Suriyada hərbi əməliyyatlar Rusiyaya neçəyə başa gələcək?

426

Qərbin etirazlarına baxmayaraq, Rusiyanın əli öz xalqının qanına batan Bəşər Əsəd rejiminə dəstək məqsədi ilə bu ölkəyə öz hərbçilərini göndərməsi beynəlxalq aləmdə güclü əks-səda verməkdədir. Bu da əsassız deyil. Belə ki, son hadisələrə kimi Qərbdə belə hesab edirdilər ki, Ukraynaya məxsus olan Krımı  işğal etməsinə görə Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar Putini geri addım atmağa məcbur edərək, onu dünyanı yenidən soyuq savaş dövrünə çəkmək cəhdindən çəkindirəcək. Hər halda bunun üçün əsas da var idi. Belə ki, Krımın işğalına görə Rusiyaya tətbiq edilən sanksiyalar neftin sürətlə ucuzlaşmasına yol açaraq rublun dollara nisbətdə qiymətdən düşməsinə gətirib çıxardı. Təxmini hesablamalara görə, iqtisadi sanksiyalar nəticəsində Rusiya hər il 150-200 milyard dollar itirməkdədir. Buna paralel olaraq, bu yaxınlarda Rusiya Baş Naziri Vladimir Medvedevin nazirlər kabinetinin iclasında neftin qiymətinin 40 dollardan aşağı düşəcəyi halda, ölkədə sosial müavinətlərin verilməsində çətinlik yaşanacağını açıq şəkildə bildirməsindən sonra Moskvanın ona on milyonlarla dollara başa gələcək hərbi qarşıdurmaya getməyə cəsarət etməyəcəyinə böyük ümidlər əmələ gəlmişdi. Amma Qərbin heç gözləmədiyi bir halda ağır iqtisadi durumda olan Rusiya hərbçilərini Suriyaya göndərərək faktiki olaraq Qərbə meydan oxumağa başladı. Yenə də heç kəsə sirr deyil ki, Suriya savaşına qatılmaqla Rusiya özünün iqtisadi  baxımdan yeni bataqlığa sürüklədi. Necə deyərlər, bir vaxtlar Əfqanıstana hərbi müdaxilə edən və bunu az qala Qərb üzərində zəfər kimi qələmə verən o dövrdəki SSRİ rəhbərliyi savaş xərclərinin ölkəyə neçəyə başa gələcəyini və rejimi haraya sürükləyəcəyini öncədən müəyyən edə bilmədi. Bu da rejimin iqtisadi baxımdan ağır günlərini yaşayaraq onun çökməsinə gətirib çıxardı. Belə başa düşmək olar ki, indi də eyni səhvləri Prezident Putin etməyə başlayıb. Hər halda bunu başqa cür başa düşmək çətindir. Məsələn, Rusiyanın tanınmış politoloqlarından olan Aleksey Malaşenko Suriya savaşının Kremlə Əfqanıstan savaşından daha baha başa gələcəyini və ölkəni nəinki istisadi, həm də siyasi baxımdan bataqlığa sürükləyə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, hazırda Rusiyanın bəzi dairələri Suriya savaşına qoşulmağı az qala zəfər kimi qələmə verir, bunun əhali arasında ruh yüksəkliyi əmələ gətirdiyini  ehtimal edirlər. Malaşenkonun fikrincə, bu “zəfər”in Rusiyaya nələrə başa gələcəyi və bunun hansı təhlükələrə apara biləcəyi barədə heç kim düşünmək belə istəmir, bu isə olduqca təhlükəlidir.

Təbii ki, bununla bağlı sual ortaya çıxır: Suriya savaşına qoşulmaq Rusiyaya neçəyə başa gələcək? Bu suala cavab vermək üçün bəzi faktlara diqqəti cəlb etmək istəyirik.

 

Rusiya Suriya savaşından ildə

1,5-2 milyard itirəcək?

Rusiyanın Suriyada İŞİD-lə mübarizə pərdəsi altında hərbi hava əməliyyatlarına başlamasından sonra bir çox hərbi ekspertlər bu avantüranın Rusiyaya neçəyə başa gələcəyi barədə baş sındırmalı olublar. Bu da əsassız deyil. Belə ki, hazırda iqtisadi baxımdan ağır günlərini yaşayan Rusiyanın dövlət büdcəsinin bu ili 3 trilyon rubl (46,4 milyard dollar) kəsirlə başa vuracağı ortadadır. Buna paralel olaraq, neftin qiymətinin aşağı düşməsi nəticəsində Rusiya ildə 90-100 milyard dollar itirməkdədir. Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar isə Rusiya büdcəsinə daha 40 milyard dollar zərbə vurmaqdadır. Belə bir vəziyyətdə Suriya savaşına qoşulmaqla Rusiyanın ildə daha 2 milyard dollara yaxın itirməsi təhlükəsinin olmasına baxmayaraq, Moskva riskə gedərək Suriya savaşına qoşuldu. Məsələ ilə bağlı ölkədə əmələ gələ biləcək narazılığı aradan qaldırmaq üçün Rusiya maliyyə naziri Anton Siluanov, onun ardınca isə Baş Nazir Dmitri Medvedev bildirdilər ki, Suriya savaşı üçün əlavə hərbi  xərclərə əl atılmayacaq. Belə ki, 2015-ci ildə ölkənin Müdafiə Nazirliyinə ayrılan 3,11 trilyon rublun  (48,15 milyard dollar) cüzi bir hissəsi Suriya savaşına xərclənəcək. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Qaydar adına Rusiya Hərbi İqtisadi İnstitutunun eksperti, laboratoriya müdiri Vasili Zasepin: “Ölkənin müdafiə xərclərinə dövlət büdcəsinin 20,5 faizi ayrılıb. Bu isə olduqca böyük rəqəmdir. Bu qədər vəsaitin haraya və nə üçün xərclənəcəyini heç kim bilmir”,-deyib. Bütün bunlara baxmayaraq, Rusiyanın Suriya savaşına nə qədər xərcləyəcəyi ətrafında araşdırmalar davam etməkdədir. Məsələn, Belçikanın tanınmış iqtisadçı ekspertləri son bir il ərzində ABŞ-ın İŞİD-in mövqelərinə hər gün endirdiyi aviazərbələri hesablayaraq belə bir nəticəyə gəliblər: 6 ədəd qırıcı təyyarədən istifadə edilməklə İŞİD mövqelərinin bombalanması gündə 10,2 milyon avroya (11,4 milyon dollar) başa gəlir. Rusiyanın ABŞ-la müqayisədə aviazərbələrə daha çox təyyarəni cəlb etməsini nəzərə alanda, Suriyadakı savaşın ayda təxminən Kremlə 115-120 milyon dollara başa gələcəyi ehtimal edilir. Bu isə ildə1,5-2 milyard dollar deməkdir. ABŞ-a gəlincə Pentaqon yalnız Suriyada deyil, İraqda da İŞİD mövqelərinə hər gün aviazərbələr endirir. Bu isə ABŞ büdcəsinə ildə 3,65 milyard dollara başa gəlir.

 

Rusiyalı ekspertlər fərqli fikirdədirlər

Qərbdəki ekspertlərin Rusiyanın Suriya savaşına ildə 1,5-2 milyard dollar xərcləyəcəyi barədə irəli sürdükləri ehtimallar Moskvada ciddi qəbul edilmir. Bu müstəvidə də Rusiyadakı hərbi ekspertlər Suriya savaşına çəkilən xərclərlə bağlı fərqli fikirdədirlər. Məsələn, Rusiya Strateji və Texnoloji Araşdırmalar Mərkəzinin iqtisadi məsələlər üzrə eksperti Vasili Kaşin belə hesab edir ki, Rusiya Suriya savaşına daha az maliyyə xərcləyəcək. Onun sözlərinə görə, ABŞ-la müqayisədə Rusiya həm hərbçilərin saxlanılmasına, həm də düşmən mövqelərinə endirilən bombalara daha az pul xərcləyir. O xatırladıb ki, əgər Suriya savaşında iştirak edən bir ABŞ təyyarəçisi ildə 150 min dollar alırsa, rus təyyarəçisi ondan dəfələrlə az, ildə 20-25 min dollar alır. Kaşin deyir ki, SSRİ dövründə Rusiyada aviabombaların həddindən artıq ehtiyatı yaradılıb. Onun sözlərinə görə, hətta ölkədə bomba istehsal edilmədən belə bu ehtiyat Rusiyaya 20-25 il müharibə aparmağa kifayət edəcək. Kaşin: “Rusiyanın aviazərbələr zamanı istifadə etdiyi bombalar və digər hərbi sursat ölkəyə, demək olar, müftə başa gəlir. Ona görə də inanmıram ki, Rusiya Qərbdə deyildiyi kimi, bu savaşa ildə 1,5-2 milyard dollar xərcləsin. Mənə elə gəlir ki, Rusiyanın Suriya savaşına görə hərbi xərcləri Qərbdə 60-70 dəfə şişirdilib”,-deyir.

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin də belə hesab edir ki, Rusiya Suriya savaşına daha az maliyyə xərcləyəcək. O bunu müxtəliftəyinatlı hərbi silahların, texnikanın istehsalının Rusiyaya Qərblə müqayisədə on dəfələrlə ucuz başa gəlməsi ilə izah edir. Bununla belə, rusiyalı ekspertlər Suriya savaşının uzanacağı və Rusiyanın adıçəkilən ölkədə yerüstü hərbi əməliyyatlara da başlayacağı təqdirdə, bunun ölkəni həm iqtisadi, həm də siyasi baxımdan təhlükəyə sürükləyəcəyi barədə xəbərdarlıq edirlər.

Əlbəttə, rusiyalı ekspertlərin dediklərində müəyyən qədər həqiqət var. Lakin bu heç də Rusiyanın Suriya savaşını qazanacağı və bundan heç nə itirməyəcəyi demək deyil. Bu baxımdan Kaşinin iddia etdiyi kimi, SSRİ dövründə aviabombaların və digər hərbi texnikanın, döyüş sursatının böyük həcmdə ehtiyatı yaradılıbsa, onda nə üçün bu savaş SSRİ-nin iqtisadi və siyası baxımdan çökməsinə gətirib çıxardı. Axı Kaşinin dediyi kimi, onda da SSRİ-yə Əfqanıstan savaşında işlədilən hərbi sursat hazırda Suriyada olduğu kimi ucuz başa gəlirdi. Zənnimizcə, rusiyalı ekspertlər bu müstəvidə Suriya savaşına çəkiləcək hərbi xərcləri deyil, həm də savaşa qoşulmanın Moskva ətrafında Qərbin mühasirə halqasını daralda bilmək təhlükəsini əmələ gətirəcəyini, ölkənin beynəlxalq aləmdən təcrid edilə biləcəyini, bu avantüranın Ukrayna və Gürcüstanın NATO-ya üzv olmasına yol aça biləcəyi ehtimallarını nəzərə almalı idilər. Bütün hallarda Suriya savaşına cəlb edilməklə Rusiya özünün ərazi bütövlüyünü və suverenliyini təhlükə altına alıb. Bu savaş  Rusiyada sabitliyi poza, onun daxilində yeni müstəqillik dalğalarının baş qaldırmasına yol aça bilər. Bu isə Rusiyaya yaxşı heç nə vəd etmir.

Əziz Mustafa