“Suriya üzrə Astanada keçiriləcək görüş bölgəyə sülh və sabitlik gətirə bilər”

534

Yanvar ayının ikinci ongünlüyünün əvvəllərində Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə, İran, Suriya dövlət başçılarının və rejimə qarşı silahlı mübarizə aparan müxalifət gücləri rəhbərlərinin iştirakı ilə bölgədə 6 il ərzində davam edən münaqişənin dayandırılmasına xidmət edəcək sülh danışıqları keçiriləcək. Bəs bu sülh danışıqları bölgəyə gözlənilən sülhü və uzunmüddətli sabitliyi gətirə biləcəkmi? Bununla bağlı “Yeniavaz.com”un sualına cavabında millət vəkili, politoloq Zahid Oruc Suriya üzrə keçiriləcək Astana görüşünün bölgədə yeni siyasi vəziyyətin formalaşmaqda olduğunu göstərdiyini vurğuladı. Onun sözlərinə görə, Suriyada 6 il davam edən münaqişə tarixində ilk dəfə Qərbin iştirakı olmadan Rusiya, Türkiyə və İran bölgədə münaqişənin dayandırılması üçün hərəkətə keçiblər. Zahid Oruc: “Hələb şəhərinin Rusiya və İran tərəfindən dəstəklənən Əsəd gücləri tərəfindən yenidən ələ keçirilməsindən sonra Qərb bölgədə ən ağır məğlubiyyətlərindən birini yaşadı. Bu məğlubiyyət bölgədə yeni siyasi vəziyyətin əmələ gəlməsinə səbəb olub. Buna paralel olaraq son hadisələrə kimi NATO üzrə Qərb müttəfiqlərini dəstəkləyən Türkiyənin Rusiya və İranla yaxınlaşması ABŞ-ın və müttəfiqlərinin Suriya siyasətinin iflasa uğradığını göstərməkdədir. Bu baxımdan Türkiyənin vəziyyətə uyğun olaraq hərəkət etməsini düzgün hesab edirəm. Çünki Suriyada Qərbi dəstəkləmək Türkiyəyə 3 mlyondan yuxarı qaçqın və buna paralel olaraq terrorçu axınına gətirib çıxardı. Türkiyənin Suriyada münaqişənin dayandırılması ilə bağlı İran və Rusiya ilə birgə hərəkət etməsinin bölgənin gələcək taleyində önəmli rol oynayacağı istisna edilmir. Bütün hallarda Suriya üzrə Astanada keçiriləcək görüş bölgəyə sülh və sabitlik gətirə bilər. Əlbəttə Qərb Astana görüşlərinə mane olmaq üçün müxtəlif təxribatlara əl atacaq. Ola bilsin ki, Qərb tərəfindən hətta buna alternativ olan hansısa sülh danışıqlarına da baş vurulsun. Lakin çətin ki, Qərb bu yolla Suriyada sülh prosesinə və uzunmüddətli sabitliyin bərpasına bundan sonra da mane ola bilsin”,-dedi.

Əziz Mustafa