Süpürgə yığıb satmaqla ailələrini dolandırırlar

635

Yabanı şəkildə bitən süpürgə kollarına əsasən kənd ərazilərinin otlaq sahələrində, meşələrdə, çöllük ərazilərdə rast gəlinir. Bu bitkinin hazırda yetişmiş vaxtıdır. Yəni yığım mövsümü başlayıb. Avqustun sonlarından başlayan mövsüm oktyabr ayına qədər davam edir. Kəndlərdə əsrlərdir bu adət-ənənə davam edir, yəni insanlar süpürgəni yığır, həyət süpürmək üçün istifadə edirlər. Hazırda əsasən yeniyetmələr bu kolların yığımına həvəs göstərirlər. Kənd yerlərində deyirlər ki, bu, asudə vaxtlarını keçirmək istəyən yeniyetmələr üçün həm əyləncədir, həm də qazanc yeridir. Ötən illərlə müqayisədə bu işlə məşğul olanların sayı artıb. Süpürgə kol şəklində bitir. Onu əllə yığıb dəstələyirlər. Bundan sonra dənə-dənə üst-üstə qoyulur və 2-3 yerdən ya iplə, ya da məftillə bağlanır. Süpürgə kolları yığmaqla məşğul olan kənd sakinləri onun bir dənəsini 50-60 qəpiyə satırlar. Bazarlarda isə süpürgə daha baha – 1 manat, 1 manat 20 qəpiyə satılır. Qışda isə qiymət daha baha olur. Süpürgəni növbəti mövsümə qədər saxlamaq mümkündür, korlanmır.
Kənd yerlərində yaşayanlar deyirlər ki, süpürgə kollarına tələbat hələ də yüksəkdir. Əsas alıcılar isə həyət evində yaşayan ailələr, sanitar-təmizlik idarələri, hətta balıqçılardır.
Məsələn, onun çiçəyinə arılar gəlir, suya qoyulduqda isə üzərinə balıqlar kürü tökürlər.
Yevlax sakini Tanrıverdi İmamverdiyev deyir ki, süpürgə yığımı gələndə ailəliklə çöldən bu süpürgəni yığıb sataraq ehtiyaclarını qarşılayırlar: “Bəlkə də çoxlarına rahat iş kimi görünür, amma elə deyil. Həm zəhmət tələb edir, həm də səbir. Çox adamlar olub ki, bizim kimi süpürgə yığıb satmaq istəyiblər, amma səbirləri çatmayıb. İlan vurma ehtimalı da var. Çünki sıx otların arasında əlini uzadıb gərək süpürgəni lap dibdən qırasan. Həmin yerdə ilan varsa, vura bilər. Odur ki, həm də ehtiyatlı olmalısan”.
T. İmamverdiyevin sözlərinə görə, süpürgəni yığıb bu ildən gələn ilə saxlamaq mümkün olduğundan onun xarab olma ehtimalı azdır: “Qışda süpürgə baha qiymətə satılır. Adam var ki, yığım mövsümündə satmır, saxlayır qışa. Amma bizim elə imkanımız yoxdur. Satıb gündəlik çörəkpulumuzu çıxarmağa çalışırıq”. Esmira Hidayətova, Yevlax