Suqovuşanın işğaldan azad edilməsindən bir il ötür

23

Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Axşam saatlarında Prezident İlham Əliyev bu xoş xəbəri tviter səhifəsindən xalqımıza çatdırdı: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısı həmin gün daha bir paylaşım etdi: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!”. Beləliklə, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan Vətən müharibəsinin yeddinci günündə azadlığına qovuşdu. İşğaldan azad edilmiş digər yaşayış məntəqələrimiz kimi, Suqovuşanın da yeni – azad, işıqlı günləri başlandı.

Suqovuşana həyat yenidən qayıdır

Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu Zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.

Qarabağımızın digər guşələri kimi, Suqovuşana da həyat yenidən qayıdır. Kənd işğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verildi. İlk olaraq ərazinin mina və partlamamış sursatlardan təmizlənməsinə başlanıldı. Qısa vaxtda uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan -Talış avtomobil yolu ikinci texniki dərəcəyə uyğun yenidən quruldu. Suqovuşana 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkildi, kəndin daxili şəbəkəsində 0,4 kV hava xətləri bərpa edildi. Kənd elektrik enerjisi ilə təmin olundu. Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında təmir-bərpa işləri aparıldı. Tərtər və ətraf rayonların suvarma suyu ilə təmin olunmasında mühüm əhəmiyyətə malik Suqovuşan su anbarında təmir işlərinə başlanıldı.

Susuz qalan torpaqlar yenidən canlanır

1976-cı ildə istismara verilən Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulub. 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bundan başqa suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşanın işğaldan azad olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb.

Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır susuz qalan torpaqlara yeni həyat gəlib.

Suqovuşanın turizm potensialı böyükdür

İşğaldan azad edilən Suqovuşan kəndi turizm potensialı ilə seçilən ərazilərimizdəndir. Kəndin saf dağ iqlimi, gözəl təbiət mənzərələri, Tərtərçayın kənarında yerləşməsi, tarixi abidələri, su anbarı burada turizmin inkişafı üçün çox əlverişlidir. Sadaladığımız bu amillər, eyni zamanda, kənddə infrastrukturun yenidən qurulması Suqovuşanın turizm məkanı kimi də şöhrət tapacağına zəmin yaradır. azərtac