İŞİD-in sıralarında olduqca böyük həcmdə insanın vuruşduğu barədə ajiotaj qaldırır, bunun böyük təhlükə mənbəyinə çevrildiyini vurğulayırlar. Əslində Rusiya mətbuatının İŞİD ətrafında qaldırdığı hay-küyün bir mərkəzdən istiqamətləndirildiyi və bunun arxasında imkan düşən kimi İŞİD təhlükəsinin qarşısını almaq bəhanəsi ilə MDB məkanında yeni təcavüzkarlıq niyyətlərinin həyata keçirilməsi dayanır.

Qərb, Rusiya və İran İŞİD-dən

öz maraqları üçün istifadə edirlər

İŞİD-in arxasında hansı güclərin dayandığı və onların kimlər tərəfindən maliyyələşdirildiyi barədə çox yazılıb. Yenə də Rusiya və İran, həmçinin Misir mətbuatının yazdığına görə, İŞİD Səudiyyə Ərəbistanı, ABŞ, İsrail, Türkiyə və digər ölkələr tərəfindən yaradılıb. Bundan məqsəd isə Əsədə qarşı yeni güc mərkəzi yaratmaq olub. Belə ki, İran, Rusiya və Misir mətbuatlarının yazdıqlarına inansaq, müxalifət güclərinin Əsədi devirə bilməməsi və buna paralel olaraq onlar arasında fikir ayrılıqlarının olması Dəməşq rejiminə qarşı başda ABŞ olmaqla, Qərb tərəfindən İŞİD-in yaradılmasına gətirib çıxarıb. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Misirdə nəşr edilən “Əl-Vafd” qəzeti ötən ilin avqust ayında yazırdı ki, İraqdakı və Suriyadakı terrorçu qrupların arxasında ABŞ və digər Qərb ölkələri dayanır. “Əl Vafd”: “ABŞ və onun Qərbdəki müttəfiqlərinin əsas məqsədi hər vasitə ilə Əsədi devirməkdir. Məqsəd “Böyük Yaxın Şərq” planının həyata keçirilməsi və bölgədə özlərinin nəzarəti altında olan yeni oyuncaq rejimləri hakimiyyətə gətirmək, həmçinin bəzi bölgə ölkələrinin əraziləri hesabına yeni marionet dövlətləri dünyanın siyasi səhnəsinə çıxarmaqdır. Bu məqsədlərinə çatmaq üçün onlar İŞİD və digər terrorçu qruplardan istifadə edirlər”,-deyə yazır.

Misirdəki “Əl-Əhbar” qəzeti də Suriya və İraqdakı terrorçu qrupların arxasında ABŞ və onun Qərbdəki müttəfiqlərinin dayandığını iddia edib.

Amma İŞİD-in arxasında yalnız ABŞ və Rusiyanın dayandığını güman etmək sadəlövhlük olardı. İŞİD-dən Rusiya və İranın da öz məqsdələri üçün istifadə etdiyi barədə kifayət qədər məlumat var. Bir müddət bundan əvvəl Rusiyadan olan Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjanovun İŞİD-lə digər ölkələr arasında neft satışında vasitəçi rolunu oynadığı məlum oldu. Nəticədə İlümjanov tutduğu vəzifəsindən istefa verməyə məcbur oldu. Əlbəttə, İlümjanov Rusiya xüsusi xidmət orqanlarının xəbəri və göstərişi olmadan belə təhlükəli oyuna özbaşına qoşula bilməzdi. Əslində Qərb tərəfindən sanksiyalara məruz qalan Rusiyanın İlümjanovun vasitəsilə İŞİD-in neft satışından yüz milyonlarla dollar qazandığı və bu pulu Əsəd rejiminə yardım üçün istifadə etdiyi şübhə doğurmur. Lakin Rusiya İŞİD-in neft alverindən yalnız İlümjanovun vasitəsilə yüz milyonlarla dollar gəlir əldə etməyib. Moskva bu məsələdə Suriya əsilli Rusiya vətəndaşı Corc Hasvanini də İŞİD-lə neft alverinə oyuna qoşub.

Bu müstəvidə də Obama administrasiyası Suriya hökumətini “İslam Dövləti”ndən neft almaqda ittiham edərək, bu işin həyata keçirilməsində vasitəçilik edən Suriya və Rusiya vətəndaşı Corc Hasvaninin adını qara siyahıya salıb. Birləşmiş Ştatların Maliyyə Nazirliyi eyni zamanda Suriyanın mərkəzi bankına Rusiya, Kipr və Belizdə yerləşən internet şirkətləri vasitəsilə Suriyada İŞİD-lə neft alverində şübhəli bilinən Rusiya və Kiprin iş adamları və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Məsələyə münasibət bildirən

Rusiya müxalifətinin lideri, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Rusiya Prezidenti Vladimir Putinin münaqişələr yolu ilə öz imicini gücləndirmək istədiyini deyib. “Obozrevatel” internet dərgisinə müsahibədə Kasparov Kremlin Suriyada İŞİD-lə neft alverindən yüz milyonlarla dollar gəlir götürdüyü ilə bağlı yayılan xəbərlərin onun üçün yeni olmadığını vurğulayıb. Harri Kasparov: “Belə xəbərlər məndə təəccüb doğurmadı. Mən uzun illərdir deyirəm ki, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən nəzarət edilən FİDE İlümjanovun fəaliyyətləri üçün bir örtük olub. İlümjanov FİDE-də son 20 ildə Rusiya xüsusi xidmət orqanlarının əmrlərini yerinə yetirib”,-deyib.

O vurğulayıb ki, sentyabr ayında Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bəri bombardmanların hədəfinin İŞİD olmadığı aydın şəkildə nəzərə çarpır.

“Məlum olduğu kimi Əsəd ordusu “İslam Dövləti” qrupuna qarşı mübarizə aparmır, sadəcə, birbaşa ondan neft alır”,-deyə Kasparov bildirib.

Amma Rusiya yalnız İŞİD-dən neft almayıb, həm də onun sıralarına xüsusi xidmət orqanları tərəfindən ələ alınan və onlar tərəfindən xüsusi təlim verilən “könüllülər” göndərməkdə də davam edib. Hər halda dünyanın harasında nə baş verdiyini dərhal bilən Rusiya xüsusi xidmət orqanlarının ölkələrindən İŞİD-ə qoşulmaq üçün “könüllülərin” getməsindən xəbərsiz olduğuna inanmaq mümkün deyil.

İŞİD-lə mübarizə pərdəsi arxasında əslində Rusiyanın əsas məqsədi Harri Kasparovun da dediyi kimi, Əsəd rejimini devirmək istəyən və ABŞ və Qərb dövlətləri tərəfindən dəstəklənən müxalifət güclərini məhv etməkdir. Hər halda Rusiya təyyarələrinin ara vermədən İŞİD-dən daha çox Əsəd əleyhdarı güclərin mövqelərini bombalamaqda davam etməsi deyilənləri təsdiq etməkdədir. İrana gəlincə, Tehran ilk gündən Əsəd rejiminə həm maliyyə, həm hərbi texnika, həm də canlı qüvvə sarıdan açıq şəkildə yardım edir. Əsəd tərəfində 20 minə yaxın İran xüsusi təyinatlısının vuruşduğu ehtimal edilir. İranın əsas məqsədinin İraqda olduğu kimi, Suriyada da özünün oyuncağı olan rejimi hakimiyyətdə saxlamaqdır. Bu məsələdə İran və Rusiya, demək olar, öz milli maraqları çərçivəsində eyni mövqedən çıxış edirlər. Təbii ki, Suriyada və İraqda baş verən hadisələrə münasibətdə Türkiyənin də öz maraqları var. Türkiyənin Suriya və İraqdakı soydaşlarını müdafə etmək hüququ var və bunu heç kim inkar edə bilməz. Beləliklə, İraq və Suriya bölgədə hərbi, strateji və iqtisadi maraqları olan güclərin toqquşma meydanına çevrilib və bu müstəvidə bölgədə Qərblə Rusiya və onun müttəfiqi İran arasında savaş hələ illərlə davam edəcək.

Əziz Mustafa