Suriya Qərb və Rusiya üçün ikinci Əfqanıstana çevrilir

623

Rusiyanın Suriyaya açıq şəkildə müdaxiləsi və İŞİD-lə mübarizə pərdəsi adı altında ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənən müxalifətin mövqelərinə raket-bomba zərbələri endirməkdə davam etməsi bölgədə vəziyyətin daha da gərginləşməsinə yol açıb.

Buna paralel olaraq, İranın da Rusiyanın bölgəyə müdaxiləsindən həvəslənərək özünün minlərlə “könüllüsü”nü Əsəd tərəfində döyüşmək üçün Suriyaya göndərməsi bölgənin Tehran və Moskva tərəfindən faktiki olaraq işğal edilməsi kimi dəyərləndirilməkdədir. Vəziyyətin belə bir böhranlı həddə çatması isə, öz növbəsində, başda ABŞ və onun müttəfiqlərinin Rusiya və İranla Suriyada açıq hərbi qarşıdurmaya keçməsi barədə çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb olub. Bu müstəvidə də Rusiyanın Qərb tərəfindən dəstəklənən müxalifət mövqelərinə Latakiya, Hələb və Homs istiqamətlərində hava zərbələri endirməsi və eyni zamanda Əsədə məxsus hərbi birləşmələrin tərkibində olan yüzlərlə Rusiya xüsusi təyinatlısının və minlərlə İran əsgərinin birgə müxalifət güclərinin üzərinə hücuma keçməsi faktiki olaraq bölgədə supergüclər arasında yeni müharibə kimi dəyərləndirilir. ABŞ-ın və dünyanın tanınmış politoloqlarının da dedikləri kimi, Suriyanın faktiki olaraq Qərb və Rusiya üçün ikinci Əfqanıstana çevrilməsi, Soyuq müharibə başa çatandan sonra dünyanın yenidən bölüşdürülməsi uğrunda supergüclər arasında yeni müharibənin başlaması anlamına gəlir. Təsadüfi deyil ki, Qərb israrla Rusiyadan müxalifət güclərinin mövqelərini bombalamamağı tələb edir. Öz növbəsində, bununla bağlı ötən gün Rusiya Prezidenti bildirib ki, onlar ABŞ-dan müxalifət mövqelərinin koordinatlarını istəyiblər, ancaq qarşı tərəf bu tələbin qabağında susub. Putin: “Belə çıxır ki, onlar, ümumiyyətlə, müxalifət mövqelərinin koordinatlarını ya vermək istəmir, ya da bundan xəbərsizdirlər”,-deyib.

Ruslar itkilər verirlər

Rusiyanın hava əməliyyatlarına paralel olaraq, Suriyada Əsədin hərbi birləşmələri ilə birlikdə yerüstü hərbi əməliyyatlara başlaması bölgədə onların çoxlu sayda itkilər verməsi barədə Qərb mətbuatında informasiyaların yayılmasına səbəb olub. Bu müstəvidə də ötən gün Qərb mətbuatı Suriya Azadlıq Ordusunun səhra komandirlərinin, həmçinin döyüş bölgəsində olan bəzi kütləvi informasiya əməkdaşlarının verdikləri məlumata əsasən, Hələb, Latakiya və Homs ətrafında gedən yerüstü döyüşlərdə onlarla Rusiya tankının vurulduğu barədə məlumat yayıblar. Məlumatlara görə, Suriya müxalifətinin əlində çoxlu sayda ABŞ-dan alınan “BGM-71 TOW” tipli tank əleyhinə raketlər var. Suriya Azadlıq Ordusunun əlində böyük həcmdə Qərb istehsalı olan tank əleyhinə raketlərin olmasını mərkəzi Vaşinqtonda yerləşən Yaxın Şərq Siyasəti İnstitutunun (Institute for Near East Policy) aparıcı ekspertlərindən biri olan Ceff Uaytın açıqlaması da sübut etməkdədir. “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibəsində Ceff Uayt: “Bu müharibə bölgədə vəziyyətin arzuedilməz istiqamətdə inkişaf etməsi səbəbindən əmələ gəlib. İş orasındadır ki, üsyançıların əllərində çoxlu sayda raket əleyhinə raketlər var və onlar Rusiyanın yardımı ilə hücuma keçən Əsəd tanklarını məhv edirlər”,-deyib.

Bu arada isə ABŞ Prezidenti Barak Obama bildirib ki, ölkəsi Rusiya ilə açıq müharibəyə girmək istəmir. Obama: “Biz Rusiya ilə Suriya məsələsində razılığa gəlməyə hazırıq. Ancaq bir şərtimiz var: Rusiya Suriyada Əsədin hakimiyyətdən getməsinə və yeni hökumətin təşkil edilməsinə razılıq verməlidir. Əks halda, biz Əsədin hakimiyyətdən getməsi üçün səylərimizi davam etdirəcəyik”,-deyib.

Bu arada Rusiya aviasiyasının müxalifət mövqelərinə zərbələr endirməkdə davam etməsi buna qarşı üsyançıların hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsi məsələsini də gündəmə gətirib. Xatırladaq ki, vaxtilə ABŞ və onun müttəfiqləri SSRİ-nin Əfqanıstandakı hərbi aviasiyasının zərbələrinin qarşısını almaq üçün mücahidləri “Stinger” raketləri ilə təchiz etmişdilər. Bu da mücahidlər tərəfindən SSRİ-nin onlarla təyyarəsinin məhv edilməsinə və müharibənin sonuncuların xeyrinə başa çatmasında önəmli rol oynadı. Lakin sonralar mücahidlər həmin “Stinger” raketlərindən bu dəfə ABŞ və Qərb təyyarələrinə qarşı istifadə etməyə başladıqlarından Pentaqon çox çətinliklə onların böyük hissəsini müxtəlif yollarla mücahidlərin əlindən ala bildi. Bu baxımdan Rusiya hərbi aviasiyasının müxalifət mövqelərinə endirdiyi zərbələrin qarşısını almaq üçün ABŞ özünə loyal olan gücləri də analoji qaydada silahlandıra bilər. Lakin Qərb ölkələri və ABŞ bu addımı atmağa tələsmirlər. Çünki müxalifətin həmin raketlərdən ABŞ və onun müttəfiqi olan ölkələrə də qarşı istifadə edəcəyindən ehtiyat edirlər. Amma hadisələrin inkişafı göstərir ki, Rusiya və İranın Suriyaya təcavüzü genişlənməkdə davam edəcəyi təqdirdə, başda ABŞ olmaqla Qərb ölkələrinin müxalifətə hava hücumlarından müdafiə sistemləri verməkdən başqa çıxış yolları qalmayacaq.

ABŞ Rusiyanın hərbi əməkdaşlıq

təklifini rədd etdi

ABŞ-la Rusiya arasında Suriya məsələsinə görə gərginliyin durmadan artmaqda davam etdiyini və bunun qeyri-rəsmi şəkildə iki ölkə arasında yeni Soyuq müharibəyə apardığını Vaşinqtonun Moskvanın Suriyada hərbi əməkdaşlıq təklifini rədd etməsi də bir daha sübut etməkdədir. Belə ki, ötən gün ABŞ Baş Nazir Dmitri Medvedev başda olmaqla Suriya məsələsini müzakirə etmək üçün Vaşinqtona səfər etmək istəyən Rusiya nümayəndə heyətini ölkəsinə buraxmayıb. Məsələ ilə bağlı mətbuata açıqlama verən Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest: “Rusiya Suriyaya hərbçilərini göndərməklə hansı vəziyyətlə üzləşə biləcəyini dərk etməyə başlayıb. Bu məsələdə Putin bizə hərbi əməkdaşlq təklif etməklə Suriyaya təktərəfli müdaxiləsinə dəstək almağa cəhd edir. ABŞ isə heç vaxt buna getməyəcək”,-deyib.

Bununla belə, Coş Ernest ABŞ-ın Suriyada Rusiya ilə hərbi əməkdaşlıqda maraqlı olduğunu, ancaq Putinin İŞİD-lə mübarizə pərdəsi adı altında Əsədi dəstəkləməkdə və müxalifət mövqelərini bombardman etməsi nəticəsində bu sahədə birgə hərəkət etməyin mümkün olmadığını vurğulayıb.

Bu arada ABŞ üsyançılar üçün 50 ton atıcı silah və hərbi sursat göndərib. Hərbi sursat havadan Suriya müxalifətinin olduğu mövqelərə atılıb. Bu barədə məlumat verən ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Stiv Uorren: “Bu silahlar İŞİD üçün vuruşan müxalifət gücləri üçün nəzərdə tutulub”,- deyib.

Səudiyyə Ərəbistanından Rusiyaya neft zərbəsi

Rusiyanın Əsəd rejiminə açıq şəkildə hərbi dəstək verməsi Səudiyyə Ərəbistanında birmənalı qarşılanmayıb. Ötən həftə bir qrup ərəb dövləti ilə birgə Rusiyaya qarşı Suriyada cihad elan edən Səudiyyə Ərəbistanı rəhbərliyi bu dəfə iqtisadi sahədə Moskvanı Avropadan sıxışdırıb çıxarmaq, onun Qərbə neft satışını blokadaya almaq üçün hərəkətə keçib. Bu çərçivədə də ötən gün Səudiyyə Ərəbistanı rəhbərliyi bildirib ki, Avropanın Rusiya neftindən asılılığına son qoymaq üçün Qərb bazarına min tonlarla əlavə neft göndərmək niyyətindədir. Artıq bu istiqamətdə müvafiq addımlar atmağa başlayan Səudiyyə Ərəbistanı Polşa ilə onun ildə 20 milyon ton neftə olan tələbatını ödəmək üçün hərəkətə keçib. Bu məqsədlə Səudiyyə Ərəbistanının neft ilə dolu ilk tankerlər, Polşaya istiqamət götürüb. Xatırladaq ki, Polşa Rusiyanın Avropaya satdığı 100 milyon ton neftin beş də birini (təxminən 20 milyon ton) alır. Səudiyyə Ərəbistanı eyni zamanda Rusiya neftini almağa məcbur olan digər Avropa ölkələrinin də ehtiyacını ödəməyə hazır olduğunu bəyan edib. Səudiyyə Ərəbistanının bu addımı, öz növbəsində, Rusiyada həyəcanla qarşılanıb. Rusiya energetika naziri Aleksandr Novak mətbuata verdiyi son açıqlamasında: “Əgər Səudiyyə Ərəbistanı neft satışı üzrə Qərb bazarını ələ keçirsə, onda bu bizə yaxşı heç nə vəd etməyəcək. Qərb bazarını itirmək Rusiya üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər”,-deyib.

O, Rusiyanın xaricə satdığı neftin 40 faizinin Avropanın payına düşdüyünü və ucuz Səudiyyə Ərəbistanı neftinin Avropa bazarını işğal etməsinin neftin qiymətinin azı iki dəfə düşürəcəyini və ölkəsinin bundan itkilərinin daha çox olacağını qeyd edib. Bununla belə, Novak oktyabrın 21-də neft ixrac edən ölkələrin (OPEK) Vyanada keçiriləcək toplantısına bu quruma üzv olmayan Azərbaycanın, Rusiyanın, Qazaxıstanın və digər neft istehsalçısı olan ölkələrin nümayəndələrinin də dəvət edildiyini və toplantıda neftin qiymətinin qalxmasına yardım edəcək qərarın qəbul ediləcəyinə ümid etdiyini vurğulayıb. Novak Rusiyanın toplantıda neft istehsalını azaltmaqla onun qiymətinin qalxmasına yönələn qərarlar qəbul edilməsi üçün təşəbbüslə çıxış edəcəyini vurğulayıb. Lakin çətin ki, Rusiya bu yolla neft satışı üzrə Qərb bazarını qoruyub saxlaya bilsin. Çünki hazırda OPEK üzvü olan ərəb ölkələrinin əksəriyyəti Suriya məsələsinə görə Rusiyaya münasibətdə qarşıdurma yolu seçiblər. Bu isə Rusiyaya yaxşı heç nə vəd etmir.

Beləliklə, Rusiya ilə Qərb arasında qarşıdurma yeni gərginlik müstəvisinə keçirilməkdədir. Bu qarşıdurma isə Suriyada yeni təcavüzkarlıq planlarını işə salan Rusiya üçün yeni təhlükələr doğurmaqdadır. Hadisələr belə bir istiqamətdə inkişaf edəcəyi təqdirdə, Suriyanın Kreml üçün ikinci Əfqanıstana çevriləcəyi və Rusiyanın SSRİ-nin taleyini yaşayacağı ehtimal edilir.