Suriya ətrafında yeni “Karib böhranı”

0
657

Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Əsəd əleyhidarı güclərə aviazərbələr endirilməsinə başlanılandan sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Faktiki olaraq, Rusiya Krımın işğalını həyata keçirdikdən sonra beynəlxalq aləmə meydan oxumaq və güc nümayiş etdirmək siyasətindən əl çəkmək niyyətində olmadığını nümayiş etdirən, sonu bölgəni hansı fəlakətlərə sürükləyəcəyi məlum olmayan təhlükəli bir hərbi avantüraya əl atıb. Özü də Putin Suriyada hərbi əməliyyatlara Nyu-Yorkda ABŞ Prezidenti Barak Obama ilə görüşdən sonra başlayıb. Halbuki Obama Putinlə görüşündə Rusiyanın Suriyaya hərbi aviasiya göndərməsindən narahat olduğunu bildirmişdi. Buna da səbəb Putinin İŞİD-lə mübarizə pərdəsi altında ABŞ tərəfindən dəstəklənən və hərbi təlim keçirilən müxalifət güclərinin mövqelərini bombalaması təhlükəsi idi. Bu təhlükə isə özünü doğruldub. Belə ki, Rusiya hərbi aviasiyası məhz ABŞ tərəfindən dəstəklənən və təlim keçilən müxalifət güclərinin mövqelərini bombalayıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Əsəd Rusiyadan ona hərbi yardım göstərməsini xahiş etmişdi. Bundan az sonra isə Rusiya Federasiya Şurası ölkənin hərbi qüvvələrindən xaricdəki əməliyyatlarda istifadə edilməsinə barədə razılıq vermişdi. Məhz Rusiya Federasiya Şurasının qəbul etdiyi bu qərardan 3-4 saat sonra Rusiya hərbi aviasiyası

Homs və Hamaya bomba zərbələri endirib. Hava zərbəsinə məruz qalan bölgələrdən gələn son xəbərlərə görə, bombardman zamanı dinc əhali arasında çoxlu sayda ölənlər var. Bundan əlavə, bir sıra xarici ölkə agentliklərinin verdikləri məlumatlara görə, Rusiya hərbi aviasiyasının hədəfi heç də İŞİD olmayıb. Bu zərbələr yuxarıda qeyd edildiyi kimi, ABŞ tərəfindən dəstəklənən müxalif güclərin nəzarəti altında olan şəhərə, özü də dünc əhali üzərinə endirilib. Nəticədə 40-a yaxın dinc sakinin öldüyü, yüzlərlə insanın isə yaralandığı bölgədən gələn məlumatlar arasındadır. ABŞ-ın müdafiə naziri Eşton Karter də Rusiyanın Suriyada vurduğu ərazilərdə İŞİD güclərinin olmadığını deyib. Onu da deyək ki, müxalif güclərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirilməzdən əvvəl Rusiyanın Bağdaddakı rəsmi nümayəndəsi ABŞ Səfirliyinə müraciət edərək, bu əməliyyatlar zamanı Amerika təyyarələrinin Suriya hava məkanından uzaq durmasını təklif edib. Ancaq Vaşinqton bu təklifə məhəl qoymayıb. Bu arada isə məlum olub ki, müxalif gücləri bombardmanda iştirak Rusiya hərbi hava qüvvələrinə aid olan 3 təyyarəni vurublar.

Bəşər Əsəd rejiminə qarşı vuruşan “Şam cəbhəsi”nin səhra komandirlərindən olan Məhəmməd əl-Gabi Rusiyanın ilk olaraq, Xama çölünün şimalında Azad Suriya Ordusuna bağlı “İz” adlı qrupun qərargahını vurduğunu deyib: “Həmin qərargahın üzərində Azad Suriya Ordusunun bayrağı var idi, amma buna baxmayaraq, qərargah vurulub. Rusiyaya görə, Əsədə qarşı silah çəkən hər kəs terrorçudur. Biz Azad Suriya Ordusu olaraq, bizimlə döyüşməyə gələn hər kəslə döyüşəcəyik. Rusiyanı bu andan etibarən işğalçı güc olaraq görürük”.

Türkman komandir Əhməd Alban Rusiyanın Lazikiya şəhərinə çox sayda hərbçi gətirdiyini bildirib. Onun sözlərinə görə, Rusiya tərəfindən bu şəhərə hər gün 5 yük təyyarəsi hərbçi, silah və sursat gətirilir: “Çox güclü toplar gətirilib. Rusiyanın silah daşımasından sonra topun səsi də dəyişib. Əsəddən müdafiə etdiyimiz torpaqları Rusiyadan da müdafiə edəcəyik”.

Rusiyanın İŞİD-lə döyüşmədiyini deyən Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) sədri Xalid Xoca isə bildirib ki, Rusiya Suriyanın yalnız 14 faizinə nəzarət edən və legitimliyini itirən rejimə dəstək vermək üçün Suriyadadır. Azad Suriya Ordusunun 70 min döyüşçüsünün olduğunu dilə gətirən SMDK-nin sədri aviasiya zərbələrinə məruz qalmasa, rejimi məğlub edə biləcəklərini vurğulayıb.

Rusiya Suriyaya əlavə hərbi qüvvələr göndərir

Dünən Rusiya xüsusi təyinatlı güclərinin və Hərbi Desant Qoşunlarının 7-ci desant-hücum diviziyasının Suriyaya göndərildiyi məlum olub. Onların müxalifət güclərinə qarşı keçiriləcək hərbi əməliyyatlarda iştirak edəcəyi gözlənilir. Buna paralel olaraq, dünəndən etibarən Rusiyanın Qara Dəniz Donanmasının Aralıq dənizindəki nəhəng desant gəmilərində yerləşdirilmiş dəniz piyadaları bölüyü Suriyanın Latakiya və Tartus şəhərlərindəki bazalarının mühafizəsinə cəlb olunub. Bununla da Suriyadakı Rusiyaya məxsus canlı hərbi qüvvənin sayının 5 min nəfərə çatdığı barədə məlumatlar yayılıb. Ancaq qeyri-rəsmi məlumatlara görə, hazırda Suriyada Rusiyanın 10 min nəfərdən artıq canlı qüvvəsi var.

Xatırladaq ki, Rusiyanın “Korolyov” və “Aleksandr Otrakovski” desant gəmiləri bir müddət əvvəl Aralıq dənizi sularına daxil olub.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, Suriyada Rusiyanın 40-a yaxın hərbi təyyarəsi var. Onların arasında 18 ədəd “Su-24” və “Su-34” qırıcı bombardmançı təyyarəsi, 12 ədəd qırıcı “Su-25” təyyarəsi və 5 ədəd çoxfunksiyalı “Su-30 SM” qırıcısı var. Bundan əlavə, Rusiyaya məxsus daha 5 ədəd müxtəlif təyinatlı hərbi təyyarənin də Suriyada cəmləşdirildiyi bildirilir. Rusiya Müdafiə Nazirliyindəki mənbələrin də bildirdiyinə görə, Suriyanın Latakiya şəhəri yaxınlığındakı Hmeyim aerodromunda “Su-24M” və “Su-34” bombardmançılarından, “Su-25SM” hücumçularından və “Su-30SM” çoxməqsədli qırıcılarından, habelə “”Mi-24” zərbə vertolyotlarından və “Mi-8” çoxməqsədli döyüş vertolyotundan ibarət qarışıq aviaqruplaşma formalaşdırılıb.

NATO narahatdır

Rusiya hərbi qırıcı təyyarələrinin və xüsusi təyinatlılarının Suriyaya göndərilməsi NATO-da narahatlıqla qarşılanıb. Bunu ötən gün Vaşinqtondakı Marşall Fondunda Şimali Atlantika Alyansına daxil olan ölkələrin silahlı qüvvələrinin baş komandanları qarşısında çıxış edən ABŞ generalı Filip Bridlavın dedikləri də sübut edir. Filip Bridlav: “Rusiyanın Suriyaya hərbi aviasiya və canlı qüvvə göndərməsi bölgədə təhlükəli vəziyyət əmələ gətirib. Biz bununla barışa bilməyəcəyik. Rusiya Avropa və dünya üçün yenidən təhlükə mənbəyinə çevrilib. Biz Rusiyadan gələn təhlükəyə qarşı ciddi hazırlaşmalı, buna qarşı sərt cavab tədbirləri həyata keçirməliyik”,-deyib.

Hərbi ekspertlərin fikrincə, NATO Rusiyadan gələn təhlükəyə qarşı yaxın gələcəkdə Gürcüstanı və Ukraynanı öz sıralarına qəbul edərək, adıçəkilən ölkələrdə özünün hərbi bazalarını yerləşdirə bilər. Bu isə NATO-nun Rusiya sərhədlərinə daha da yaxınlaşması və onun strateji obyektləri üçün ciddi təhlükə törədə bilməsi anlamına gəlir. Necə deyərlər, hərbi ekspertlər Suriyaya hərbi qüvvələr göndərilməsinin Rusiyaya baha başa gələ biləcəyi qənaətindədirlər. Şübhəsiz ki, Rusiyada da bunu yaxşı anlayırlar. Ancaq Karnegi Fondunun tanınmış eksperti Aleksey Malaşenkonun ehtimalına görə, Putin Obamanın zəifliyinə və Rusiyaya qarşı daha sərt addımları atmağa cəsarət edə bilməyəcəyinə əmindir. Hər halda Malaşenkonun dediklərində qismən də olsa həqiqət var. Belə ki, bu günə kimi Obama Rusiyanın Gürcüstan ərazilərini, Krımı işğalına, həmçinin Bəşər Əsədin dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsinə və bu müstəvidə Moskvadan gələn hərbi təhlükəyə qarşı hər hansı cavab tədbiri həyata keçirə bilməyib.

Suriyada Qərbə qarşı İran-Rusiya hərbi ittifaqı

Rusiya Suriyaya hərbi qüvvə göndərməzdən əvvəl İranla bu məsələni müzakirə edib. Bununla bağlı Avropanın, eləcə də Rusiyanın kütləvi informasiya vasitələrində gedən məlumatlara görə, İran və Rusiya hərbi qərargah rəisləri Suriyadakı hərbi əməliyyatlarda birgə iştirak etmək barədə razılığa gəliblər. Razılığa əsasən, tərəflər Əsəd əleyhdarı güclərə qarşı birgə hərbi əməliyyatlarda iştirak edəcəklər. Qərb mətbuatının yazdığına görə, hazırda Suriyada İranın təxminən 15-20 min nəfər xüsusi təyinatlısı var. Bu isə o deməkdir ki, faktiki olaraq bu gün Əsəd rejimini Rusiya və İran hərbi gücləri müdafiə edirlər. Bu baxımdan ABŞ və onun müttəfiqləri Suriyada “Karib böhranı”nı xatırladan vəziyyətlə üzləşiblər. O vaxt ABŞ və SSRİ “Karib böhranı”ndan çıxış üçün yollar axtarıb tapa bilmişdilər. Bu dəfə Qərbin Suriyada yeni “Karib böhranı”ndan necə çıxa biləcəyi məlum deyil…